Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda vətən müharibəsi artıq bir həftədən çoxdur davam edir. Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçib. Nəticədə işğalda olan bir neçə yaşayış məntəqəsi və əhəmiyyətli yüksəkliklər ələ keçirilib.
Bütün bunlar ordumuzun uğurlu əməliyyatlar aparmasından xəbər verir. Əməliyyatlar yeni başlayanda bəzilərinin ildırım sürətli savaş, “blitskriq” gözləntisi vardı. Ancaq məlum oldu ki, Azərbaycan böyük qurbanlar hesabına başa gələcək sürətli müharibə yox, az itkilərlə savaş aparmaq niyyətindədir. Məqsəd düşməni sarsıtmaqdır. Çünki qarşı tərəfin uzun müddət duruş gətirmək imkanı yoxdur. Şübhəsiz ki, düşmən 30 ilə yaxın müddətdə əlində saxladığı torpaqlarda möhkəmlənib, istehkamlar qurub, müdafiə sistemləri yaradıb. Onları səbrlə, tələsəmədən adlamaq lazımdır. Müşahidələr göstərir ki, Azərbaycan Ordusu çox uğurla qarşıya qoyulan hədəflərə çatır. Düşmən ordusu sıxışdırılaraq işğal olunmuş ərazilərdən çıxarılır. Əsas odur ki, bütün baxımlardan üstünlük Azərbaycan Ordusundadır.
O da məlumdur ki, ərazilərimizdən sıxışdırılan erməni qoşunları Ermənistan ərazisindən Azərbaycanı vurmağa başlayırlar. Əsasən də mülki yaşayış məntəqələri hədəf seçilir. Məhz Ermənistan ərazisindən raket atılaraq mülki və digər obyektlər atəşə tutulur. Maraqlıdır, belə hallar nə vaxta qədər davam edəcək və bunun sonu nə olacaq?
“Ermənistan istəyir ki, müharibənin arealı genişlənsin və digər dövlətlər də işə qarışsın”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Qarabağ işğaldan tam azad olunana qədər belə hallar yaşana bilər: “Ermənistan bununla istəyir ki, müharibənin arealı genişlənsin və digər dövlətlər də işə qarışsın. Məqsədlərdən biri də budur. Qarabağda atəş nöqtələrinin məhv edildiyini görən işğalçı Ermənistan bu kimi vasitələrə əl atır. Qarabağ ərazisindəki erməni hərbi birləşmələri tam təmizlənənə qədər Ermənistan ərazisindən Azərbaycana raket zərbələrinin endirilməsi davam edə bilər. Ermənistan məğlub olduğu üçün bu taktikaya əl atır. Eyni zamanda, bütün bunları boynundan atmaq üçün iddia edir ki, guya həmin atəş nöqtələri Qarabağ ərazisindədir. Ona görə də Dağlıq Qarabağ və ətraf rayonlar tam azad olunana qədər bu proses davam edə bilər. Çünki bundan sonra Ermənistanın səbəb göstərə biləcəyi məkan qalmayacaq. Yaxşı, ərazilərimiz azad olunandan sonra nə deyəcəklər? Artıq o zaman bunu inkar edə bilməyəcəklər. Ona görə də ən optimal variant bütün işğal altında olan ərazilərin azad edilməsidir. İnşallah, buna nail olacağıq”.
Hərbi ekspert hesab edir ki, işğalçı tərəf müxtəlif çirkin metodlara əl atsa da, öz məqsədlərinə çata bilməyəcək.
Vidadi ORDAHALLI