Ermənistanın Baş naziri Nikol Paşinyan “BBC” kanalına müsahibə verib. Ümumilikdə, Paşinyan sözügedən müsahibədə pis vəziyyətə düşüb. Bir sıra sualları cavablandırmaqdan yayınıb. Eyni zamanda, sualları cavablandırarkən gülməli vəziyyətlə üzləşib.
Müxbir Cona Fişerin suallarına cavab verən N.Paşinyan “Artsax” (Dağlıq Qarabağ) ermənilərin torpağıdır” uydurma fikirlərini yenidən təkrarlayıb. O, azərbaycanlıları terrorçuluqda ittiham edərək deyib ki, guya Azərbaycan Qarabağda ermənilərin qalmasını istəyir: “Onları buna görə terrorizə edərək Dağlıq Qarabağa hücum edir. Onlar istəyirlər ki, orada yaşayan ermənilər bunu desinlər. Tamam, siz terrorçusunuz və biz də təslim oluruq. Bu isə qətiyyən mümkün deyil”.
Jurnalist Cona Fişer ona Ermənistanın hansı güzəştlərə hazır olduğunu soruşub və israrla rəsmi İrəvanın Dağlıq Qarabağın ətrafındakı rayonları boşaltmağa hazır olub-olmadığını xəbər alıb. Lakin Paşinyan bu suala birbaşa cavab verməkdən qaçaraq, bununla bağlı danışıqların uzun illər boyu getdiyini deyib. Bundan başqa, Ermənistanın Baş naziri “bunun üçün Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququnu tanımalı olduğunu” bildirib.
“Beynəlxalq hüquq çərçivəsində qəbul edilən sənədlərdə Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etdiyi göstərilir. Bununla bağlı BMT qətnamələri mövcuddur. Buna nə deyirsiniz” sualına verdiyi cavabda N.Paşinyan həmin aktlarda Ermənistandan bəhs edilmədiyini bildirib. “Lakin həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycana aid olması aydın şəkildə yazılıb” sualına isə Ermənistanın Baş naziri cavab tapmayıb və üstəlik, Azərbaycanın Dağlıq Qarabağda erməni soyqırımını həyata keçirmək istədiyi barədə yalanlarını təkrarlayıb.
“Rusiya Prezidenti Putinlə son danışığınız zamanı Ermənistan ərazisinin vurulacağı təqdirdə Yerevanın Rusiyadan hərbi yardım görəcəyinə dair razılığa gəlmisiniz” sualını da Paşinyan cavabsız qoyub və sual ətrafında manipulyasiya etməyə başlayıb.
Artıq bu neçənci dəfədir ki, özü jurnalist olan mənfur Baş nazir xarici jurnalistlərin qarşısında biabırçı vəziyyətə düşür. Çünki onun mövqeyi haqsız, dedikləri ağ yalandır. Paşinyanın “BBC” kanalına son müsahibəsi bunu bir daha sübut etdi.
“Belə bir məqamda Paşinyanın uğursuz müsahibə verməsi, təbii ki, onun biabır olmasına xidmət edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, həmin müsahibə ilə Paşinyan bütün dünyanın gözü qarşısında özünü biabır etdi: “Özü də indiki mərhələdə bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Qarabağın azad olunması istiqamətində ordumuz uğurlu döyüş əməliyyatları aparır. Bütün dünyanın diqqəti Qarabağa yönəlib. Belə bir məqamda Paşinyanın uğursuz müsahibə verməsi, təbii ki, onun biabır olmasına xidmət edir. Sözügedən müsahibəyə mən də baxdım. Çox bərbad bir müsahibə idi. Faktiki olaraq, Paşinyan bir sıra suallara konkret olaraq cavab vermədi. Məsələnin məzmunundan uzaq fikirlər səsləndirdi. Jurnalist konkret olaraq bildirdi ki, BMT qətnamələrində Dağlıq Qarabağ Azərbaycan ərazisi olaraq göstərilib. Paşinyan buna cavab verə bilmədi və tamamilə məsələyə dəxli olmayan fikirlər səsləndirdi. Bütün hallarda, nəzərə alsaq ki, “BBC” kanalının böyük tamaşaçı auditoriyası var, Paşinyan, faktiki olaraq, biabır oldu”.
Partiya funksioneri hesab edir ki, Paşinyan nə qədər çox səhv buraxsa, bu bir o qədər onun ziyanına işləyir.
Vidadi ORDAHALLI