Azərbaycanın tarixən multikultural, tolerant bir ölkə olduğunu deyənlər, yazanlar yanılmırlar. Həqiqətən də ölkəmizdə multikulturalizm yeni bir sistem deyil, bu tarixi kökləri, ənənələri olan böyük bir dəyər, yaşam tərzi, birgəyaşayış, milli müxtəlifliyi ifadə edən modelidi. Əlbəttə, tarix boyu multikulturalizm özünün bir neçə inkişaf mərhələsini yaşayıb.
XX əsrin əvvəllərində multikulturalizm özünü bir az da geniş şəkildə ifadə edə bilib. Xüsusən də Azərbaycan Xalq Cumhuriyyəti dönəmində milli etnik müxtəliflik Azərbaycançılığın tərkib hissəsi kimi daha açıq formalarda təzahür etməyə başlayıb. Azərbaycanda Azərbaycançılığın əsas tərkib hissəsindən birini təşkil edən multikulturalizm, tolerantlıq Azərbaycan Xalq Cumhuriyyəti dövründə də inkişaf edib. Təməli sarsılmaz olan multikulturalizm Azərbaycanda özünəməxsus formada inkişaf edib.
Cumhuriyyət hökumətində və parlamentində müxtəlif xalqların nümayəndələri, icmaların təmsilçiləri də yer alırdı...
Azərbaycan Xalq Cumhuriyyəti hökümətində, parlamentində Azərbaycan türkləri ilə yanaşı ölkəmizdə yaşayan qeyri xalqların da nümayəndələri təmsil olunurdu. Xalq Cumhuriyyəti dövründə də ölkəmizdə tarixən yaşayan xalqların, milli azlıqların hüquqlarını tanıyır, onların inkişaf etməsi üçün səylər göstərilirdi. Cumhuriyyət hökümətində və parlamentində müxtəlif xalqların nümayəndələri, icmaların təmsilçiləri də yer alırdı. Sözsüz ki, bütün bunlar Azərbaycançılıq ideologiyasının inkişafına xidmət edən amillər idi. Eyni zamanda Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayıb və bu gün də oynamaqdadır. Azərbaycan dövlətinin hər zaman ayaqda qalmasının, inkişaf etməsinin kökündə hər zaman Azərbaycançılıq ideyası dayanıb. Həm Cumhuriyyət, həm də yeni dövrdə respublikamızda milli-etnik zəmində heç bir bölücülük, ayrı-seçkilik olmayıb. Təbii ki, ermənilərin bizə və digər xalqlara qarşı yaratdığı çoxsaylı problemləri nəzərə almasaq. Azərbaycanda 100 il bundan əvvəl də, indi də milli-etnik ixtilaf olmayıb, dinindən, etiqadından və etnik kimliyindən asılı olmayaraq 100 il əvvəl olduğu kimi bu gün də bütün xalqlar azərbaycançılıq ideyası ətrafında birləşib.
“Azərbaycan Xalq Cumhuriyyətinin hökümətində qeyri azərbaycanlıların...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində vurğuladı ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Alim qeyd etdi ki, tarixi ənənələrə nəzər salsaq istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış görə bilərik.
F.Ələkbərli bildirdi ki, Azərbaycan Xalq Cumhuriyyəti dönəmində də ölkəmizdə milli-etnik, dini istiqamətdə heç bir problem yaşanmayıb. “İstər Azərbaycan Xalq Cumhuriyyətinin hökümətində-Nazirlər Kabinetində, istərsə də parlamentində qeyri azərbaycanlıların da yer alması faktları olub. Bu həm həmin dövrdə ölkəmizdə olan multikultural mühitdən, həm xalqımızın əsrlər boyu formalaşan adət-ənənəsindən irəli gələn bir yanaşma idi. Yəni indiyə qədər heç bir vaxt Azərbaycan-türk dövlətçiliyi tarixində qeyri-azərbaycanlılara, hətta dini inancları ayrı olan xalqlara qarşı ayrı-seçkilik olmayıb, həmişə onların Azərbaycan dövlətçiliyində təmsil olunmasına imkan yaradılıb. Onlar istər hökümətdə, yaxud dövlət rəhbərliyində, eləcə də məşvərət məclislərində qeyri-azərbayanlılar heç bir ögey münasibətlə, ayrı-seçkiliklə qarşılaşmayıb. 1918-ci ildə qurulan Xalq Cumhuriyyətinin parlamentində, Nazirlər Kabinetində, eyni zamanda hərbi, səhiyyə, təhsil və digər nazirliklərdə heç bir ayrı-seçkiliyə yol verilməyib”.
