Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov keçirilən brifinqdə bildirib ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir.
Bununla yanaşı, A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.
Müdafiə Nazirliyinin mətbuat katibi onu da qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, yaylım atəş qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.
Göründüyü kimi, təkcə 4 gün ərzində qarşı tərəf çox böyük itki ilə üzləşib. Heç şübhəsiz ki, qarşıdaki günlərdə işğalçı ordunun itkiləri daha da artacaq. Ona görə ki, ordumuzun işğalçı qüvvələrə endirdiyi zərbələr davam edir. Eyni zamanda, yaşayış məntəqələri və strateji əhəmiyyətli yüksəkliklər azad edilir. Cəbhənin bir sıra istiqamətlərində düşmənin müdafiə xətti yarılıb.
Bütün bu deyilənlərin fonunda, təkcə 4 gündə verilmiş sözügedən itkilər Ermənistan ordusu üçün nə deməkdir?
“4-5 gün ərzində Ermənistanın hərbi texnika itkilərinin dəyəri təxminən 3 milyard dollar dəyərindədir”
Məsələyə münsibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, sözügedən itkilər Ermənistan üçün ölçüyəgəlməz dərəcədə böyükdür: “Məsələ ondadır ki, Ermənistanın hərbi büdcəsi 700 milyon dollar civarındadır. Ancaq 4-5 gün ərzində Ermənistanın hərbi texnika itkilərinin dəyəri təxminən 3 milyard dollar dəyərindədir. Bu məbləğin Ermənistan üçün nə demək olduğunu təxmin etmək mümkündür. Təkcə məhv edilən S-300 zenit-raket kompleksinin qiyməti 1 milyard dollardır. Bundan başqa, ASA zenit-raket kompleksinin 1 ədədinin qiyməti 1 milyon dollara yaxındır. Çünki bu kompleksin üzərində radio lakasiya sistemi, raketlər vardır. Bununla yanaşı, son döyüşlər nəticəsində düşmənin çoxsaylı zirehli maşını, tankı və hərbi təyinatlı avtomobilləri məhv edilib. Eyni zamanda, düşmənin silah-sursat anbarları, komanda qərərgah məntəqələri məhv edilib. Ümumilikdə bütün bu itkilər nəinki, Ermənistanın hərbi büdcəsinə, eyni zamanda ölkə iqtisadiyyatına böyük zərbədir. Proseslərin bu cür davam etməsi Ermənistana böyük iqtisadi zərbə olacaq. Bu isə ölkənin çöküşünü sürətləndirə bilər. Ona görə ki, Ermənistan iqtisadiyyatı davamlı olaraq bu itkilərə qarşılamaq gücündə deyil”.
Hərbi ekspertin fikrincə, Ermənistanın üzləşdiyi itkilərin yaradacağı fəsadlar qaçılmazdır.
Vidadi ORDAHALLI