Ermənistanın 27 sentyabr tarixində Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı və Ermənistan ordusu tərəfindən dinc əhalinin iriçaplı silahlardan atəşə tutulması Türkiyənin bütün bölgələrində böyük qəzəb doğurdu. Eyni zamanda, Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək düşmənə qətiyyətli cavab verməsi qardaş ölkədə haqlı mövqe kimi dəyərləndirildi. Ankara, İstanbul, İzmirdən gələn dəstək sırasına bu gün Qara dənizin ən böyük şəhəri olan Samsun da qoşuldu.
Bu barədə qardaş Türkiyənin və bölgənin ünlü universitetlərindən olan Samsun Ondokuz Mayıs Universitetinin kafedra müdiri professor Azər Qasımsadənın verdiyi xəbərdə deyilir. Redaksiyamıza təqdim olunan mətbuat aşıqlamasında bildirilir ki, Samsun Milli İradə Platformasının (SAMİR) təşkilatçılığı ilə “Böyük Cami” önündəki meydanda baş tutan izdihamlı tədbirdə Azərbaycanın haqlı mövqeyi müdafiə edilib. Tədbirdə Azərbaycanın haqq işinə dəstək verilərək, erməni işğalcılarının işğal etdiyi ərazilərdən dərhal geri çəkilməsi, regionun yenidən sülh və sabitliyə qovuşması tələb edilib.
Tədbirin təşkilatçısı Samsun Milli İradə Platforması adından danışan Türkiyə Məmur Sendikatları Konfederasiyasının Samsun şəhər başkanı Ali Sarıalıoğlu bildirib ki, bütün diplomatik əlaqələrin fonunda bir-birinə qardaş deyən Türkiyə və Azərbaycanın münasibətlərinin böyükluyunu sözlə ifadə etmək mümkün deyil. İki dövlət və bir millət anlamının tarixi dəyəri zaman keçdikcə daha böyük dəyər qazanmaqdadır. Bu dəyər, şübhəsiz ki, dini, dili, mədəniyyəti ortaq olan xalqlarımızın qədim tarixinin bugünümüzə ən dəyərli miraslarındandır. 27 sentyabr səhərində Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı bütün Türkiyəni, o cümlədən samsunluları hiddətləndirdi və Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək düşmənə layiqli cavab verməsini qardaşlıq borcumuz kimi dəstəklədik. Bir yanda tarixi torpaqları işgal edilən qardaş ölkə Azərbaycan, diğər yanda isə işgalci qismində olan bir ölkə - Ermənistan var ikən, bizlər də “Dünya beşdən büyükdür” deyən iradənin arxasında duraraq, haqlı olan Azərbaycanlı qardaşlarımızın yanında olmalıyıq və onlarla ciyin-ciyinə mübarizə etməkdən başqa yolumuz yoxdur. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Bu qətnamələr də təsdiq edir ki, Qarabağ torpağı Azərbaycan torpağıdır. Göründüyü kimi, ölkəmizin Azərbaycana verdiyi dəstək sadəcə dövlətlərimiz və xalqlarımız arasındakı qardaşlıq huququ və borcu ilə əlaqədar deyil, eynı zamanda otuz ildir qardaş Azərbaycana edilən ədələtsizliyə göstərilən haqlı bir təpkidir.
Samsun Ondokuz Mayıs Üniversitetində (OMÜ) doktorluq təhsili alan azərbaycanlı Cəmalə İbadbəyli çıxışında bildirib ki, eyni babanın iki övladı, eyni duyğuların daşıyıcıları olaraq sizlərlə burada bərabər olmaqdan, eyni dualara amin deməkdən cox xoşbəxtəm. Can Azərbaycanın övladlarının qanları torpaqları sulamış, qəhrəman övladlarımız şəhadət şərbəti içmiş ola bilər. Ancaq kədərlənmirik, çünki bu gün 100 il əvvəl Çanaqqalada etdiyimiz kimi Qarabağ torpağı uğrunda mübarizə aparırıq. Ümidsiz deyilik, çünki Azərbaycanın hər bir övladı toya-bayrama gedən kimi Vətənin müdafiəsinə tələsir. Çarəsiz də deyilik, çünki tək deyilik, Türk qardaşlarımızla min illik tarixi yolun yolçularıyıq, bu gün haqq işimizdə verdikləri əvəzsiz dəstəyə görə Azərbaycanımız adından onlara təşəkkür edirəm. Rəbbimdən bütün şəhidlərimizə də rəhmət diləyirəm. Qarabağ bizimdir, Azərbaycanındır, Azərbaycanın da olacaq.
Türkiyə, Azərbaycan bayraqları və “Qarabağ Azərbaycanındır”, “İki Vətən - Tək Can, Türkiyə - Azərbaycan” plakatları ilə müşayət edilən tədbir iştirakçıların böyük çoşqusu ilə yekunlaşıb. Azərbaycana dəstək aksiyasında Samsun şəhər Valisi Zülküf Dağlı, Samsun Büyükşəhir Bələdiyyə Başkanı Mustafa Demir, Ondokuz Mayıs Üniversitetinin rektoru, professor Yavuz Ünal, Samsun şəhər Səhiyyə İdarəsinin müdiri Muhammət Ali Oruç, Türkiyə Məmur Sendikatları Konfederasiyasının Samsun təmsilçisi Hamdi Yıldız, Samsun şəhərində təhsil alan azərbaycanlı tələbələr və çoxsaylı samsunlular iştirak edib.