Məlum olduğu kimi, BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Prezident İlham Əliyev arasında videokonfrans formatında görüş olub.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə, beynəlxalq hüququn ciddi pozulmasıdır. Ölkə başçısı onu da qeyd edib ki, Ermənistanın Baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb. Eyni zamanda, dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Prezidentin fikrincə, münaqişə yalnız beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bütün bu deyilənlərin fonunda, Prezidentimizin BMT Baş katibinə Qarabağ problemi və Ermənistanın siyasəti barədə dediklərinin tarixi, strateji və taktiki əhəmiyyəti nədir?
“Ermənistan bütün dünyanın gözü qarşısında 27 ildir Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ölkə başçısının BMT Baş katibi ilə məlum telefon söhbəti çox böyük əhəmiyyətə malikdir: “Nəzərə almaq lazımdır ki, sözügedən telefon danışığı indiki vaxtda aparılıb. Söhbət ondan gedir ki, Qarabağın azad olunması uğrunda uğurlu döyüş əməliyyatları gedir. Müəyyən dairələr hər vasitə ilə bunun qarşısını almaq istəyirlər. Ancaq cənab Prezident ortaya çox güclü iradə qoyaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını həyata keçirir. Telefon müzakrələrinin məzmunu göstərdi ki, Azərbaycan haqq yolundadır. BMT Baş katibinə tutarlı arqumentlərlə izah etdi ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edir. Ermənistan bütün dünyanın gözü qarşısında 27 ildir Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir. Bütün bunlar çox mühüm əhəmiyyət kəsb edir”.
Ekspertin fikrincə, məlum telefon danışığı ilə Prezident İlham Əliyev BMT rəhbərini fakt qarşısında qoydu.
Vidadi ORDAHALLI