Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytında verilən xəbərə görə, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.
Qeyd edək ki, son günlər dünyanın bir çox aparıcı KİV-i hərbi mənbələrə istinadən erməni silahlı qüvvələrinin tərəfində PKK-çıların döyüşdüyü barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, onların əksəriyyəti məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb.
DTX yaydığı məlumata dair müvafiq səs yazılarını da təqdim edib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, DTX-nın təqdim etdiyi bu dəlillər olduqca önəmlidir: “Çünki dünya ictimai rəyində proseslərə başqa məna vermək üçün ermənilər, güya Azərbaycan tərəfdən Suriyadan gələn muzduların döyüşdüyünə dair yalanları sırımaq istəyir. Məqsəd aydındır. Ermənistan bununla öz terrorçu mahiyyətini gizlətməyə çalışır. Bunun üçün də belə feyk məlumatlar yayır. Hətta iş o yerə çatmışdı ki, Fransa prezidenti Makron da bu tezisi təkrarlayırdı. Ancaq bizim Prezident ondan dəlillər istəyəndə, Makron ortaya nəsə qoya bilmədi. Yalnız dedi ki, onda kəşfiyyət məlumatları var. Təbiidir ki, belə yalan böyük bir ölkənin rəhbərinə yaraşmır. Ermənilərin Qarabağda terror mərkəzləri sayılan ölkələrdən gətirilən adamları süni məskunlaşdırmasına dair kifayət qədər faktlar var. Azərbaycan daima buna etiraz etsə də məhəl qoyulmurdu. Axırda vəziyyət o həddə çatdı ki, Ermənistan KİV-i buna dair açıq müsahibələr götürdülər. Sanki Qarabağ onların dədələrinindir kimi, istədikləri adamları ora gətirə bilərlər kimi rəy yaradırdılar. Təəssüf ki, Makron kimilər bu dəlilərdən danışmırdı. Bizim DTX isə ortaya təkzibolunmaz dəlil qoydu. Həmin səs yazılarında PKK-çılar danışır. Üç dilə tərcümə edilən titrlərdən görünür ki, terrorçular qorxu içərisindədirlər. Hətta itkilərin çox olduğunu etiraf edirlər. Biri deyir ki, gəlməyinə peşman olub. Baxın, DTX-nın təqdim etdiyi materialda həm Ermənistanın Qarabağı terror yuvasına çevirdiyi əksini tapır, həm də hərbi zonada aşkar üstünlüyün bizim tərəfimizdə olduğuna kimdəsə şübhə yeri qalmır. Təsəvvür edin ki, döyüş təcrübəsi olan PKK-çı terroristlər bizim dronların zəhmindən belə qorxursa, gör indi erməni əsgəri nə gündədir? Bununla bir daha təsdiq olundu ki, Ermənistan öz işğalçı mahiyyətini qorumaq üçün müxtəlif terror təşkilatlarından istifadə edir. Dünyanın aparıcı ölkələri, xüsusilə də atəşkəsi tələb edənlər, ATƏT-in Minsk Qrupu öz sözünü deməlidir. Niyə aşkar faktın qabağında susurlar? Deməli, onları məsələnin mahiyyəti deyil, Ermənistana dəstək marqlandırır. Buna görə də, Azərbaycan öz ərazisindəki antiterror əməliyyatlarını sona çatdırmaq niyyətindədir”.
Bölgədə terrorçuların məskən sala biləcəyindən bir çox narahatlıqlar ifadə olunub. Həmin narahatlığı bölüşənlər buyurub DTX-nın təqdim etdiyi faktlara əsaslanıb, Ermənistanın terrorçu mahiyyətini ifşa etsinlər.
Məhəmmədəli QƏRİBLİ