Artıq 4 gündür ki, Azərbaycan öz ərazisində işğalçılara qarşı təmizləmə əməliyyatları keçirir. Bu əməliyyatın miqyası elə böyükdür ki, müharibə anlmına gəlir. İnformasiya texnologiyalarının inkişaf etdiyi şəraitdə mübarizənin yalnız səngərdə deyil, həm də informasiya sahəsində getdiyini deyə bilərik.
Bizdə ermənilərin müharibəyə hazırlaşdıqları ilə bağlı məlumatlar vardı. Hətta ölkə başçısı müsahibəsində bildirdi ki, Ermənistan belə hazırlıqlar görür. Ondan bir neçə gün əvvəl isə DTX məlumat yaydı ki, əhalimiz sosial şəbəkələrdə feyk xəbərlər yazan səhifələr və şəxslərlə bağlı ehtiyatlı olsun. Deməli, bizdə düşmənin informasiya təxribatları barədə də müfəssəl məlumatlar olub. 4 günlük müharibənin gedişi göstərir ki, düşmən, səngərdə olduğu kimi, bu səhədə də bizə uduzur. Bunun üçün də yalan məlumatlar tirajlamaqla üzünü ağartmaq istəyir. Döyüş məlumatları ilə bağlı yayılan xəbərlərdən biz bunları aydın hiss edirik. Ermənistan Müdafiə Nazirliyi köhnə video və montaj olunmuş fotoları paylaşmaqla daxili auditoriyasını aldatmağa çalışır. Bir sözlə, bu günlər ərzində Ermənistanın informasiya siyasətində ziddiyyətlər və zəifliklər özünü tam mənada göstərir. Bu barədə ekspertlər nə düşünür?
Cəbhə.info saytı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahədə Azərbaycanın aşkar üstünlüyü hiss edilir: “Ermənistanın hərbi sahədə aldığı zərbələr özünü informasiya sahəsində də göstərməyə başlayıb. Hiss olunur ki, qarşı tərəfdə bir panika var. Bu da onların müharibəni uduzduqlarının fərqində olmalarından qaynaqlanır. Biz bu sahədə tam üstünlüyü ələ almışıq. Dünyanın ən aparıcı informasiya sistemləri Azərbaycanın yaydığı xəbərlərə istinad edir. Bizim haqq səsimizin dünyaya çatdırılmasında obyektivlik göstərirlər. Bu bizim informasiya qələbəmizdir. İndiyə qədər isə tamamilə başqa bir mühit hökm sürürdü. Bu ondan ibarət idi ki, Ermənistan informasiya yayımında bizi çox qabaqlayırdı. Bu dəfə biz fərqli mənzərənin şahidi oluruq. Bizim üstünlüyümüzü şərtləndirən amillər var. Görünən budur ki, biz media, diaspor, QHT-lər olaraq bu prosesə yaxşı hazırlaşmışıq. Hamı üzərinə düşənin öhdəsindən layiqincə gəlir. Tamamilə hazırlqlı olmağımız bizi qalib edib. Hərə öz sahəsində qələbəmiz üçün addım atır. Ermənistandakı informasiya siyasətində tam dağınıqlıq var. Hətta belə həssas məqamda onların fərqli qurumlarının yaydıqları informasiyada ziddiyyətlərə rast gəlirik. Bizim qələbəmiz özünü yalnız döyüş meydanında deyil, həm də ideoloji sahədə göstərir. Belə vəziyyət Ermənistanın artıq məğlubiyyətlə barışdığını şərtləndirir. Tam qələbəmiz isə çox yaxındadır. Biz Ermənistandakı informasiya xaosunu onların yaydığı hərbi məlumatlarda görürük. Azərbaycan tərəfinin konkret sübutlarla ortaya qoyduğu faktları yalan çıxarmaq üçün müxtəlif quraşdırma məlumatlar dövriyəyyə buraxırlar. Döyüş meydanından yaydıqları videoların böyük əksəriyyəti reallığı əks etdirmir, hətta köhnə və montaj materiallardan istifadə edirlər. Bunun da başlıca səbəbi öz daxili auditoriyalarını yalanla sakitləşdirmək cəhdlərilə bağlıdır. Ancaq belə vəziyyət uzun sürə bilməz. Ermənistan mövqe, texnika, canlı qüvvə itkilərini də xalqdan tam gizlədir”. Biz onların növbəti informasiya məğlubiyyətini Paşinyanın timsalında “Rossiya-1”in efirində gördük. Dövlətin başçısı milyonluq auditoriyanın qarşısında ağ yalanlar danışdı. Elə həmin verilişdə iştirak edən ekspertlər öz sosial şəbəkə hesablarında Paşinyanın yalançı olduğunu yazdılar. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan xaos mərhələsinə qədən qoyub. Bu da onların məğlubiyyətini bir qədər də tezləşdirəcək.
Məhəmmədəli QƏRİBLİ