İşğalçı Ermənistanın Azərbaycan ərazilərini işağl etdikdən sonra bura zorla, bəzi hallarda isə müxtəlif şirnikləndirici təkliflərlə gətirib məskunlaşdırdığı ermənilər artıq orada qalmaq istəmir. Ermənistanın son təxribatı, terroru nəticəsində Azərbaycan ordusunun işağl altında olan torpaqlarımızda əks-hücum əməliyyatlarına başladıqdan sonra tarixən Dağlıq Qarabağla, digər rayonlarımızla heç bir əlaqəsi olmayan ermənilər bizim torpaqları tərk etməyə başlayıb.
Sosial şəbəkələrdə bəzi erməni saytlarına, erməni sosial şəbəkə istifadəçilərinə istinadən yayılan xəbərlərə görə, son 5 gündə 20 mindən çox erməni Dağlıq Qarabağdan üzü İrəvana doğru qaçıb. 20 min ermənin bizim torpaqlardan qaçıb getməsini Paşinyan höküməti, Ermənistanın hərbi-siyasi rəhbərliyi rəsmən etiraf etməsə də, faktı sosial şəbəkə istifadəçiləri açıqlayıb. Bu gün sosial şəbəkələrdə aktiv olan ermənilər öz statuslarında yazırlar ki, bu insanların çoxu Paşinyan dövründə və ondan əvvəlki rəhbərliklərin hakimiyyəti zamanında Ermənistanın müxtəlif yerlərindən, o cümlədən də xarici ölkələrdən “sizə yüksək yaşayış şəraiti yaradacağıq” deyərək aldadıb gətirdiyi erməni ailələridir və onlar artıq Azərbaycan torpaqlarında qalmaq istəməyib, yenidən Ermənistana gediblər.
Azı 20 min erməninin Dağlıq Qarabağdan Ermənistana qaçması nəyin ifadəsidir?
Akif Nağı: “Bizim ərazilərimizdə yerləşdirilən ermənilər də dərk edir ki, Ermənistan onları bura qurbanlıq kontingent kimi köçürüb və ona görə də qaçırlar”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilərin Dağlıq Qarabağı, Xankəndini və digər işağl altında olan ərazilərimizi tərk etməsi barədə məlumatlara çox ciddi yanaşmalıyıq. “Artıq sosial şəbəkələrdə də ermənilərin Dağlıq Qarabağı tərk etməsi ilə bağlı məlumatlar yayılır. Bundan əvvəl bir neçə dəfə qondarma rejimin “prezidenti”də bildirirdi ki, evakuasiyaya hazır olmalıyıq. Son günlər 20 mindən çox erməninin Dağlıq Qarabağı tərk etməsi təbiidir. Çünki neçə gündür ki, Azərbaycan ordusu əks – hücum əməliyyatlarını davam etdirir, belə bir şəraitdə ermənilərin bizim torpaqları tərk etməsi təbiidir. Azərbaycan dövləti də oradakı əhaliyə müraciət etməlidir ki, çıxın. Bəlkə edib, mən məlumatsızam. Oradan bütün dinc əhali çıxmalıdır. Ona görə ki, orada zorla dinc əhalini saxlayan Ermənistan sonradan “kimsə öldü” deyə hay-küy salmasın. Nəhayət ki, tarixi ədalət yerini alır, Azərbaycan öz doğma tarixi torpaqlarına qayıdır. Sözsüz ki, ermənilər də o torpaqlarda qonaq olduqlarını anlayırlar, ona görə qaçıb gedirlər. Bilirik ki, Ermənistan höküməti ordan-burdan erməniləri aldadaraq işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirmişdi. İndi son dövrlər bizim ərazilərimizdə yerləşdirilən ermənilər də dərk edir ki, Ermənistan onları bura qurbanlıq kontingent kimi köçürüb və ona görə də qaçırlar. Getdikcə bu proses sürətlənəcək və qalan ermənilər də onlara aid olmayan bu əraziləri tərk edəcək”.
