Məlum olduğu kimi, düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda uğurlu döyüş əməliyyatları davam edir. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatının qarşısını alan Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçib. Nəticədə bir sıra yaşayış məntəqələri, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib. Bununla belə, ərazilərimizin işğaldan azad edilməsi prosesi davam edir.
Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, məlum döyüşlərlə əlaqədar dünyanın aparıcı KİV-i Azərbaycanla bağlı hadisələrə fövqəladə maraq göstərir. Əsasən də Prezident İlham Əliyevin fikirlərinə xüsusi önəm verilir. Ölkə başçısı dünyanın bir sıra aparıcı telekanallarına müsahibələr verib. Belə ki, Rusiya, Türkiyə, ərəb və başqa ölkələrin telekanallarına müsahibə verən ölkə başçısı Ermənistanın apardığı işğalçılıq siyasətini, Baş nazir Nikol Paşinyanın danışıqların pozulmasına yönəlik pozucu fəaliyyətini ifşa edib. Prezidentin bu yöndə səsləndirdiyi fikirlər maraqla izlənir.
Ancaq maraqlıdır ki, Ermənistana münasibətdə dünya KİV-i əsasən soyuq davranır. Daha çox Paşinyanı dolamaq lazım gələndə ondan müsahibə götürürlər. Çox vaxt Paşinyan müsahibə verəndə çıxılmaz vəziyyətə düşür. BBC telekanalına verdiyi sonuncu müsahibə buna əyani sübutdur. Digər tərəfdən, gör vəziyyət nə yerə gəlib çatıb ki, Putinin Paşinyanın telefonuna cavab verməməsi Rusiyanın dövlət kanalına çıxarılır. Bir növ, bununla Paşinyanı aşağılayırlar ki, sənin zənglərin bizim üçün əhəmiyyətsizdir.
Bütün bunlarla yanaşı, dünyanın aparıcı KİV-inin Azərbaycanla bağlı hadisələrə fövqəladə maraq göstərməsini ekspertlər necə dəyərləndirirlər?
“Ölkə Prezidenti informasiya cəbhəsində bir nömrəli savaşçıdır”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Azər Həsrət dünyanın aparıcı media orqanlarının Azərbaycana xüsusu maraq göstərməsini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla Azərbaycan 27 il əvvəl BMT tərəfindən qəbul edilən qətnamələrin icrasını həyata keçirir. Çünki aradan keçən 27 il ərzində Ermənistan bu qətnamələrə əməl etmədi. İkincisi, Azərbaycan dünya üçün çox maraqlı və gərəkli ölkədir. Xüsusən də Avropa üçün. Çünki Azərbaycan Avropanın enerji təchizatında çox ciddi alternativ təşkil edir. Avropa, faktiki olaraq, çox ciddi şəkildə Azərbaycana ehtiyac duyur. Üçüncüsü, Azərbaycan, ümumiyyətlə, haqq işi uğrunda mübarizə aparır. Nəzərə almaq lazımdır ki, Silahlı Qüvvələrimiz hansısa ölkənin ərazisində yox, öz ərazimizdə əməliyyat aparır. Biz öz torpaqlarımızı işğaldan azad edirik. Ona görə də dünyanın aparıcı KİV-i məhz Azərbaycana xüsusi önəm verir. Bütün bunların fövqündə, Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Həqiqətən də 27 sentyabrdan üzü bəri Azərbaycan Prezidenti informasiya cəbhəsində bir nömrəli savaşçıdır. Dövlət başçısı şəxsən özü sosial medianın gücündən çox geniş və effektiv istifadə edir. Eyni zamanda, dünyanın aparıcı KİV-i ona maraq göstərir. “Euronews” televiziyası, Rusiya və Türkiyənin ayrı-ayrı telekanalları Prezidentlə müsahibələrə xüsusi önəm verirlər. O cümlədən, aparıcı ərəb telekanalları. Bütün bunlar həm də ondan qaynaqlanır ki, Azərbaycan Prezidenti hər zaman media üçün arzuolunan bir liderdir. Paşinyan isə nə rus, nə də ingilis dilində mükəmməl danışa bilir. O cümlədən, bu şəxs, ümumiyyətlə, heç özünü ifadə edə bilmir. O üzdən, belə bir şəxs xarici media üçün ümumən maraqlı ola bilməz”.
Media eksperti hesab edir ki, bütün bunlar dünya informasiya məkanında bizim xeyrimizə işləyir.
Vidadi ORDAHALLI