“Diversiya qrupunun başçısı yaxalanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi”.
Bunu Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başlayıb: “Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxalanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi”.
Məlum oldu ki, sözügedən diversiya qrupu dinc insanları hədəfə götürübmüş. Bu isə beynəlxalq cinayətdir. İndi aydın olur ki, Ermənistan tərəfi adıçəkilən diversantın ələ keçməsindən niyə bu qədər narahat imiş. Bir ara bəyan etdilər ki, o, diversant deyil. Hər vasitə ilə onu tez dəyişmək istədilər, amma alınmadı. Sən demə, sözügedən diversantın ilkin ifadələri Ermənistanın dövlət səviyyəli cinayət planlarının üstünü açıb. O üzdən, erməni tərəfi həmin diversantın üzərində bu qədər, necə deyərlər, əsirmiş.
“Bu fakt beynəlxalq məhkəməyə çıxarılmalıdır”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, bu çox önəmli faktdır: “Bəlli olur ki, dinc insanların hədəf alınması Ermənistanın dövlət siyasətidir. Çünki həmin diversant Ermənistan ordusunun rəsmi zabitidir. Bu isə o deməkdir ki, planlı şəkildə dinc insanların qətlə yetirilməsi qarşıya məqsəd qoyulub. Bununla Ermənistan istəyir ki, dinc sakinlər kütləvi şəkildə cəbhəyanı ərazilərdən çıxsınlar. Yəni bununla işğalçı tərəf insanlarda panika yaratmaq məqsədi güdüb. Bu isə beynəlxalq cinayətdir. Ona görə də hesab edirəm ki, bu fakt beynəlxalq məhkəməyə çıxarılmalıdır”.
Partiya sədri hesab edir ki, bu kimi faktları həm də beynəlxalq müstəvidə ictimailəşdirmək lazımdır.
Vidadi ORDAHALLI