Bu gün hər kəs ön cəbhəyə yardım etməyə çalışır. Bəzən adi vətəndaşların sosial şəbəkələrdəki yardım çağırışına anında yüzlərlə vətənpərvər müsbət reaksiya verir. Vətəndaşlar yardımlar toplayır, cəbhə bölgəsinə gedirlər. Eyni zamanda, rəsmi qurumlar, şirkətlər, restoranlar, tanınmış şəxslər Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.
Ümumiyyətlə, yaşından, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs cəbhə bölgəsində döyüşən hərbçilərə yardım etmək istəyir. Qeyd etdiyimiz kimi, kimsə Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən məbləğdə vəsait köçürür, hansısa təşkilat cəbhə bölgəsinə əsgərlərin rahatlığı üçün isti geyim, tibbi ləvazimatlar göndərir. Elə insanlar da var ki, onlar öz evlərində müxtəlif növ şirniyyatlar bişirərək əsgərlərə göndərirlər.
Azərbaycanın minlərlə vətəndaşı cəbhə bölgəsində düşmənlə üz-üzə duran əsgərlərimizə yardım etməyə çalışır. Doğrudur, Azərbaycan Ordusunun bu kimi tibbi və ərzaq yardımına ehtiyacı yoxdur, lakin sakinlər belə könüllü aksiyalarla öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.
Emin Tarverdiyev: “Kimin nəyə gücü çatırsa, yardım edir, imkanı olmayan şəxslər cəbhə bölgəsi istiqamətindəki yolları təmizləyirlər”
Ön cəbhəyə yardım göndərənlərdən biri də Emin Tarverdiyevdir. E.Tarverdiyev bildirdi ki, bir neçə gün əvvəl Füzuli rayonuna yardım aparıb: "Biz rayonların ərazisindən keçdikcə, qürur hissi yaşayırdıq. Təsəvvür edin, uşaqlar əllərində bayraqlar yol kənarında durublar. Bölgələrin sakinləri də boş dayanmırlar. Kimin nəyə gücü çatırsa, yardım edir. İmkanı olmayan şəxslər yolları təmizləyirlər".
Onun sözlərinə görə, yardıma hər kəs imkanından asılı olaraq qoşulur: “Yəni 1 manatı olan bir manat, 1000 manatı olan 1000 manat yardım edir. Biz bu gün arxa cəbhədə yardım edirik. Ali Baş Komandanın əmrini gözləyirik. Ehtiyac olarsa, ön cəbhədə döyüşəcəyik".
Aqil Məmmədov: “Ordumuzun heç nəyə ehtiyacı yoxdur, sadəcə, insanlar dözə bilmir, nəsə etmək istəyirlər”
Bu vəziyyətdə idman ictimaiyyəti də səssiz qalmır. Artıq bir neçə idmançı və jurnalist səfərbərlik çağırışına əsasən ordu sıralarına qoşulub, azarkeş qrupları maddi yardım edirlər. Arxa cəbhədən orduya kömək edənlərdən biri də "Neftçi"nin qapıçısı Aqil Məmmədovdur. Təcrübəli qolkiper ordu üçün sovqat göndərib. Detalları öyrənmək üçün onun dostu Asif Musayevlə əlaqə saxladıq. Əlaqə saxlayarkən yolda olan - cəbhə bölgəsinə yollanan həmsöhbətimiz bunları dedi: "Bütün təşkilatçılığı Aqil etdi. Fikirləşdi ki, özü döyüşə gedə bilmir, amma belə yardım etsin. Düzdür, ordumuzun heç nəyə ehtiyacı yoxdur. Sadəcə, dedi ki, dözə bilmirəm, nəsə etmək istəyirəm. Məndən xahiş etdi ki, nəyə ehtiyac olsa, alım yığım maşına, aparım. Hətta belə bir cümlə işlətdi ki, orada maşını belə istəsələr, ver getsin. Dedi ki, maşına ehtiyacları olsa, sual belə vermədən ver, özün taksiyə otur qayıt. Mən də öz dostumla birlikdə yola çıxdım. Su, meyvə, siqaret, şirniyyat, bir sözlə, əsgərlər üçün nə lazımdırsa, hamısını almışıq. Murova gedirik".
Ramil Vəliyev: “Tanımadığımız insanlar orduya yardım kampaniyasına qoşulur, bu, çox qürurvericidir"
Ramil Vəliyev də cəbhə xəttinə yardım toplayan şəxslərdəndir: "Biz özümüz Səfərbərlik Xidmətindən qeydiyyatdan keçib, mesaj, zəng gözləyən adamlarıq. Vallah, işdə oturmağa utanırıq. Bəs niyə bizi çağırmırlar, yaşımız düşür, müraciət də etmişik. Mən də öz sosial şəbəkə profilimdə yardım toplamağa başladım. Kimin nəyə gücü çatır, qoşulsun bizim kampaniyaya. Tanımadığımız insanlar bizə qoşulurlar. Bu, çox qürurvericidir".
Günel CƏLİLOVA