“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) “BB-”dan “B+” səviyyəsinə endirib.
“Fitch”in açıqlamasında deyilir ki, öncədən müəyyən edilmiş cədvələ görə, ölkənin reytinqi oktyabrın 2-də açıqlanmalı idi. Amma ölkədə baş verən bir sıra hadisələr, xüsusən də Dağlıq Qarabağ ərazisindəki əməliyyatlar agentliyin qərarına yenidən baxmasına və nəticələrin açıqlanmasının gecikməsinə səbəb olub.
Məlumata görə, bu ilin ilk yarısında Ermənistan iqtisadiyyatı gözləniləndən daha çox geriləyib və ÜDM-in əhəmiyyətli dərəcədə azalması apreldəki proqnozlara nisbətən ümumi dövlət borcunun daha da trayektoriyaya malik olmasına səbəb olub: “Biz dövlət borcunun pik həddə (2019-cu ildəki 53,5%-dən 2020-ci ilin sonuna 63,9%-dək artacaq) çatacağını gözləyirik və orta müddətdə bunun aşağıya doğru hədəflənəcəyinə inanmırıq. 2021-ci ildə isə dövlət borcunun ÜDM-in 65,6%-nə yüksəlməyə davam edəcəyini (əvvəlki proqnozumuzdan 9,6 faiz bəndi çox) gözləyirik. Nisbətən sağlam makroiqtisadi çərçivəyə baxmayaraq, yenilənən proqnozlarımızda artan risqləri də nəzərə almışıq. COVID-19 pandemiyasının yenidən canlanması ölkədə məhdudlaşdırma tədbirlərinin təkrar həyata keçirilməsi ilə nəticələnməlidir. Digər tərəfdən də Dağlıq Qarabağ münaqişəsində uzunmüddətli eskalasiyanın davam etməsi iqtisadiyyata neqativ təsir edəcək və Ermənistan iqtisadiyyatının bu il 6,2% azalacağını gözləyirik”.
“...iqtisadiyyatı gözləniləndən daha çox geriləyib və dövlət borcu pik həddə çatıb”
Ermənistan iqtisadiyyatının kiçilməsi və bu faktın beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunması barədə fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev qeyd etdi ki, bu gün Azərbaycanın həm iqtisadi, həm də siyasi gücü düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə imkan verir: “Ümumiyyətlə, mən bu prosesin uzun müddət davam edəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycan Ordusu yaxın iki həftə ərzində bu məsələyə son qoyacaq və işğal altında olan torpaqlarımız düşməndən tamamilə azad ediləcək. Buna bizim həm siyasi, həm də iqtisadi gücümüz yetir. Bu gün Azərbaycanın qüdrətli, müasir silahlarla təchiz olunmuş ordusu ilə yanaşı, həm də düşmən ölkə ilə müqayisə olunmayacaq dərəcədə dayanıqlı və güclü iqtisadiyyatı mövcuddur. “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasından da görünür ki, Ermənistan dərin iqtisadi böhran ərəfəsindədir. Qurum açıqlamasında etiraf edir ki, ölkədə baş verən bir sıra hadisələr, xüsusən də Dağlıq Qarabağ ərazisindəki əməliyyatlar agentliyin qərarına yenidən baxmasına səbəb olub. Nəticədə Ermənistan iqtisadiyyatı gözləniləndən daha çox geriləyib və dövlət borcu pik həddə çatıb. Əslində, Ermənistanın iqtisadiyyatı yox səviyyəsindədir. Bu ölkə öz büdcəsini həmişə ordan-burdan aldığı yardımlar hesabına formalaşdırıb. Bir sözlə, Ermənistan iqtisadi cəhətdən nəinki 2-3 ay, qısamüddətli belə döyüş aparmağa qadir deyil. Çünki gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın isə belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü də yoxdur. İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan Ordusunun hərbi büdcəsi isə 2.3 milyard dollardır, yəni 4 dəfəyə yaxın böyükdür. Bundan başqa, Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür, strateji ehtiyatlarımız 52 milyard dollara yaxındır ki, Ermənistanda bu rəqəm 2.6 milyard dollar təşkil edir. Yəni, istənilən halda, üstünlük Azərbaycan tərəfindədir və bu da yaxın günlərdə ordumuzun daha böyük zəfərlər çalacağının qarantıdır”.
Günel CƏLİLOVA