Azərbaycan ordusunun uğurlu əks hücumları ilə sarsılan Ermənistan bütün cəbhəboyu ciddi itkilər verir. Düşmən bu vaxta kimi istər canlı qüvvə, istərsə də hərbi texnika sarıdan çoxsaylı itki verib. Bu şəraitdə canlı qüvvə itkisini kompensasiya etmək üçün Ermənistan muzdlu döyüşçülər, terrorçularla işbirliyini genişləndirir. Məhz Ermənistan sayəsində indi də terrorçuların regiona axını davam edir.
Xatırladaq ki, qeyd edilən məsələyə Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində xüsusi toxunub: "Ermənistanda terror təşkilatlarının düşərgələrinin mövcudluğu barədə məlumatlar bizdə əvvəldən də olub. İlk növbədə, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi. Bizdə artıq yeni kəşfiyyat məlumatları, onların danışıqları, onların təmasları haqqında sənədlər və audioməlumat var. Bu bizdə heç bir şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir. Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarla terror aktı törədilmişdir - metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir. Fransa aeroportunda 1980-ci illərdə terror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonra sərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olan məlumata görə, bəzi Yaxın Şərq ölkələrindən, orada yaşayan ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar”.
Xatırladaq ki, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti Ermənistan ordusunun tərəfində hazırda Qarabağda döyüşən PKK terrorçularının radio danışıqlarını yayıb. Burada səslənən məlumatlardan bəlli olur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir. DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər. Ankara-Rusiya Araşdırmaları İnstitutunun rəhbəri Salih Yılmaz da ermənilərin bu hərəkətlərinin ciddi təhlükəyə yol açdığını bildirir. Ən azı o baxımdan ki, bu hal regionu yeni terror mərkəzinə çevirir: “PKK-PYD üzvləri və muzdlu əsgərlər Dağlıq Qarabağa gətirilir və onlar Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşurlar. Bu iddia deyil, həqiqətdir. Ermənistan əvvəl də Suriya və Livanda yaşayan erməniləri qanunsuz olaraq Dağlıq Qarabağa köçürüb. Ermənistan bunu ört-basdır etmək üçün, guya Azərbaycanın Suriyadan muzdlu əsgərlər gətirdiyi təbliğatını aparırdı. Lakin bu “təbliğatın” ermənilərə heç bir faydası olmayacaq. Əgər Ermənistanın Azərbaycanın işğal altında olan torpaqlarında terrorçuları yerləşdirməsi sübuta yetirilərsə, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında iddia qaldırıla bilər. Hətta Azərbaycan məsələ ilə bağlı BMT-dən araşdırma missiyasının yaradılmasını istəyə bilər. Bu təsdiq ediləcəyi təqdirdə isə Ermənistana qarşı silah embarqosunun yolu açıla bilər”. Onun sözlərinə görə, Türkiyə və Azərbaycana düşmən olan kim varsa, Ermənistan onlarla əməkdaşlıq edir. Yılmaz Ermənistan ordusunun Azərbaycanın şəhər və rayonlarını atəşə tutaraq mülki əhaliyə hücum etdiyini və bununla da müharibə cinayətləri törətdiyini vurğulayıb: “Azərbaycan bu hücumları sənədləşdirərək BMT-yə təqdim etməlidir. Bundan zərərçəkən insanlar təzminat almaq üçün beynəlxalq məhkəmələrə müraciət edə bilərlər. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri raket zərbələrinin onun əmri ilə endirildiyini mətbuat vasitəsilə açıqlayıb. Bosniya və Herseqovinada, Suriyada bir çox dövlət rəsmisi və komandirlər mühakimə olunub və cəzalarını alıblar. Hətta Azərbaycan Dağlıq Qarabağda döyüşən erməni komandirləri “İnterpol” xətti ilə axtarışa da verə bilər”.
Türkiyəli ekspert qeyd edib ki, Ermənistanın Azərbaycanla apardığı müharibə baş nazir Nikol Paşinyanın əsasən iqtisadi böhrandan və “Qarabağ klanı”nın liderləri Köçəryan və Sarkisyandan xilas olmaq planının bir parçasıdır: “Paşinyan müharibə üzərindən iqtisadi yardım əldə etmək istəyir. Bu böhrandan ən böyük zərəri isə Rusiya və Türkiyənin görəcəyini düşünüb hərəkət edir. Nəticədə Paşinyan Soros fondu və ABŞ-ın dəstəyi ilə hakimiyyət başına gəlib. Paşinyan Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə Ermənistan-Azərbaycan müharibəsini səlib yürüşlərinə bənzədərək, Qərblə Şərq arasında özünü bir qalxan olaraq göstərməyə çalışdı. ABŞ-da yaxın zamanda seçkilərin keçiriləcəyini nəzərə alsaq, Paşinyanın ABŞ-dan yardım almaq məqsədilə bu müharibəyə başladığını deyə bilərik. Erməni diasporu ABŞ-da çox güclüdür. Əslində bu, Paşinyanın hiyləgər siyasətidir. Fransa iləTürkiyə arasında Liviya və Şərqi Aralıq dənizində rəqabət var. Türkiyəni Liviya və Şərqi Aralıq dənizində çətin vəziyyətə salmaq üçün Fransa Ermənistanın müharibəyə başlamasına dəstək verə bilər. Türkiyənin diqqətini Liviya və Şərqi Aralıq dənizindən yayındırmaq istəyirlər”. Hazırda Ermənistan terroçuları və muzdluları “könüllü dəstələr” adı ilə təqdim edir. Lakin faktlar göstərir ki, Ermənistanda Dağlıq Qarabağda könüllü döyüşmək istəyən, demək olar ki, yoxdur. Bu fonda düşmənin bütün ümidi terrorçulara qalıb.
Nahid SALAYEV