İşğalçı Ermənistan vətəndaşlarının, xüsusən də gənclərin könüllü şəkildə orduya getməkdən boyun qaçırdığı məlumdur. Onu da bilirik ki, erməni valideynlər, əsasən də analar övladlarının işğalçı orduda xidmət etməsinin əleyhinə çıxırlar. Anaların qarşısında aciz qalan bu ölkənin Baş naziri Nikol Paşinyan isə gəncləri zorla, müxtəlif hədələrlə, təpkilərlə orduya cəlb edir. Onun bu davranışları da Ermənistan cəmiyyətində, mətbuatında ciddi tənqid edilir. Bəyanatlar səsləndirilir ki, Dağlıq Qarabağın bizə nə aidiyyəti var, bizim övladlarımızı niyə müharibəyə aparırsan?
Bildiyimiz kimi, Paşinyan Ermənistanda ən azı üç dəfə hərbi səfərbərlik elan edib. Düşmən ölkənin Baş naziri sentyabrın 27-də, oktyabrın 5-də elan etdiyi səfərbərlikdən heç bir nəticə əldə edə bilmədiyi üçün, məlumatlara görə, oktyabrın 7-də yenidən hərbi səfərbərlik elan edib. O, Ermənistan vətəndaşlarını hərbi komissarlığa toplaşmağa çağırıb. Lakin, göründüyü kimi, Paşinyanın çağırışlarına ölkəsində heç bir əhəmiyyət verilmir və onun istənilən çağırışı qulaqardına vurulur.
Paşinyanı son 10 gündə üçüncü dəfə hərbi səfərbərlik elan etməyə nə vadar edir?
“Bu onu göstərir ki, Ermənistan vətəndaşları, xüsusən də gənclər işğalçı ordunun sıralarında xidmət etmək istəmirlər”
Tanınmış hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, Paşinyanın sentyabrın 27-dən indiyə kimi üç dəfə hərbi səfərbərlik elan etməsinin səbəbi Ermənistan vətəndaşlarının müharibəyə getmək istəməməsidir. “Bu onu göstərir ki, Ermənistan vətəndaşları, xüsusən də gənclər işğalçı ordunun sıralarında xidmət etmək istəmirlər. Bu fakt qarşısında Paşinyan çox pis vəziyyətə düşüb. Paşinyan indiyə qədər bir neçə dəfə hərbi səfərbərlik elan etsə də, könüllü şəkildə bir nəfəri belə orduya cəlb edə bilməyib. Xalq qarşısında gücsüzlüyünü ört-basdır etmək istəyən Paşinyan güc qüvvələrinə, polisə göstəriş verir ki, orduya yazılmaq istəməyən gəncləri hədə-qorxu yolu ilə hərbi komissarlığa gətirsin, etiraz edənlərə qarşı isə müxtəlif cəza tədbirləri görülsün. Paşinyan nəinki üç dəfə, 10 dəfə də hərbi səfərbərlik elan edib erməni cəmiyyətinə çağırış etsə də, çağırışının faydası olmayacaq. Ermənistan əsgəri Qarabağa ona görə gəlmək istəmir ki, onun qarşısına hər cəhətdən ondan üstün olan Azərbaycan əsgəri çıxacaq. Eyni zamanda, Ermənistan əsgərinin Azərbaycan torpaqlarında nə işi var? Müharibə Azərbaycan ərazisində gedir. Bunu Paşinyan, nəhayət ki, anlamalıdır və ermənilərdən əl çəkməli, öz məğlubiyyətini etiraf etməli, terrorçu qoşunlarını torpaqlarımızdan çıxarmalıdır. Bu gün Ermənistan gəncinin, əsgərinin mənəvi-psixoloji durumu çox bərbad vəziyyətdədir, onlar əllərinə silah alıb özlərinin olmayan torpaqlar uğrunda döyüşməkdən imtina edirlər. Bu gün Paşinyan sadə, kasıb, bir parça çörəyə möhtac erməni ailələrinin övladlarını müharibəyə aparmaq istəyir. Amma öz oğlu Aşot Qarabağda xidmət etməkdən imtina edib, gəlib evində oturur. Vaxtilə həmin Aşot ata-anası ilə Qarabağda poz verib şəkil çəkdirirdi, müharibə başlayan kimi isə gizləndi. Camaatı da hiddətləndirən budur ki, Paşinyanın oğlu evdə oturub, kef çəkir, kasıb balaları işğalçı ordunun sıralarına çağırılır. Paşinyan nə qədər çağırış etsə də, erməni çəmiyyəti onun səsinə səs verməyəcək”.
