Sentyabr ayının 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərə hücum edib. Ermənistan bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, qadınları və qocaları hədəfə alır.
Hərbi təcavüz nəticəsində insan hüquqları kobudcasına pozulur və günahsız azərbaycanlıların həyatına son qoyulur.
İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edir. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçılıq yolu ilə Qarabağa qarşı olan təcavüzkar siyasəti uzun müddətdir davam edir.
Hərbi cəbhədə məğlub olan Ermənistan “son kart”ı kimi mülki əhaliyə hücumu işə salıb.
Gəncə, Xızı və Abşerona çoxsaylı raket zərbəsi endirilib, infrastruktur obyektlərinə ciddi zərər dəyib. Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb. Bundan başqa, 66 mülki obyekt və 427 yaşayış evi yararsız hala düşüb.
Ermənistanın mülki əhaliyə qarşı terroru davam edir. Son günlər münaqişə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə şəhəri, eləcə də Beyləqan, Tərtər, Mingəçevir şəhərləri, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl, Xızı və Abşeron rayonları, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələri Ermənistan ərazisindən, o cümlədən, Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən ağır artilleriya və raketlərdən istifadə edilməklə atəşə tutulub. Dinc əhali arasında çoxsaylı insan ölüb və yaralanıb, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan vurulub. Bu hücumlar mülki əhaliyə zərər verməklə yanaşı, regionun təhlükəsizliyi üçün təhdidlərin reallaşmağa başladığını da göstərir. İndiyə qədər Ermənistan neft-qaz infrastrukturunu, bögədə ekoloji fəlakət yaradacaq hədəfləri vurmaqla bağlı təhdidlər səsləndirirdi. Bu təhdidlər təkcə erməni ekspert cameəsi yox, Ermənistanın siyasi-hərbi rəhbərliyinin dilindən də deyilib. Sonuncu dəfə Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyan “Gəncəni vuracağıq” açıqlamasını vermişdi.
Oktyabrın 4-dən etibarən Ermənistan silahlı qüvvələrinin Gəncəyə və digər şəhərlərə, o cümlədən, Mingəçevir Su Elektrik Stansiyasına raket atması işğalçı ölkənin təhdidlərini həyata keçirdiyini təsdiqləyir. Xüsusilə qadağan olunmuş silahlardan istifadə edilməsi təhlükənin səviyyəsini daha da artırır.
Ermənistan silahlı qüvvələri Tərtər istiqamətində də təxribatlarını davam etdirir. Erməni hərbçiləri rayon mərkəzi ilə bərabər kəndlərə də top və qrad mərmiləri atıblar. Nəticədə fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, bəzi evlər dağılıb.
Düşmən Tərtər şəhərində yerləşən təhsil ocaqlarına ağır artilleriya qurğularından atəş zərbələri endirib. Atılan mərmilərdən biri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbə düşüb. Mərmi təhsil ocağında dağıntılara səbəb olub.
“…dünyada beynəlxalq hüquqa, onun aliliyinə olan inamın artırılması baxımından vacibdir”
Millət vəkili Məşhur Məmmədovun sözlərinə görə ki, beynəlxalq təşkilatlar Ermənistanın mülki insanları hədəf seçməsinə münasibət bildirməli, işğalçıya qarşı ciddi sanksiyalar tətbiq etməlidirlər: “Ermənistanın açıq və intensiv şəkildə mülki insanları hədəf seçməsi onu göstərir ki, işğalçı dövlət insan hüquqlarına, beynəlxalq qanun və konvensiyalara əməl etmir, öz çirkin niyyətini reallaşdırmaq üçün hər cür vasitəyə əl atır. 27 sentyabr tarixindən etibarən ermənilərin Azərbaycana məxsus yaşayış məntəqələrini mütəmadi surətdə atəşə tutmasına, nəticədə xeyli sayda vətəndaşımızın həlak olması və yaralanmasına dünya birliyi reaksiya verməli, Ermənistanın cəzalandırılması istiqamətində konkret addımlar atmalıdır. Bu baxımdan beynəlxalq təşkilatlar və dünya birliyinin Ermənistana qarşı sanksiyalar tətbiq etməsinə ehtiyac var. Dünyanın aparıcı dövlətləri, o cümlədən, beynəlxalq təşkilatların Ermənistana tətbiq edəcəyi sanksiyalar işğalçının cəzalandırılması, onun təxribatlarının qarşısının alınması, habelə dünyada beynəlxalq hüquqa, onun aliliyinə olan inamın artırılması baxımından vacibdir. Dünya ictimaiyyəti və beynəlxalq qurumlar anlamalıdırlar ki, terrorçu Ermənistan bütün bölgədə sülh və əmin-amanlıq üçün ən başlıca təhdid olaraq qalır və bu təhdidi ortadan qaldırmağın yeganə yolu işğalçını neytrallaşdırmaq, işğaldakı Azərbaycan torpaqlarının azadlığına nail olmaq və rəsmi İrəvanın bütün təcavüzkar aktlarının qarşısını qətiyyətlə almaqdır”.
Günel CƏLİLOVA