BMT-nin Uşaq Fondu – UNICEF Qarabağ döyüşləri ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağ zonasında münaqişənin kəskin şəkildə alovlanmasından 10 gün keçib: “Artıq dörd uşağın öldürüldüyü, yeddi uşağın xəsarət aldığı bildirilir və döyüşlər dayanmazsa, bu rəqəm faciəvi şəkildə artacaq.
Bu döyüşlər evlərin dağıdılması, məktəblərin və digər vacib infrastruktur obyektlərinin zədələnməsi ilə nəticələnir. Biz bütün tərəfləri beynəlxalq və humanitar hüquqa uyğun olaraq, mülki şəxsləri və mülki infrastrukturu əlavə zərərdən qorumağa çağırırıq. Döyüşlərin dərhal dayandırılması uşaqların ən ali maraqlarına xidmət edəcək”.
Diqqətçəkən məqam odur ki, ümumi yanaşma sərgilənir. Təcavüz edən tərəf Ermənistan olduğu halda, UNICEF Azərbaycanı Ermənistanla bir sıraya qoyur. Bəli, sentyabrın 27-də döyüşlər başlayandan sonra uşaqlar bunun qurbanı olub. Ancaq müharibənin qurbanı olan Azərbaycan uşaqlarıdır, Ermənistan uşaqları yox. Ermənistanın təcavüzü nəticəsində cəbhə bölgəsində bir neçə uşaq həlak olub. Səbəb odur ki, Ermənistan ordusu mülki yaşayış obyektlərini atəşə tutur. Ancaq bu döyüşlər zamanı erməni uşağının ölməsinə dair fakt yoxdur. Belə olan halda, məlum yanaşma ikili xarakterlidir və erməni təəssübkeşliyinə xidmət edir.
“UNICEF məsələyə konkret mövqedən münasibət bildirmək əvəzinə, ümumi çağırışlar edir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, UNICEF-in baş verənlərə ümumi yanaşması ədalətli deyil: “Bu, ikili yanaşmanın göstəricisidir. Ermənistan uşaq, qoca demədən Azərbaycanın mülki yaşayış məntəqələrini intensiv atəşə tutur. Nəticədə bir neçə uşaq həlak olub. Eyni zamanda, bombardmanlar nəticəsində bir neçə uşaq xəsarət alıb. UNICEF isə məsələyə konkret mövqedən münasibət bildirmək əvəzinə, ümumi çağırışlar edir. Təbii ki, bu düzgün deyil. Bütün bunlar bir daha onu göstərir ki, müəyyən beynəlxalq təşkilatlar Ermənistanın tərəfini saxlayırlar. Çünki Azərbaycanın mülki vətəndaşları hücuma məruz qalır, evləri dağıdılır. On gündür döyüşlər davam edir, mülki insanlar qətlə yetirilir, ancaq beynəlxalq təşkilatlar susurlar. Reaksiya verəndə də ümumi danışırlar. Təcavüz edənlə təcavüzə məruz qalan tərəfə fərq qoyulmur. Hesab edirəm ki, bütün bunlar ədalətsiz yanaşmadır və beynəlxalq təşkilatlar buna son qoymalıdırlar”.
Partiya sədrinin fikrincə, bütün bu ədalətsizliklərə baxmayaraq, biz öz mübarizəmizi davam etdirməliyik.
Vidadi ORDAHALLI