Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 19 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətə zərər dəyib.
Ermənistanın mülki əhalinin hədəfə alması xarici medianın gündəmindədir. Belə ki, Perunun bir sıra nüfuzlu KİV-ində (“Prensa 21”, “La Razon”, “Federación de Periodistas del Perú”) Azərbaycan tərəfinin verdiyi məlumatlara istinadən, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücum başlatması barədə məqalələr dərc edilib.
Yazılarda bu hücumların mülki əhali və hərbi qulluqçular arasında itkilərə yol açdığı, dinc yaşayış məntəqələrinə ciddi ziyan dəydiyi, hərbi təcavüzün qarşısını almaq və mülki əhalini qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirildiyi bildirilir.
Ermənistanın son dövrlərdə törətdiyi təxribatların davamı olan bu hərbi təcavüz aktının 1949-cu il Cenevrə Konvensiyaları və əlavə protokolları da daxil olmaqla beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərinin, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin kobud şəkildə pozulması olduğu qeyd edilir.
Onu da qeyd edək ki, xarici mətbuatda ermənilərin dinc sakinləri, mülki əhalini bilərəkdən hədəfə alması xüsusi olaraq vurğulanır.
“Ermənistanın mülki əhalini hədəfə alması beynəlxalq qanunvericiliyə zidd olduğu üçün onların bu hərəkəti xarici mətbuatın gündəmindən düşmür”
Məsələ ilə bağlı fikir bildirən media eksperti Azər Həsrət qeyd etdi ki, hazırki şəraitdə bu münaqişəyə neytral münasibətin şahididir: “Xarici media Azərbaycanın təqdim etdikləri faktlar əsasında qənaətə gəlib ki, Azərbaycan işğalçı ermənilərə qarşı vuruşur. İşğalçı Ermənistan isə mülki əhaliyə qarşı vuruşur. Ermənistan bu tip materiallar təqdim edə bilmir. Saxta təqdim etdikləri material isə qısa müddət ərzində deşifrə olunur. Bütün dünya bilir ki, Azərbaycan haqlıdır, Ermənistan isə…”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistanın mülki əhalini hədəfə alması beynəlxalq qanunvericiliyə zidd olduğu üçün onların bu hərəkəti xarici mətbuatın gündəmindən düşmür. Ermənilərin mülki əhalini atəşə tutması beynəlxalq təşkilatlar tərəfindən də şiddətə qınanır.
Cəmilə QARAYEVA