Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələr müzakirə edilib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
Aparıcının “bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub” sualına cavab verən Prezident qeyd edib ki, Paşinyana bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi: “Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”.
N.Paşinyan baş vermiş son hadisə ilə əhalinin diqqətini yayındıra bildimi?
“…Ermənistanın itkisi tək bununla bitmir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanın təcavüzü nəticəsində elə həmin ölkə çox sayda itki verməkdə davam edir. Ermənistanın itkisi tək bununla bitmir: “Belə ki, son hadisə həmin ölkənin iqtisadiyyatını daha da zəiflədib. Baş vermiş son hadisələr Paşinyanın reytinqini aşağı salır. Təbii ki, belə olan halda, Ermənistan əhalisi onun istefa verməsini, ölkədən çıxıb getməsini tələb edir. Təəssüf ki, o, xalqın tələbinə əhəmiyyət vermir”.
Millət vəkilinin sözlərinə görə, son döyüşlərdən Ermənistan cəmiyyəti özü üçün nəticə çıxarmalıdır. Onlar anlamalıdırlar ki, qonşu dövlətin torpağını işğal etməklə Ermənistan heç bir problemini həll edə bilməyəcək. Paşinyan sosial-iqtisadi xarakterli vədləri yerinə yetirə bilmədi. Eyni zamanda, qondarma Dağlıq Qarabağ rejiminin müstəqil tərəf kimi danışıqlara qoşulmasına nail olmadı”.
Günel CƏLİLOVA