Sentyabrın 29-da “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişində iştirak edən rusiyalı hərbi ekspert İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan debata maraqlı şərh verib.
Korotçenko verilişə dair fikirlərini öz tvitter hesabında paylaşıb:
“Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən döyüş əməliyyatları Azərbaycanın ərazisində Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır”.
Qeyd edək ki, bu İlham Əliyevin Paşinyanı çıxılmaz vəziyyətdə qoyduğu ilk müstəvi deyildi. Bundan əvvəl Münhendə təşkil olunan debatda da Paşinyan İlham Əliyevin qarşısında aciz durumda qalmışdı. Göründüyü kimi, İlham Əliyevin Paşinyan üzərindəki aşkar üstünlüyünü kənar ekspertlər də tam təsdiq edir. Bu üstünlüyü şərtləndirən hansı amillərdir?
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İlham Əliyev sözün əsl mənasında Paşinyanı yenidən nokaut vəziyyətinə saldı: “Bu aşkar üstünlüyü şərtləndirən bir çox amillər var. Əvvəla, İlham Əliyev çox təcrübəlidir. Dahi siyasətçinin ailəsində doğulub, siyasi mühitin hakim olduğu ailədə tərbiyə alıb. Bundan əlavə, İlham Əliyev gözəl təhsil alıb. Rusiyalı ekspertin qeyd ediyi kimi, dünyanın ən nüfuzlu ali təhsil müəsissələrindən sayılan məktəbin məzunudur. Bundan əvvəl analoji vəziyyəti biz Münhen Təhlükəsizlik Konfransı zamanı təşkil olunan debatda hiss etdik. Onda da Nikol Paşinyan İlham Əliyev qarşısında rəzil duruma düşdü. Hər iki halda biz eyni zamanda Paşinyanın xarici dilləri çox primitiv səviyyədə bildiyinin şahidi olduq. Nəzərə alaq ki, birinci debat ingilis, ikinci müsahibələr isə rus dilində aparılırdı. İlham Əliyev isə bu dillərin hər ikisində ana dili kimi danışır. Bundan əlavə, İlham Əliyev bu məsələdə haqlı tərəfdir, ona görə də onun arqumentləri daha əsaslıdır. Paşinyan isə cinayətkar, işğalçı statusunda orda danışır. O məcburdur ki, öz cinayətlərini yalanlarla ört-basdır etsin. Təbiidir ki, İlham Əliyev kimi təcrübəli siyasətçinin qarşısında bunu etmək asan deyil. Ona görə də, dəqiq əks zərbələrlə yerində oturdulur. Rusiya telekanalındakı debatda biz Paşinyanın necə ağ yalanlar danışdığının şahidi olduq. Onun çıxışı sadəcə biabırçılıq idi. Bu həm də Paşinyanın isterik vəziyyətdə olduğunu göstərdi. Gah havaya türk qırıcılarını “qaldırdı”, gah suriyalı terroristləri Azərbaycana “gətirdi”, ancaq nəyəsə müvəffəq ola bilmədi, əksinə, özünü daha da rəzil duruma saldı. Bu, eyni zamanda, xeyirlə şərin mübarizəsidir. Belə hallarda isə, təbiidir ki, qələbə şərin tərəfində olmur. Paşinyan bir daha sübut etdi ki, küçədə xalqı aldadıb hakimiyyətə gəlmək heç də yaxşı dövlət rəhbəri olmaq anlamına gəlmir. Ən yaxşı halda o, yaxşı provakator ola bilər. Son qarşılaşma bir daha göstərdi ki, o, İlham Əliyevlə müqayisəolunmaz durumdadır”.
Paşinyanın bu vəziyyətini xarici media qurumları, tanınmış politoloqlar da müzakirə edir və bu nəticəyə gəlirlər ki, o əsl diletantdır.
Məhəmmədəli QƏRİBLİ