İ.Rüstəmlinin sözlərinə görə, Ermənistan vətəndaşını, əsgərini Qarabağa bağlayan heç bir tel, bağ olmadığı üçün, onlar həmişə bu torpaqda özlərini qonaq kimi hiss ediblər. “Ermənistan ordusu həmişə əsgər çatışmazlığından ciddi əziyyət çəkib, ordunun komplektləşdirilməsi məsələsində ciddi problemlərlə üz-üzə qalıb. Bunun da əsas səbəbi Ermənistan əhalisinin öz övladlarını Qarabağa - onlar üçün yad olan torpaqlara göndərməməsidir. Nəinki indi, hətta atəşkəs dövründə Ermənistanda elə çağırış kampaniyası olub ki, bir nəfər də olsa erməni gənc orduya qatılmayıb, yəni çağırışçı hərbi komissarlığa gəlməyib. Ona görə də Paşinyanın dövründə olduğu kimi, keçmiş rəhbərliyin zamanında da Ermənistanda bununla bağlı həyəcan təbili çalıblar.
İ.Rüstəmli qeyd etdi ki, Azərbaycan əsgərini Ermənistan əsgərindən fərqləndirən ən mühüm cəhət onun öz torpaqlarını işğalçı ordunun tapdağından azad etməsi uğrunda apardığı mübarizədir. “Bu gün Azərbaycanda 100 minlərlə gənc Azərbaycan Ordusuna könüllü yazılıb, bir o qədər və ondan artıq gənc də yazılmaq istəyir. Hələ Ali Baş Komandan ölkəmizdə qismən hərbi səfərbərlik elan edib, amma görün nə qədər könüllümüz var. Biz ordumuzla, əsgərlərimizlə fəxr edirik, onlar bizim qürurumuzdur. Mən bir ordu mənsubu kimi, Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlanmasına əmr verdiyinə görə Ali Baş Komandana və tapşırıqları qüsursuz yerinə yetirən Azərbaycan Ordusuna, əsgərinə təşəkkür edirəm. Ermənistan Azərbaycan Ordusunun qarşısında aciz durumdadır. Azərbaycanın öz ərazimizdə əks-hücum əməliyyatlarını, antiterror işlərini davam etdirməsi Ermənistan ordusunun acınacaqlı duruma düşdüyünü bir daha göstərdi. Hesab edirəm ki, bundan sonra Ermənistan hökumətinin hərbi çağırış məsələsi daha da acınacaqlı duruma düşəcək, Paşinyan az qala hər gün hərbi səfərbərlik elan edəcək, lakin, indiki kimi, faydası olmayacaq. Ermənistan ordusu daha da acınacaqlı duruma düşəcək. Bu gözləniləndir.
Azərbaycanda isə, dediyim kimi, saysız gənc könüllü olaraq orduya yazılır, müraciət edənlər də kifayət qədərdir. Hər bir Azərbaycan gənci böyük qələbənin qazanılması prosesinin iştirakçısına çevrilmək istəyir.
Ermənistanda isə tamamilə əks səhnə yaşanır, gənclər könüllü şəkildə orduya yazılmaq istəmirlər. Çünki onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirmələri mümkün deyil” - deyə İ.Rüstəmli bildirdi.
İradə SARIYEVA