Ermənistan ordusunun son hərbi əməliyyatların gedişində üzləşdiyi məğlubiyyətin düşmən ölkə daxilində siyasi proseslərə təsir edəcəyi barədə səslənən proqnozlar özünü doğruldur. Məsələ burasındadır ki, Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək üçün başlatdığı əks-hücum əməliyyatları Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini təhlükə altına atıb.
Son araşdırmalar göstərir ki, Paşinyanın ölkədəki siyasi reytinqi kəskin şəkildə aşağı düşüb. Bunu "Son vəziyyətin qiymətləndirilməsi hesabatı" adlı açıqlanan yeni sənəd də təsdiq edir. Sənəddə Nikol Paşinyanın ölkə daxilində ciddi problemlər yaşadığı qeyd olunur. Sənəd Ermənistan araşdırma mərkəzləri tərəfindən hazırlanıb. Burada bildirilir ki, Azərbaycan ordusunun son günlərdə apardığı uğurlu döyüş əməliyyatları ermənilərin Paşinyana inamını sarsıdıb. Digər tərəfdən, Paşinyanın türk mallarını boykot etməyə çağırışı sahibkarlar tərəfindən ciddi qəbul edilməyib. Erməni sahibkarlar "türk malları boykot olunarsa, batarıq," deyə Paşinyana cavab veriblər. 60 min kiçik sahibkar baş nazirin bu çağırışını birbaşa rədd edib. Böyük supermarketlər isə türk mallarını rəflərdən boşaltdıqdan sonra mağazaların böyük hissəsi boş qalıb. Məsələ ilə bağlı açıqlama verən Ermənistan Ticarət Palatasının sədri Vaqram Mirakyan türk mallarına boykot qərarının bir gecədə gerçəkləşdirilməyəcəyini vurğulayıb.
Hesabatda baş verənlərlə bağlı daha sonra deyilir: "Son günlərin hərbi uğursuzluqlarından başını itirən Paşinyan "türklər bizi 100 il bundan əvvəl qılıncdan keçirib, indi də bunu davam etdirirlər" kimi təxribatçı çağırışlar eləsə də, ölkə əhalisi bu sözləri ciddi qəbul etməyib. Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ölkələrindən də gözlədiyi dəstəyi ala bilmədiyi üçün əhali arasında onun siyasi reytinqi aşağı düşüb". Hesabatda o da bildirilir ki, bütün siyasi rəqiblərini həbs etdirməyə başlayan Nikol Paşinyan ölkə daxilində siyasi və iqtisadi sahədə problemlərlə üzləşdikcə Azərbaycanı hədəf göstərməyə çalışır. Eyni zamanda, Rusiyanın Qarabağdakı hadisələrə döyüşlərin başlamasından yalnız dörd gün sonra reaksiya verməsi, Moskvanın Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibətilə təbrik etməsi diqqətçəkən məqam kimi dəyərləndirilərək, bütün bunların Rusiyanın Paşinyan iqtidarına münasibətini ifadə etdiyi vurğulanıb. Burada ekspertlər xatırladır ki, yaranmış durumda “Qarabağ klanı” Paşinyandan intiqam almağa çalışacaq. Bu xüsusda vurğulanır ki, 1998-ci ildə münaqişənin həllinə razılaşan Levon Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırıldı, hakimiyyətə məhz həmin klan gəldi. Robert Köçəryanın 10 illik xuntasının ardınca iqtidara Serj Sarkisyan rejimi gəldi. Amma 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusunun uğurlu əməliyyatı “Qarabağ klanı”nın iqtidardan getməsi ilə nəticələndi. Hərbi xuntadan xilas olmaq ümidi ilə ermənilər taxta çıxan Nikol Paşinyanı “xilaskar” kimi qarşıladı, amma az sonra onun “ağılsız diktator”dan başqa bir şey olmadığını anladılar. Tezliklə “ağılsız diktator” ölkəni daha pis vəziyyətə saldı və vəziyyətdən çıxmaq, hakimiyyətini qorumaq üçün müharibəni başlatdı.
İndi bu halda Azərbaycan ordusunun əks-hücumları nəticəsində Ermənistan ağır itkilər verərək geri çəkilir. Hazırda işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əməliyyatlar davam edir. Bütün bunların fonunda keçmiş xunta rejiminin, vəziyyətdən istifadə edərək, “Paşinyanı hakimiyyətdən endirmək üçün hərəkətə keçdiyi görünür. Robert Köçəryanın Qarabağa gəlişi və separatçı rejimin əvvəlki “rəhbərləri” Arkadi Qukasyan və Bako Saakyanla görüşü də bu prosesin başlanğıcı hesab edilir. Onların hərbi əməliyyatların yaratdığı gərginlikdən istifadə edəcəkləri aydındır. Separatçı rejimin “rəhbəri” Araik Arutunyan da özünü xilas etmək üçün Paşinyanla keçmiş klanın arasında var-gəl etməkdədir. Burada o da nəzərə alınmalıdır ki, Nikol Paşinyan hökuməti iqtisadi baxımdan da uğur əldə edə bilməyib və bu da müharibənin başlanması ilə cəmiyyətdə ondan narazılığı artırır. İndiyədək ölkə iqtisadiyyatına sərmayə cəlb edilməyb. Hökumət binasının qarşısında isə az qala hər gün iqtisadi və sosial tələblərlə iş adamları, tacirlər, kəndlilər etiraz aksiyaları keçirir. Xaricdəki erməni milyonçular və iş adamları da Ermənistandan üz döndərib. Xarici sərmayənin cəlb edilməməsi isə hakimiyyət üçün çox pis göstəricidir. Bu, Ermənistanın risqli ölkə olduğunu, siyasi cəhətdən sabit olmadığını, hökumətə isə etimadsızlığı əks etdirir. Bu şəraitdə başlanan müharibə Paşinynaın mövqeyini daha sürətlə sıradan çıxarır. Rəqibləri də məhz bundan istifadə edərək, onu devirmək üçün hazırlıqlara başlayıb.
Samirə SƏFƏROVA