Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabındakı paylaşımında bildirib:
"Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raketlər Yevlax rayonu ərazisində BTC boru kəmərindən 10 metr aralı düşüb. 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə heç bir ziyan dəyməyib. ANAMA hadisə yerində işləyir. Ermənistan ölkənin enerji infrastrukturuna çarəsiz hücum cəhdləri edir".
Cəbhədə uğursuzluğa düçar olan Ermənistan çıxış yolunu belə addımlarda görür. Artıq bir neçə gündür ki, bütün müharibə qanunlarını pozan Ermənistan Azərbaycanın mülki əhalisini və infrastrukturlarını hədəfə alır. Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə alması isə onun bütün dünyaya meydan oxuması anlamına gəlir. Çünki həmin boru kəməri Avropanın enerji təminatında önəmli rol oynayır. Bu baxımdan da Hikmət Hacıyevin zamanında ictimailəşdirdiyi məsələ ilə bağlı dünya birliyi mövqeyini ortaya qoymalıdır. Ermənistanın növbəti azğınlığı ilə bağlı boru kəmərinin faydasını görən ölkələr hansı addımları atmalıdır?
Beynəlxalq qiymətləndirmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu addımına mütləq beynəlxalq səviyyədə reaksiya verilməlidir: “Bir neçə gündür ki, Azərbaycanın öz ərazisində apardığı antiterror əməliyyatlarına mane olmağa çalışan ölkələri müşahidə edirik. Ən maraqlısı budur ki, onların əksəriyyəti elə Avropa qitəsinin təmsilçiləridir. Bakı-Tbilisi-Ceyhan boru xətti yalnız Azərbaycanın maraqlarına xidmət etmir. Elə hazırda “sülh göyərçini” rolunu oynamaq istəyən ölkələrin də mənafeinə cavab verir. Həmin boru xətti Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Çox təəssüflər olsun ki, biz həmin mərkəzlərdən Ermənistanın məhz bu addımını qınayan reaksiyaya şahid olmadıq. Belə cəzasızlıq erməniləri daha da quduzlaşdırır. Bir neçə gün əvvəl isə onlar Mingəçevirdəki starteji obyektləri hədəfə almışdılar. Bununla onlar ekoloji fəlakət yaratmağı planlayıblar.
Qeyd edək ki, BTC ixrac boru kəmərinin payçıları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa İttifaqının (Aİ) da enerji təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu.
Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edə bilir. Ancaq bu yetərli deyil. Bunun üçün payçı olan ölkələr də Ermənistandan izahat tələb etməlidir. Azərbaycan Ordusu terrorçuları öz ərazisindən tam çıxarandan sonra BTC və digər beynəlxalq layihələrin təhlükəsizliyinə bundan da artıq təminat verəcək”.
Ekspertin sözlərinə görə, Ermənistan bu cür addımları ilə yalnız iqtisadi ziyan vurmağı düşünmür: “Bununla həm də Azərbaycanın partnyorluq imicini zədələmək istəyir ki, ölkəmizə investisiya yatırmaq təhlükəlidir. Hətta canının hayında olduqları zamanda belə onlar hiyləgərliklərini yerə qoymurlar. Hələ ki, Azərbaycan hərbi əməliyyatlarını davam etdirir. Ermənistan tərəfdən bir daha belə təxribatlar törədilə bilər. Lakin bilməlidirlər ki, ordumuzun cavabı da adekvat olacaq. Bunun üçün də Ermənistanın bənzər hərəkətləri beynəlxalq birlik tərəfindən sərt qınanmalıdır. Onsuz da onların ömrünə az qalıb. Tez bir zamanda ölkəmizdən qovulduqdan sonra Ermənistan ordusunun belə təxribatlar törətməyə gücü çatmayacaq”.
İstənilən halda, Azərbaycanın Hərbi Hava Qüvvələri ölkəmizin bütün hava məkanı və strateji obyektlərinin mühafizəsini lazımi şəkildə həyata keçirir. Buna baxmayaraq, yenə də ayıq-sayıq olmalıyıq.
Məhəmmədəli QƏRİBLİ