Azərbaycan ərazilərinin tarixən zəbt edilməsi Türk dünyasında quru yolla əlaqələrin qırılmasına da təsirsiz ötüşməyib. Xüsusən də vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk dünyasını coğrafi baxımdan parçaladı.
Belə ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında məhz Zəngəzur yerləşir. Bu mənada, Zəngəzurun Ermənistana verilməsi Türk dünyasının birliyinə vurulmuş zərbə sayılır. Ermənistanın işğalçı siyasəti o səbəbdən təkcə Azərbaycanın yox, ümumilikdə Türk dünyasının problemidir. Lakin Qarabağda başlanan hərbi əməliyyatlar vəziyyəti dəyişə bilər. Bu xüsusda Türkiyənin “Habertürk” portalında maraqlı məqamların əks olunduğu yazı yer alıb. Burada qeyd olunur ki, Qarabağdakı hadisələrin inkişafı Azərbaycan torpaqlarının işğalına son verilməsini təmin etməklə birlikdə, Türk dünyasının gələcəyi üçün böyük önəm daşımaqdadır: “Əgər bu proses tarixi əsaslardan qoparılmadan münaqişənin ədalətli şəkildə həllinədək çatdırıla bilərsə, Türk dünyasının əməkdaşlıq sahəsi müsbət mənada yeni bir qırılma yaşayacaq. Belə ki, XIX əsrdə Osmanlının Qafqazdakı hakimiyyətinə son verməyə və Orta Asiya ilə bağlarını qoparmağa yönəlik həmlələr SSRİ-nin dağılmasından sonra da bənzər bir anlayışla davam etdirilib. Rusiya, İran, Fransa, İngiltərə və ABŞ –müxtəlif ağırlıqlarda olsalar da – bu prosesin parçaları olublar. Miqyası dəyişsə də, Ermənistanın Qarabağ mərkəzli oyunlarda alət kimi istifadə edilməsi məlum bir həqiqətdir. O dövrdə ən açıq olanı Ermənistanın qurulduğu ərazinin, Zəngəzur dəhlizinin Naxçıvan-Azərbaycan və təbii, Türkiyə-Azərbaycan quru bağrına bir bıçaq kimi saplanmasıdır. 1991-ci ildə Azərbaycanın, digər Türk cümhuriyyətləri kimi, yenidən öz müstəqilliyini əldə etməsilə Türkiyənin mərkəzi Xəzər olmaqla bu bölgədə yeni oyunçu kimi ortaya çıxması isə Dağlıq Qarabağ və ətrafının işğal edilməsini sürətləndirib. Qeyd etmək lazımdır ki, bu potensial 1991-1994-cü illər arasındakı qısa dövr ərzində Türkiyə tərəfindən yetərincə oxuna bilməyib və ya dəyərləndirilməyib. Türkiyə bu ölkələrin müstəqilliyinə töhfələr vermiş olsa da, başda enerji qaynaqlarının çıxarılması və nəql edilməsi olmaqla, strateji addımların atılması sahəsində gözləntilərin gerisində qalıb. “Təbiət boşluq qəbul etməz” ifadəsi coğrafiyaların ruhu üçün də keçərlidir. Həqiqətən, bu ölkələrin strateji hədəfi olan uzunmüddətli layihələrində lazım olan təsirli mövqe əldə edə bilməyib. Nəsil dəyişdikcə də yeni gözləntilər ortaya çıxıb və daha geniş əlaqələrin qurulması və idarə olunması məcburi hala gəlib. 2009-cu ildə Naxçıvanda imzalanan anlaşmaya əsasən qurulan Türk Şurası (TŞ) son dövrdə bir genişlənmə mərhələsi yaxalayıb. Uzun illər ərzində Türkiyə ilə durğun münasibətlər yaşayan Özbəkistan Türk Şurasının daimi üzvü olub. Macarıstan isə artıq TŞ-də müşahidəçidir. Ukrayna da qatılmaq istəyir. Bildiyimə görə, sırada başqa ölkələr də var. Mən hələ Rusiya Federasiyası tərkibində və bəzi digər ölkələrin daxilində olan türkdilli icmaları saymıram. Koronavirus pandemiyası ilə birlikdə milli dövlətlərin üstün yönlərinin önə çıxması bu icmalar baxımından da qiymətli imkanlar yarada bilər.
Qarabağdakı işğala son verilməsi halında, türk dünyasının, xüsusilə də çoxlu layihələr həyata keçirməsilə bağlı, güclü bir impuls yaxalaması mümkün görünməkdədir. Öncəliklə qeyd edək ki, özünə və təsir gücünə inamın artması hissi bu ölkələri yeni motivasiya sahəsinə daşıyacaq. Türkiyənin Xəzərin o biri tayı ilə quru əlaqəsi yaratması Çindən Avropayadək uzanan “Orta dəhliz”də yeni bir mənzərə ortaya çıxaracaq. Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan tərəfindən tanınması yenidən gündəliyə gələ bilər. Bununla birlikdə, ilk dəfədir qeyd edirik ki, Türk Şurasına Asiya-Sakit okean bölgəsindən də qatılmaların olması (ilk növbədə Cənubi Koreya) hər an gündəliyə gələ bilər. Bütün bunları nəzərə alaraq, “Məsələ sadəcə Dağlıq Qarabağ məsələsi deyildir” demək olar”. Burada xatırladaq ki, Naxçıvanda yaradılan Türk Şurası böyük inkişaf yolu keçib və Türk dünyasının əməkdaşlığı, yaxınlaşması istiqamətində əhəmiyyətli addımlar atılıb. Qurumun BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənib. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası yaradılıb və bu platformalar üzərindən türk dünyasının zəngin mədəni irsinin tədqiqi, maddi və mənəvi dəyərlərinin dünya səviyyəsində təbliği istiqamətində addımlar atılıb. Türk Şurası fəaliyyət göstərdiyi müddətdə türkdilli dövlətlərin siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları, eləcə də digər sahələrdə əməkdaşlığının inkişafında mühüm rol oynayıb. Azərbaycan türkdilli ölkələrin dünya bazarına əsas çıxış qapısı kimi bu istiqamətdə əhəmiyyətli rola malikdir. Belə ki, Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Bu fonda Qarabağ məsələsinin həlli Türk dünyası üçün yeni böyük üstünlüklər vəd edir.
Nahid SALAYEV