Torpaqlarımızın işğalçılardan təmizlənməsi ilə bağlı keçirilən hərbi əməliyyatlar nəticəsində düşmənə dəyən ziyan 1 milyard dolları keçib. Məlumdir ki, Ermənistan silahlı qüvvələrinin əsas döyüş texnikası məhv edilən zaman həm döyüş, həm də maddi-texniki təminatda böyük problemlər yaranır.
Sıradan çıxan texnika yenisilə əvəzlənməlidir. Ancaq Ermənistan iqtisadiyyatının hazırki vəziyyəti buna imkan vermir. Açıqlanan statistik rəqəmlərə əsasən, Ermənistanın bu döyüşlərdə itkiləri 1 milyard dolları keçib.
Məlumdur ki, son günlər Ermənistanda iqtisadiyyatın enişi yaşanır. Belə ki, adıçəkilən ölkənin pul vahidi olan dramın məzənnəsi günü-gündən düşür. Həmçinin, Ermənistanla yaxın münasibətdə olan Rusiyanın milli valyutasında da enmənin müşahidə olunması Ermənistan iqtisadiyyatını pis vəziyyətə salıb. Belə olan halda Ermənistan döyüşə uzun müddət tab gətirə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi əks-hücum nəticəsində sentyabrın 27-dən 30-dək məhv etdiyi düşmən ordusunun canlı qüvvə və hərbi texnikasının siyahısını açıqlayıb. Bura 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi daxildir. Həmçinin, düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb.
“Azərbaycan ordusu bir neçə gün ərzində kifayət qədər ciddi şəkildə üstünlüyü ələ ala bilib”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Ermənistan ordusuna dəyən maddi ziyanı hesablayarkən bir incə məqama da diqqət yetirmək lazımdır: “Çox təəssüf ki, Ermənistana uzun illərdir silah ya faizsiz kreditlə, ya da pulsuz verilib. Ermənistanın KTMT (ODKB) üzvü olması önə çəkilərək Rusiya tərəfindən bizə satılan silahdan qat-qat ucuz qiymətə Ermənistana silah satılıb. Qiyməti hesablayarkən bunu da nəzərə almaq lazımdır. Amma ümumilikdə deyə bilərik ki, vurulmuş ziyan həddindən artıq yüksəkdir”.
Ekspert onu da vurğuladı ki, bu məsələdə iqtisadi ziyandan çox psixoloji üstünlük də vacibdir. Hansı ki, Azərbaycan ordusu bir neçə gün ərzində kifayət qədər ciddi şəkildə üstünlüyü ələ ala bilib: “Həm canlı qüvvəyə, həm də texnikaya vurulan ziyan onu göstərdi ki, Ermənistan tərəfinin güzəştə gedərək torpaqların qaytarılması ilə bağlı bəyanatı olmasa, Azərbaycan Ordusu hərbi əməliyyatların qəti qələbəyədək davamı ilə bağlı qərar qəbul edərsə, Ermənistan ordusunun kifayət qədər ciddi zərər görərək, müdafiə qabiliyyətini tamamilə itirməsi gündəmə gələ bilər”.
Cəmilə QARAYEVA