Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Qeyd edək ki, ölkədə qismən səfərbərlik elan edildikdən sonra cəbhəyə gedənlərin sırasında çoxlu sayda jurnalistlər də var. Bu dəfə məqsəd informasiya təminatı deyil, düşmənlə səngərdə üz-üzə dayanmaqdır. Son xidmətə yollanan jurnalistlərindən biri "ARB 24"-də çalışan jurnalist Fazil Əzimovdur. O, 27 sentyabrda vətənə xidmət üçün yola düşüb və bu barədə "Facebook" hesabında yazıb.
“CBC Sport” kanalının şərhçisi Süleyman Vəliyev də ordu sıralarına qoşulub. Qeyd edək ki, Süleyman Vəliyev 2016-cı ildə aprel döyüşlərinin də iştirakçısı olub.
“Space Tv”-nin Xəbərlər departamentinin koordinatoru, jurnalist Nurlan Cəfəri də ordu sıralarına gedib. Onu da bildirək ki, Nurlan Cəfəri vətənə xidmət üçün könüllü səfərbərliyə yazılan jurnalistlərdəndir. O, döyüşə gedəcəyini şəxsi sosial şəbəkə hesabından bildirib. Sentyabrın 30-da yola düşən jurnalist "Facebook" hesabında bunları qeyd edib: “"Artıq Neftçaladayıq. Saat 12:00-da bizi xidmətə yola salacaqlar. Baş matros Cəfərov Nurlan işğal altında olan torpaqlarımızı düşməndən təmizləməyə və vətən torpaqlarını qorumağa hazırdır! Polad Həşimov, qisasını alacağıq! Qarabağ Azərbaycanındır və nida!"
Döyüşə yollanan jurnalistlərdən biri də "Oxu.az" xəbər portalının müxbiri, jurnalist Aqşin Kərimovdur. Jurnalist A.Kərimov facebook hesabında bunları qeyd edib: "Dostlar, mən də cəbhəyə yollanıram. Bu dəfə jurnalist kimi yox, əsgər kimi. Qalib ordunun əsgəri kimi geri qayıtmaq diləyi ilə. Salamat qalın!".
Tanınmış jurnalist İlham Tumas da cəbhəyə yollanıb.
Space Tv-nin müxbiri, jurnalist Orxan Şükür də döyüşə gedib. O öz sosial şəbəkə hesabında yazaraq bunları bildirib: "Yolumuz haqq yoludur, qeyrət yoludur, namus yoludur, zəfər yoludur! İnşallah, qələbə ilə geri dönəcəyik! Görüşənədək, yoldaşlar!".
Jurnalist Emin Piri də döyüşə yollanan jurnalistlərdəndir.
Son olaraq bildirək ki, döyüşə yollanmaq istəyən jurnalistlərin sayı çox olduğu üçün irəlidəki günlərdə siyahı daha da uzanacaq.
Cəmilə QARAYEVA