“Vətənə, dövlətə xəyanət etməyən hər bir şəxs bu ölkənin vətəndaşıdırsa, bu ölkəyə xidmət edirsə...”
F.Ələkbərlinin sözlərinə görə, Cumhuriyyət Nazirləri arasında qeyri-türklər də olub və onlar bu istiqamətdə fəaliyyət göstəriblər. “Məsələn, Azərbaycan Cumhuriyyətinin Nazirlər Kabinetində xüsusilə də slavyan-rus, polyak, ukayna mənşəli nazirlər olub. Slavyan Rus Cəmiyyətindən olan Yevsey Gindes Xalq sıhiyyəsi naziri idi. Slavyan Rus Cəmiyyətininin digər təmsilçisi Konstantin Lizqar Ərzaq naziri, yenə həmin cəmiyyətdən Protasov Maliyə naziri vəzifəsini daşıyıb. Eyni zamanda Azərbaycan Xalq Cumhuriyyətinin dördüncü hökümətində Slavyan Rus Cəmiyyətinin təmsilçisi Viktor Klenevski Sosial – Təminat Naziri işləyib. Gördüyünüz kimi onlar səhiyyə, sosial-təminat, ərzaq nazirliklərinin başında durublar. Cumhuriyyət hökümətinin Nazirlər Kabinetində qeyri-azərbaycanlıların, qeyri türklərin yer alması həmin şəxslərin biliyi, istedadı, peşəkar kadrlar olmasından irəli gəlirdi. Həm də dediyimiz kimi Azərbaycan xalqının xislətində ayrı-seçkilik etmək anlayışı yoxdur. Yəni Vətənə, dövlətə xəyanət etməyən hər bir şəxs bu ölkənin vətəndaşıdırsa, bu ölkəyə xidmət edirsə, o nazir postlarını da tuta, digər yüksək vəzifələrə də təyin oluna bilər. Hərbi Nazirliyimizdə, o dövrdə mövcud olan hərbi müdafiə strukturumuzda da polyak, ukrayna və digər mənşəli bizim zabitlərimiz olub. Onlardan ən məşhurlarından biri Azərbaycan Xalq Cumhuriyyəti ordusunun Baş qərərgah rəisi mənşəcə Belarus-Litva tatarlarından olan Süleyman bəy Sulkeviç idi. O və adlarını qeyd etmədiyim yüksək rütbəli zabitlər Azərbaycan ordusuna, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət ediblər”.
Cumhuriyyətin alman, yəhudi, polyak, rus və sair millətlərin təmsilçisi olan deputatları...
Azərbaycan Xalq Cumhuriyyətinin parlamentində də milli-etnik müxtəlifliyin olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, bu da ölkəmizdə tarixən multikultural, tolerant bir mühit, şərait olduğunu deməyə əsas verir. “Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti haqqında da bu fikirləri söyləmək olar. Parlamentdə də bir neçə partiya, bir neçə cəmiyyət, icma təmsil olunurdu. Xüsusilə də burada ermənilərin, rusların-slavyanların və başqa xalqların partiyalarının olduğu məlumdur. Bildiyimiz kimi Rus Milli Şurasından, Yaxud Slavyan Rus Cəmiyyətindən də parlamentdə təmsilçilər olub. Polyak, alman, yəhudi və digər mənşəli deputatlar var idi. Onlar Azərbaycan Xalq Cumhuriyyətinin parlamentində çox fəal iştirak ediblər. Biz hazırda buna Azərbaycan xalqının, dövlətinin multikultural dəyəri olaraq qiymət veririk. Əlbəttə, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinə həmişə böyük dəyər verilib. Bütün hallarda Azərbaycan xalqının öz mahiyyətində tolerantlıq, başqa xalqlara, etnik qruplara, dinlərin nümayəndələrinə dözümlü münasibət var, heç bir ögeylik yoxdur”.
