Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti dəfə erməniləri məyus edib. O bildirib ki, Vladimir Putinə Rusiyanı Dağlıq Qarabağdakı vəziyyətə müdaxilə etməyə çağıran iş adamı Ruben Vardanyanın müraciəti barədə məlumat verilib. Peskov bu cür müraciətlərin emosional fonunu anlaşılan adlandırıb və Moskvanın bütün səylərinin atəşkəsə və tərəflər arasında danışıqların bərpasına yönəldiyini vurğulayıb: "İndiki vəziyyətdə daha aktiv addımlar təsəvvür etmək çətindir".
Rusiyanın Ermənistanı növbəti dəfə məyus edən bu cavabını nə ilə izah etmək olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bugünlərdə Rusiya prezidenti Vladimir Putindən erməni əsilli biznesmenlər Ruben Vardanyan və Samvel Karapetyan Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmək xahişi ediblər: “Amma RF prezidentinin sözçüsü Peskov rəsmi Moskva tərəfindən hər hansı addımların atılmasının mümkünsüzlüyü haqqında fikir bildirilib. Bu, həm də Moskvanın bu dövr üçün mövqeyini ifadə edir.
Sentyabrın 27- dən Rusiyada Qarabağdakı hərbi əməliyyatlarla bağlı istər prezident, istərsə də Təhlükəsizlik Şurası və hökumət üzvlərinin sərgilədiyi mövqeləri izləyirəm. İlkin qənaətim budur ki, Rusiya siyasi elitasında Qarabağdakı hərbi əməliyyatlarla bağlı fikir haçalanması mövcuddur. Ənənəvi ermənipərəst şəbəkə və onun “görkəmli” rus və erməni simaları - Xarici İşlər Nazirliyi və təhlükəsizlik qurumlarındakı uzantılarından ötrü bu amil hərbi əməliyyatları Rusiyanın Azərbaycan və Türkiyəyə qarşı yönləndirilməsi üçün göydəndüşmə bir fürsət idi. Rusiya mediasında çox geniş kök atmış erməni şəbəkəsi iki gün bu istiqamətdə hər cür dezinformasiya, feyk xəbərlərlə Rusiyanın Dağlıq Qarabağa girməsi üçün informativ zəmin yaratmağa çalışdı. Aydın məsələdir ki, Türkiyə bu hərbi əməliyyatlarda mənəvi tərəf olaraq Azərbaycanı tam dəstəkləyir. Erməni tərəfi isə ilk günlərdə Rusiyanın da Ermənistana eyni mövqe sərgiləyəcəyi illüziyası formalaşdırmağa çalışırdı. Ermənistanın rəsmi təbliğatı da məhz bu tezislər üzərindən qurulmuşdu. Ermənistanın baş naziri Paşınyan xarici mediaya, hətta “Rusiya bizi müdafiə edəcək” yönündə müsahibə belə vermişdi. Rusiya daxilindəki 5-ci kolon rolunu oynayan erməni şəbəkəsi Moskvanın hesabına Ermənistanın problemlərini həll etməyə adətkar olub. İlk günlərdə bu şəbəkə Rusiyanın hərbi əməliyyatlara müdaxilə etməklə Azərbaycana və Türkiyəyə sərt mövqe sərgiləməsi yönündə bütün mümkün vasitələri səfərbər etdi. Lakin Kremldə ənənəvi rus dövlətçi qüvvələri, onların təhlükəsizlik qurumları və ictimai-siyasi nümayəndələri Qarabağdakı hərbi əməliyyatlarda Azərbaycanın haqlı olması və Rusiyanın hələlik müşahidəçi kimi qalmasını doğru hesab etdilər və fikirləri də bu istiqamətdə ifadə olundu.
Sonrakı günlərdə isə bu şəbəkənin rəhbərlərindən biri, “Russia Today”-ın şefi Margarita Simonyana və onun ailəsinə məxsus media şəbəkəsinə Dağlıq Qarabağda hərbi əməliyyatları şərh etmək mövzusunda xəbərdarlıq olundu. Təhlükəsizlik idarəsinə çağırılan Margarita Simonyan və əri Keasayana Rusiya KİV-lərində yaratdıqları erməni şəbəkəsinin Rusiya Federasiyası daxilində beşinci kolon rolunu oynadığı və Rusiya ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə xələl gətirilməsi haqqında sərt xəbərdarlıq edildi. Ermənistan siyasi hakimiyyətinin DQ-dən kənarda Azərbaycan ərazilərini vurması onun təcavüzkar, ən əsası isə hiyləgər erməni xislətini ifşa etdi. Məsələ ondadır ki, Azərbaycanın Gəncə şəhərini, Şəmkir rayonunu vurmaqla onlar Rusiya və İrandan yan keçməklə gedən enerji və yük nəqliyyatı xəttinin dağıdılmasının Moskvanın təşəbbüsü ilə həyata keçirildiyinə dair rəy yaratmaq istəyirdilər. Bu dəhlizdən təkcə enerji resursları deyil, həm də Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri keçir. NATO-nun Əfqanistan missiyasının strateji rabitə kommunikasiyası bu optik lifli kabel xətlər üzərində qurulub. Həmçinin, bu bölgədən Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil magistralı - E60 keçir. Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolunun əsas xətti də Gəncədən keçir. Bu qədər strateji bir bölgəni bombalayan Ermənistan “bunu Rusiyanın dəstəyi ilə həyata keçirirəm” görüntüsü yaratmaqla həmin ölkənin ətraf aləmlə beynəlxalq münasibətlərini zədələmək təşəbbüsündədir. Rusiya dövləti isə bunun fərqində olduğu üçün Ermənistana lazımi dəstəyi vermir”.
Ermənistanın Rusiyadan dəstək almaq ümidləri tam kəsildiyi üçün ölkədə və orduda psixoz vəziyyət hakimdir.
Məhəmmədəli QƏRİBLİ