Ermənistanın Baş naziri Nikol Paşinyan dünən “BBC” dünya xidmətinə verdiyi müsahibədə özünü yenə istehza obyektinə çevirib. Paşinyan “BBC” aparıcısının Qarabağa dair tutarlı sualları qarşısında özünü itirib, arqumentləşdirilmiş cavablar verə bilməyib və küncə sıxılıb.
Aparıcı Paşinyana danışıqlar prosesini tamamilə mənasız edən məlum sərsəm bəyanatını (“Qarabağ Ermənistandır, nöqtə”) xatırladıb. Ordusu Qarabağda məğlubiyyətə uğrayan və darmadağın edilmək üzrə olan Paşinyan isə yenə həmin sözünün üstündə durduğunu deyib. Bildirib ki, “Qarabağ Ermənistandır, çünki orada ermənilər yaşayır”. Amma Paşinyan əvvəl olduğu kimi, həmin frazasının sonuna nöqtə qoymağa cəsarət etməyib: “Artsax” Ermənistandır, ermənilərin ölkəsidir. Orada həmişə əhalinin 80 faizi ermənilər olub. Burada nə problem var ki?!Azərbaycan istəyir ki, orada ermənilər ümumən olmasın”.
Bircə o qaldı ki, Paşinyan desin mən elə deməmişəm. Paşinyanın öz səhvinə düzəliş etməsi təsadüfi deyil. Məsələ ondadır ki, 2019-cu ilin ortalarında o, bu ifadəni işlədəndən sonra ona yönəlik ciddi basqılar artıb. Çünki “Qarabağ Ermənistandırsa” o zaman danışıq aparmağın mənası qalmır. Danışığın olmamasının də nəticəsi ortadadır. Yüzlərlə işğalçı Ermənistan əsgəri məhv edilib və bu proses davam edir. O üzdən, Paşinyan etdiyi qələti az da olsa anlamağa başlayıb.
“İndi isə bunun altını çəkir”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Paşinyanın “Qarabağ Ermənistandır” fikri onun başına bəla olub: “O, indi səhvini başa düşsə də, artıq gecdir. Əslində, o, bunu əvvəldən düşünməli idi. Paşinyandan əvvəlki Ermənistan rəhbərləri sözügedən məsələdə bəlli çərçivəni keçmirdilər. Baxmayaraq ki, Robert Köçəryanla Serj Sarkisyan bilavasitə Qarabağın işğalına rəhbərlik ediblər. Ancaq Paşinyan heç hərbi xidmətdə olmaya-olmaya elə iddialı danışır ki, bu isə ancaq gülünc təsir bağışlayır. Paşinyan məlum fikirləri ilə bütün nizamlanma prosesinin üstündən xətt çəkdi. İndi də bunun altını çəkir. Hansısa düzəlişlər onu xilas edə bilməyəcək. Çox güman ki, proseslər Paşinyanın devrilməsi ilə nəticələnəcək. Paşinyanın siyasi fiaskosu qaçılmazdır. Artıq heç bir qüvvə onu xilas edə bilməyəcək”.
Siyasi ekspert hesab edir ki, bəzilərinə qəribə görünsə də, Paşinyanın yaxın perspektivdə devrilməsi ehtimalı var.
Vidadi ORDAHALLI