Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan “Rossiya-1” telekanalının canlı efirində müsahibə veriblər.
Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibədə səsləndirdiyi fikirlər yalan və həqiqətə uyğun olmayan məlumatlar üzərində köklənib. Paşinyan müsahibəsində iddia edib ki, Ermənistanın əməlləri guya Azərbaycanın təcavüzünə cavabdır. Yəni Azərbaycan təcavüz etdiyi üçün onlar bu kimi aqressiv cavab addımları atırlar. Nikol iddia edib ki, münaqişənin hərbi yolla həlli yoxdur və ola da bilməz. Utanmadan bəyan edib ki, Azərbaycanda suriyalı muzdlular var: “Azərbaycanın yaşayış məntəqələrində onlarla yerli əhali arasında toqquşmalar baş verib. Muzdlular bu kəndlərdə şəriət qanunları yaymağa çalışırlar”.
Hansı ki, onun bu fikirləri tamamilə cəfəngiyyatdır. Azərbaycanda heç bir ölkədən muzdlu döyüşçü yoxdur.
Bununla belə, Paşinyan deyib ki, danışıqlar üçün müvafiq atmosfer olmalıdır və hərbi əməliyyatlar getdiyi müddətdə bu haqda danışmaq çətindir. Göründüyü kimi, illərdir danışıqları pozan tərəfin danışıqlar üçün müvafiq atmosferin olması “tezisini” irəli sürməsi gülüncdür.
Bütün bu deyilənlərin fonunda, Paşinyan Rusiya telekanalına müsahibəsində Ermənistan diplomatiyasının hansı yalanlarını ifşa etdi?
“Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi digər ittiham xarakterli fikirlərin də heç bir əsası yox idi”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev buna bir neçə aspektdən yanaşdı: “Əvvəla müsahibədə açıq-aşkar görünürdü ki, Paşinyan ruhi həyəcan vəziyyətindədir. Eyni zamanda, isterik vəziyyətdə və qorxaqcasına sualları cavablandırırdı. Bununla belə, onun təbəssümündə erməni xislətinə xas xüsusiyyətlər özünü göstərirdi. Bunlar yalanın, böhtanın üzərində qurulmuş bir təbliğat idi. Onun ən böyük yalanı Azərbaycanı təcavüzdə ittiham etməsi ilə bağlı idi. Bununla həm özünü, həm də Ermənistan diplomatiyasını gülünc vəziyyətdə qoydu. Ən azından, ona görə ki, bütün dünya təcavüzkar tərəfin Azərbaycan yox, Ermənistanın olduğunun fərqindədir. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edib. Belə olan halda, Azərbaycanın hansı “təcavüzündən” söhbət gedə bilər?
Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi digər ittiham xarakterli fikirlərin də heç bir əsası yox idi. Ancaq Paşinyandan əvvəl Prezident İlham Əliyev sualları cavablandırdı və çox əsaslandırılmış şəkildə prosesi izah edərək Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Azərbaycanın beynəlxalq hüquqa görə haqqını, hüququnu qorudu və mövqeyini ortaya qoydu. Ancaq Paşinyanın dediklərində həqiqətə uyğun heç nə yox idi. Bütün bunlara rəğmən, biz təbliğat işimizi daha da gücləndirməliyik. Təbliğatımızı dünya standartlarına uyğun qurmalıyıq”.
Partiya sədrinin fikrincə, Paşinyanın müsahibəsinin timsalında Ermənistanın təcavüzkar mahiyyəti bir daha bəlli oldu.
Vidadi ORDAHALLI