Uzun illərdir ki, fəaliyyətsiz qurum kimi ortaya heç bir nəticə qoymayan ATƏT-in Minsk Qrupu həmsədrləri cəbhədə ermənilərin vəziyyəti gərginləşən kimi ultimativ mövqe ortaya qoymağa başlayıblar. Daha doğrusu, Azərbaycan xalqına açıq düşmənçilik mövqeyində olduqlarını təsdiqləyiblər.
ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıblar. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron tərəfindən imzalanan bəyanatda deyilir: "Minsk Qrupunu təmsil edən ölkələr Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gücün eskalasiyasını ən qəti şəkildə qınayır. Ölənlərin ailələrinə başsağlığı veririk. İştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”.
Həmsədr ölkə liderləri, həmçinin, Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırıblar. Bəllidir ki, Azərbaycan az qala 30 ilə yaxındır həmin formatda danışıq aparır. Minsk Qrupu həməsdrləri belə şəraitdə danışıqları bərpa edib, daha 30 il baş girləməyi düşünürsə, bu bizim üçün optimal deyil. Çünki Azərbaycan rəhbərliyinin mövqeyi bəllidir. Ermənistan qeyd-şərtsiz işğal altındakı torpaqları azad etməlidir. Həmsədrlərin bu mövqeyini ekspertlər necə dəyərləndirir?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu proses uzun illərdir məhz həmin ölkələrin səyi nəticəsində irəli getmir: “Məlum oldu ki, Rusiya Ermənistana dəstək verir və həmin ölkəni öz forpostu kimi saxlayır. Fransanın mövqeyi isə daha qatı ermənipərəstdi. Biz Makronun yanaşmasında bunu gördük. Yalnız ABŞ bir qədər neytrallığını qorumağa çalışır. Son bəyanatda o da digər iki həmsədrlə həmrəylik nümayiş etdirdi. Bu etiraz və tələblərə elə də ciddi fikir vermək lazım deyil. İndiki halda heç kimə fikir vermədən uğurlu əməliyyatları davam etdirmək lazımdır. Azərbaycan müharibəni də tələb olunan qanunlar səviyyəsində aparır. Yəni biz mülki insanları və obyektləri hədəf seçmirik. Biz Ali Baş Komandanın dilindən Azərbaycanın mövqeyini ortaya qoymuşuq. Əlavə şərtdən nə söhbət gedə bilər? Bizim şərtimiz birdir - Ermənistan tez bir zamanda işğal etdiyi əraziləri tərk etməlidir. Hesab edirəm ki, indiki halda bizim çox ciddi dəstəyimiz var. Bu məsələdə hakimiyyət və müxalifət zərbəni bir yerə vurur. Böyük ruh yüksəkliyi var. Ordumuz çox gözəl əməliyyatlar keçirir. Türkiyə konkret şəkildə Azərbaycanı müdafiə edir. Başqa ölkələrdən də Azərbaycanın haqq işinə ciddi dəstək var. Bu şansı qaçırmamalıyıq. Həmsədrlərin bəyanatına fikir vermədən Azərbaycan öz ərazilərini terrorçulardan təmizləməlidir. Təklif etdikləri format bəyəm yenidir? Bu format bir iş görən idisə, indiyə kimi bir addım da olsa irəli gedilərdi. Çox təəssüflə qeyd edirəm ki, onların son bəyanatı qərəzlidir və Azərbaycan xalqının heysiyyətinə toxunur. Niyə həmin bəyanatda deyilmir ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır? Məsuliyyətin eyniləşdirilməsi ilə məşğul oldular ki, axırda vəziyyət bura gəlib çıxdı. Bunun günahını həməsdrlər özlərində axtarmalıdır. Ermənistan məhz həmin formatda hörmətsilziklər edirsə, bizim torpaqlarımızı azad etmək üçün bir yolumuz qalır. Ondan da bütün beynəlxalq konvensiyalara riayət edərək istifadə edirik”.
Azərbaycan sona qədər bu əməliyyatları davam etdirməlidir ki, Ermənistan öz məsuliyyətini anlaya bilsin. Əks halda onlar yenə də qeyri-konstruktivlik ortaya qoyacaqlar. Bir daha göründü ki, həmsədrlər bu problemin həllində elə də maraqlı deyillər.
Məhəmmədəli QƏRİBLİ