“Bütün hallarda xalqımız öz milli adət-ənənələrinə, öz multikutural dəyərlərinə söykənərək...”
F.Ələkbərli bildirdi ki, Xalq Cumhuriyyəti dövründə Azərbaycan xalqına qarşı ermənilər xəyanətkar mövqe tutub. Baxmayaraq ki, onlara qarşı heç bir ayrı-seçkilik edilmirdi, amma onlar öz milli xislətlərinə sadiq qalaraq xalqımıza, cumhuriyyət hökümətinə qarşı xəyanət yolu tuturdu deyən F.Ələkbərlinin sözlərinə görə, onların xəyanəti nəticəsində başımıza çox müsibətlər gəlib. “Ermənilərin xəyanətləri bitib tükənmək bilmir. Onlar xalqımıza qarşı çox böyük cinayətlər ediblər. Bizə xəyanət edənlərə də Azərbaycan xalqı müdrikliklə yanaşıb. Bütün hallarda xalqımız öz milli adət-ənənələrinə, öz multikutural dəyərlərinə söykənərək hər zaman həqiqətin yanında olub. Bu gün də əslində müstəqil Azərbaycan Respublikası da Azərbaycan Xalq Cumhuriyyəti dövründə olduğu kimi heç bir xalqa, millətə, dini icmaların nümayəndələrinə qarşı ayrı-seçkilik etmir. Bizim ölkəmizdə milli, dini, irqi, siyasi baxımdan heç bir problem yaşanmır. Etnik kimliyindən asılı olmayaraq ölkəmizdə yaşayan xalqların nümayəndələri öz bilik və bacarığı, dövlətə, dövlətçiliyə bağlılığı ilə dövlət strukturlarında, parlamentdə təmsil olunurlar. Yenə də deyirəm minillər boyu mövcud olan və günümüzdə də yaşadılan, təbliğ edilən multikuturalizmi Azərbaycançılıq ideyasının ayrılmaz qolu kimi yenə də yaşadacağıq və onu gələcək nəsillərə ötürəcəyik. Amma Azərbaycan türklərinin milli-etnik baxımdan üstünlük təşkil etdiyi ölkələr var ki, orada bizim xalqımızın nümayəndələrinə çox ciddi problemlər yaşadırlar. Bizim ölkədə isə əksinə, heç bir milli, dini fərq qoyulmadan bacarığı, biliyi olan insanlar irəli çəkilir, onlar müxtəlif yüksək vəzifələrə təyin edilirlər. Bu Xalq Cumhuriyyəti dövründə də belə olub. Tolerantlıq, başqa xalqların dilinə, mədəniyyətinə, dininə sayğı-hörmət bəsləmək bizim içimizdən gəlir. Təsadüfi deyil ki, Azərbaycan dünyada ksenofobiyanın, milli, dini, irqi ayrı-seçkilin olmadığı nadir ölkələrdən biridir” - deyə F.Ələkbərli vurğuladı.
Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cumhuriyyətinin bir dövlət kimi inkişafında ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin də payı olub. Bu dövlət hamımızındır. Ölkəmizdə yaşayan milli etnik icmaların nümayəndələri dünənlərdə olduğu kimi bu gün də Azərbaycanın, Azərbaycançılığın bayrağı altında birləşib, birliyimizə böyük töhfələr verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.