Azərbaycanın qələbəsi ilə bitəcəyinə heç bir şübhə olmayan cəbhədə döyüş əməliyyatları dünyada hələ də əsas diqqət mərkəzində yer alan hadisələr sırasındadır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun gücü qarşısında duruş gətirə bilməyəcəyi artıq beynəlxalq miqyasda da etiraf edilir. İrəvan özü də bunu dərk edir və məğlubiyyətini pərdələmək üçün belə görüntü yaratmağa çalışır ki, guya Ermənistan silahlı qüvvələri Azərbaycanla yanaşı, Türkiyə ordusu və Suriyadan olan muzdlularla döyüşür. Amma bu xüsusda İrəvanın iddiları da alt-üst olub.
Məhşur “Əl-Monitor” dərgisi də yazır ki, Ermənistanın Türkiyə faktorunu qabartması əbəsdir. Dərgi bu xüsusda yazır: “Münaqişənin necə inkişaf edəcəyi enerji baxımından zəngin bir bölgədə rəqib maraqlara sahib Rusiya, Türkiyə və İranın rolundan da asılı ola bilər. Qarşıdurmaların səhnəsi olan Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınsa da, 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilib. Toqquşmalar bölgənin şimalındakı Murovdağda və cənubda, İran sərhədinə yaxın Füzuli bölgəsində cəmləşib. Azərbaycan-Ermənistan sərhədlərində gərginlik yayda baş verib və həlledici enerji kanalları yolunda yerləşən digər bir ərazidə, Tovuzda qarşıdurmalara səbəb olub. Bölgədə ard-arda hərbi fəaliyyət başlayıb, Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirib və Rusiya hərbi təlimlərinə Ermənistan qoşunları qoşulub. Gərginliyin artmasının arxasında 5 əsas amil var: Həm Azərbaycan, həm də Ermənistan, xüsusən də pilotsuz təyyarələr baxımından yeni hərbi qabiliyyətlər əldə edib; Cənubi Qafqazın enerji siyasətində böyük siyasi dəyişikliklər baş verir, bu da İran və Rusiyanın ixraca zərbələr endirməsi ilə yaxın siyasi və etnik bağlara sahib olan Türkiyə ilə Azərbaycanın enerji əməkdaşlığında dramatik bir artıma təkan verir; Ermənistan hökuməti həm iqtisadi çətinliklər altındadır, həm də ictimaiyyətin diqqətini bundan yayındırmağa ehtiyac duyur; Ermənistanda millətçi və populist tendensiyalar artmaqdadır; Görünən budur ki, Moskva əvvəlki erməni administrasiyalarına nisbətən Moskvaya nisbi dost kimi baxan Paşinyan hökumətini zəiflətmək üçün fürsət axtarır. Qəribəsi budur ki, Moskva indiki gərginliyə atipik dərəcədə laqeyddir. Kreml sanki Əliyevlə Paşinyanı danışıqlar masasına gətirmək istəmir, Rusiya mətbuatı isə iki liderdən müsahibələr almaqla məşğuldur. Azərbaycan ordusu hücum vəziyyətindədir, olduqca asta əməliyyat tempi nümayiş etdirərək “blitskriq” üçün fürsət axtaır. İdeal olaraq, indiyə qədər Dağlıq Qarabağın paytaxtı Xankəndiyə gedən yolların əksəriyyətini nəzarətə götürmək, Tərtər, Ağdam və Füzuli kimi bir neçə şəhər mərkəzini ələ keçirmək əsas plandadır.
Korpus ölçüsündə böyük mexanikləşdirilmiş texnika ilə piyada manevrləri hələ döyüş meydanında görünməyib, lakin hər iki tərəf cəbhə bölgəsində güclənməyə davam edir. Azərbaycan hərbçiləri erməni qüvvələrini səpələnməyə məcbur etmək üçün yeni cəbhələr açır. Ermənilər, öz növbəsində, müdafiə mövqelərindən istifadə edərək Azərbaycan qoşunlarını ləngitmək üçün artilleriya və raket atışları yağdırırlar. Bu vaxt döyüş sahəsindəki yeni bir ünsür olan kamikaze pilotsuz təyyarələri yüksək dəyərli hədəflər axtarır. İddialara baxmayaraq, nə Ermənistanın, nə də Azərbaycanın ballistik raketlərdən istifadə edə biləcəyinə dair hərbi bir işarə var. Ermənistan Rusiyada istehsal olunan 280 kilometrə qədər mənzilli “İsgəndər” ballistik raketlərinə sahibdir, Azərbaycan isə 300 kilometrə qədər uçan İsrail istehsallı “LORA” raketlərinə malikdir. İki böyük dinamika son alovlanmanı əvvəlki toqquşmalardan fərqləndirir. Birincisi, pilotsuz təyyarələrin mövcudluğu. Azərbaycan ordusu Qafqazda baş verən qarşıdurmaların mahiyyətini dəyişmək məcburiyyətində olan Türkiyə istehsallı “TB2” və “Kargu-2” kamikaze dronlarından istifadə edir. Ermənistan ordusu, göründüyü kimi, həssas mövqelərdə və müdafiə xətlərində dron hücumlarından əhəmiyyətli dərəcədə yaralar alıb, pilotsuz döyüşlərə hazırlıqsız yaxalanıb.
İkinci fərq informasiya müharibələrinin intensivliyi və sosial medianın roludur. Azərbaycanlılar dron hücumları ilə bağlı videoları sosial mediada yayaraq güc nümayiş etdirməyə çalışırlar; Ermənistanın təbliğat müharibəsi isə əsasən Rusiya və Qərbdən dəstək almaq məqsədi daşıyan manipulyativ və aldadıcı hesabatların yayılmasına yönəlib. Ermənistanla Azərbaycan arasındakı əvvəlki alovlanmalardan fərqli olaraq, cəbhə xətləri bu dəfə tamamilə donmayacaq. Bu, aşağı intensivlikli münaqişə, dron və informasiya müharibəsi epizodları ilə uzunmüddətli bir aşınma müharibəsi perspektivi vəd edir”. Lakin Azərbaycan ordusunun sürətli qələbə halında vəziyyətin dəyişəcəyi də açıq etiraf edilir. Digər tərəfdən görünən budur ki, regionda hadisələrin gedişini müəyyənlədirən əsas faktorlardan birinin Azərbaycan-Türkiyə tandemi olması Rusiya və beynəlxalq miqyasda da etiraf olunur. Bu isə münaqişənin gedişinə indi daha çox təsir edir.
Tahir TAĞIYEV