Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 29-da keçirilən axşam brifinqində ordumuzun əldə etdiyi bir sıra üstünlüklərin qarşısında ermənilərin tam özlərini itirdiklərini bildirib.
Ermənilərin bu xüsusda bir sıra addımlar atdığını bildirən nazirlik rəsmisinin sözlərinə görə, əldə olunan kəşfiyyat məlumatına əsasən, İrəvanın hava məkanını müdafiə edən S-300 tipli zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir: “Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir”.
Ermənistanın bu addımı sırf düşdükləri çətin durumları ilə bağlıdır. Bu baxımdan da maraqlıdır, həmin S-300 tipli raketləri zərərsizləşdirmək üçün ordumuzun hərbi arsenalında lazımi texnika varmı?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenat İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın atdığı bu addım hərbi təxribatdan başqa nəsə deyil: “S-300 tipli raketlər hazırda gedən döyüş şəraitində işlədilmir. Onlar uzun mənzilli raketlər sayılır. Bunu bir diversiya kimi də qiymətləndirə bilərik. Müdafiə Nazirliyinin bununla bağlı rəsmi cavabı oldu ki, əgər bu silah kompleksləri Qarabağa yerləşdirilərsə, dərhal məhv ediləcək. Demək istəyirəm ki, Azərbaycan ordusunun hərbi arsenalında həmin raketlərdən geri qalmayan ciddi alternativləri mövcuddur. Hərbi sirr olduğu üçün bu barədə tam təfsilatı ilə danışmaq istəmirəm. Bizim həm də S-300 tipli silahlarımız kifayət qədərdi. Hətta bu tip silahları zərərsizləşdirəcək müasir silahlarımız da var. Azərbaycan Silahlı Qüvələrinin maddi-texniki imkanları bu tip raketlərin zərərsizləşdirilməsinə tam imkan verir. Belə uzaq mənzilli silahların bölgəyə gətirilməsində həm də psixoloji amil rol oynaya bilər. Onlar zaman-zaman Azərbaycana qarşı təxribat xarakterli bəyanat və hərəkətlərə yol veriblər. 2019-cu ildə Ermənistanın müdafiə naziri Tonoyan bəyan etmişdi ki, onlar nəinki işğal etdiləri torpaqları geri qaytarmayacaq, hətta əksinə, yeni ərazilər zəbt etməyi planlaşdırırlar. Bu sırada Tərtərin, Gəncənin adını çəkirdilər. Bu növbəti bir erməni həyasızlığı idi. Həmin təxribat bu gün də davam edir. S-300-lərin Qarabağa gətirilməsi söz-söhbətə səbəb ola bilər, ancaq geniş mənada nəyisə dəyişən deyil. Bu bir psixoloji və hərbi təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycanın S-300-dən də müasir olan kifayət qədər silahı var. İstənilən addıma adekvat cavabın veriləcəyinə qəti şübhə olmasın”.
Ordumuz bu istiqamətdə erməniləri çox gözlətməyib. Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən verilən məlumata diqqət edək: “Gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu (ZRK) sıradan çıxarılıb”.
Bir daha məlum olur ki, Azərbaycan Müdafiə Nazirliyi düşmən tərəfin qurumları kimi uydurma və fantaziyaya əsaslanan məlumatlar yaymır. Edilən bütün xəbərdarlıqları dərhal yerinə yetirir. S-300-lərlə bağlı olunan xəbərdarlıqdan bir neçə saat sonra həmin qurğunun məhv edilməsi ordumuzun qarşıya qoyduğu istənilən hədəfə çatmaq əzmində və gücündə olduğunu nümayiş etdirir. Yaxşı olardı ki, Ermənistan bizim qarşımızda heç nəyi ilə öyünməsin. Bir neçə günün müharibəsi göstərdi ki, onlarda artıq öyünəsi nəsə qalmayıb. Belə yersiz manipulyasiyalar Ermənistan ordusunun daha da rəzil durumda olduğunu göstərir.
Məhəmmədəli QƏRİBLİ