A.Nağı qeyd etdi ki, demokratik və hüquqi dövlət olan Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra bura gəlmə olan ermənilər çıxıb getməlidirlər. “QAT olaraq bizim mövqeyimiz belədir, erməniləri hansı ölkələr-Fransa, Rusiya və digəriləri çox istəyirsə Dağlıq Qarabağdakı, Ermənistandakı ermənilərə yer versinlər, onlar da bizim torpaqlardan birdəfəlik getsinlər. Fransanın da, Rusiyanın da kifayət qədər onları yerləşdirməyə ərazisi var. Bu proses nə vaxtsa başlanmalı idi. Bunun isə günahı Azərbaycanda deyil, ermənilərin özündə və xislətindədir. Biz onları qonaq etdik, yaxşı yerlərdə yerləşdirdik, onlara şərait yaratdıq, hər yerdən onlar qovulan vaxtı erməniləri qəbul etmişik. Onlar hər cür çətinliklər, mərhumiyyətlər içində idilər, biz onları qəbul etdik. Amma onlar bizim xoş niyyətlərimizə bu cür məkrlə, xəyanətlə, torpaqlarımızı işğal etməklə cavab verdilər. Ona görə də, ermənilər Azərbaycanın tarixi ərazilərindən çıxıb getməlidirlər. Bunun günahını da özlərində axtarsınlar”-deyə A.Nağı vurğuladı.
Əli Mahmud: “Dinc erməni əhalisi də bilir ki, Paşinyan höküməti onlardan istifadə etmək istəyir, ona görə də qaçıb gedirlər”
“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist Əli Mahmudun fikrincə də, erməniləri bu torpaqlara heç nə bağlamadığı üçün onlar çətinlik yaranan kimi bizim ərazilərimizi tərk edir. “Ermənilərin Qarabağa, Azərbaycan torpaqlarına gəlmə olduğu bütün dünyaya məlumdur. Bu gün ermənilərin Azərbaycan ərazilərini tərk etməsi təəccüblü deyil. Çünki onları Dağlıq Qarabağa, Azərbaycanın digər işğal altında olan torpaqlarına bağlayan heç bir tarixi bağ yoxdur. Dağlıq Qarabağdakı erməniləri Paşinyan və ondan əvvəlki Ermənistan rəhbərliyi hədə-qorxu gücünə, şirinlikləşdirici vədlər hesabına saxlayırdılar. İndi isə bu mümkün deyil. Çünki Azərbaycan ordusu artıq həyata keçirdiyi əks-hücüm əməliyyatları nəticəsində torpaqlarımızı işğaldan azad edir, düşmənə ciddi, sarsıdıcı zərbələr vurur. Ermənilər də yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını azad edəcək, bu səbəbdən də onlara məxsus olmayan torpaqlardan qaçıb gedirlər. Əgər onlar orada doğulsaydılar, ata-babalarının məzarları orada olsaydı heç vaxt getməzdilər, demək bu torpaqlarla onları bağlayan heç nə yoxdur. Azərbaycan ordusunun dinc əhali ilə heç bir işi yoxdur və bizim ordu işğalçı Ermənistanın silahlı birləşmələri, terrorçuları ilə döyüşür, onların təxribatlarına cavab verir, torpaqlarımızı işğaldan azad edir. Döyüş bizim ərazilərimizdə gedir. Həmin ermənilər də yaxşı bilir ki, bir neçə il bundan əvvəl məskunlaşdıqları torpaqlar onların deyil, odur ki, çıxıb gedirlər”.
Ə.Mahmud qeyd etdi ki, Ermənistan höküməti dinc əhalini orada silah, zor gücünə saxlayır, məqsədi isə dinc əhalini ordumuzun qarşına çıxarmaqdır, bizim ordu isə mülki şəxslərə güllə atmır. “Dinc erməni əhalisi də bilir ki, Paşinyan höküməti onlardan istifadə etmək istəyir, ona görə də qaçıb gedirlər”-deyə Ə.Mahmud bildirdi.
İradə SARIYEVA