Son günlər sosial şəbəkələrdə İrandan Ermənistana hərbi texnikanın daşınması ilə bağlı görüntülər yer alıb. Sözügedən foto və videolar İranda yaşayan azərbaycanlılar tərəfindən çəkilib. Buna etiraz olaraq İrandakı azərbaycanlılar həmin texnikaları daşıyan avtomobilləri yandırıblar və daha sonra bu hadisənin videolarını yayıblar.
Onu da qeyd edək ki, Ermənistana hərbi texnikanın daşınması islam həmrəyliyinə və qonşuluq, dostluq münasibətlərinə zidd addımlardır. Ona görə ki, Ermənistanın uzun illərdir apadığı işğalçılıq siyasəti ortadadır. Ermənistan təkcə Azərbaycana qarşı işğalçılıq siyasəti aparmır. Bu ölkə həm də islam irsinə, mədəniyyətinə qarşı təcavüzkarlıq siyasəti aparır. Məsələ ondadır ki, işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayonda islam irsinə aid abidələr, məscidlər məhv edilib. İslam irsini özündə ehtiva edən nümunələr silinir. Ermənistanın Azərbaycan xalqına qarşı davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi-dini abidələrimiz və ziyarətgahlarımızdır. İşğal altında qalan abidələrimiz, o cümlədən, digər mədəniyyət nümunələrimiz dağıdılır, təhqir olunur. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər məhv edilib. Bu baxımmdan, Ermənistana silah ötürülməsinə yol vermək olmaz.
“İrandan Ermənistana silah daşınmasına qətiyyən imkan vermək olmaz”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, belə hallar, ilk növbədə, islam həmrəyliyinə və qonşuluq münasibətlərinə ziddir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan İranla qonşu olmaqla yanaşı, ən uzun sərhədə malikdir. İki ölkə arasında dərin tarixi, mədəni əlaqələr mövcuddur. Hər iki ölkə müsəlman dövlətidir. İranda çoxsaylı soydaşımız yaşayır. Başqa bir tərəfdən, İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret qərarları var. Sözügedən qərarlarda Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır. Belə olan halda, İrandan Ermənistana silah daşınmasına qətiyyən imkan vermək olmaz. Ola bilsin ki, hansısa üçüncü qüvvə bunu edir və iki ölkə münasibətlərinə xələl gətirmək istəyir. Məsələnin bu tərəfini də nəzərə almaq lazımdır. O üzdən, İran İslam Respublikasının müvafiq qurumları bütün bunları araşdırmalıdırlar. Unutmaq olmaz ki, Qarabağın işğal altında qalması həm də İran üçün potensial təhdid mənbəyidir. İşğalçı Ermənistanın islam abidələrinə qarşı həyata keçirdiyi vandalizm aktlarını bütün müsəlman ölkələri bilməli və bundan gərəkən nəticələr çıxarmalıdırlar”.
Siyasi ekspertin fikrincə, indiki məqamda islam həmrəyliyinin qorunması olduqca vacib amildir.
Vidadi ORDAHALLI