Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etməsi Ermənistanın baş naziri Nikol Paşinyanı çarəsiz duruma salıb. Hər gün bir dövlət rəhbərinə minnətçi düşən erməni baş nazir indi də güzəştə getməyə hazır olduğunu bildirib. Xarici mediaya verdiyi açıqlamada o qeyd edib ki, Azərbaycan hazır olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsində qarşılıqlı güzəştlər baş tuta bilər: "Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir".
Çox güman ki, Paşinyanın belə bir bəyanat səsləndirməsinə cəbhədə baş verən son hadisələrin əhəmiyyətli təsiri olub. Çünki əvvəllər Paşinyandan belə açıqlamalar eşitmirdik, güzəşt söhbəti etmirdi. Əksinə, Paşinyan getdikcə daha radikal və təxribatçı bəyanatlar verməklə məşğul idi. Amma indi güzəşt sözünü dilinə gətirir. Təbii ki, Azərbaycanın şərtləri məlumdur. Prezident son çıxışında elan etdi. Cəbhədəki uğurlu əməliyyatların fonunda Paşinyanın güzəşt təkliflərinə Azərbaycanın reaksiyası necə olmalıdır?
Politoloq Zərdüşt Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın şərtləri aydındır: “Biz bunu bəlkə 100 dəfə bəyan etmişik. Sonuncu dəfə xalqa müraciətində ölkə başçısı bir daha Azərbaycanın şərtlərinin nədən ibarət olduğunu qeyd etdi. İlham Əliyev açıq dedi ki, şərt bir dənədir, Ermənistan öz ordusunu geri çəkməlidir. Bunu da sözdə ifadə etməməlidir. Ortaya konkret qrafik qoymalıdır ki, hansı rayondan nə vaxt geri çəkilir. Bununla bağlı Azərbaycanın “Madrid prinsipləri” çərçivəsində beynəlxalq təşkilatlar, Minsk Qrupu həmsədrləri, BMT qarşısında öhdəlikləri var. Bu da ondan ibarətdir ki, Azərbaycan güc işlətməmək şərtilə yerli ermənilərə əminamanlıq və muxtariyyət vəd edir. Bunu da Ermənistansız edir. Muxtariyyəti artıq yerli ermənilərlə azərbaycanlılar müzakirə edəcək. Ermənistanın güzəşti bundan ibarət ola bilər ki, işğal edilmiş bütün ərazilərdən öz ordusunu çıxarır və bununla da məsələ bitir. Buyursun, Paşinyan bu şərtlər daxilində güzəştlərini etsin. İş burasındadır ki, xəstə erməni cəmiyyətinə bunu qəbul etdirmək çox çətindir. Paşinyan buna getməyə hazır olduğunu bildirsə, erməni cəmiyyəti “cin atına” minəcək. Amma onların başqa çıxış yolları da qalmayıb. Günlər keçdikcə Azərbaycanın hərbi üstünlükləri özünü daha da aydın göstərir. Ermənistan bu məsələdə həm də siyasi cəhətdən dünyada təcrid olunub. Onlar məcbur qalıb, Azərbaycanın haqlı şərtlərini qəbul edəcəklər. Nə qədər tez qəbul etsələr, bir o qədər onlar üçün yaxşı olacaq. Yəni Xankəndi bir o qədər az dağılacaq, az sayda erməni Qarabağı tərk edəcək. Davam etdikcə ermənilər Qarabağı atıb qaçırlar. Belə getsə, Dağlıq Qarabağda bir nəfər də olsun erməni qalmayacaq. Hesab edirəm ki, ermənilərin uzun müddət müqavimət göstərməsi mümkün olmayacaq. Maksimun 3-4 gündən sonra onların müqavimət gücü tam tükənəcək və lazım olan şərtləri qəbul etdiklərini bəyan edəcəklər. Bunu onlar xoşluqla deyil, ordunun yaratdığı yeni reallıqların fonunda qəbul etməyə borclu olacaqlar. Bütün dünyaya car şəkib atəşkəs istəyirlərsə, bilməlidirlər ki, bunun açarı onların öz əlindədir. Buyursunlar, addım atsınlar”.
Paşinyanın güzəştlə bağlı açıqlamasında səmimiyyət notları qəti hiss olunmur. Çünki həmin açıqlamanın ardınca o, başqa bir kanala yenə deyib ki, “Qarabağ Ermənistandır”. Bir daha sübut olunur ki, Paşinyan kimi adamı başa salmağın yolunu Azərbaycan çox düz tapıb. Belə də davam etməlidir.
Məhəmmədəli QƏRİBLİ