Birmənalı həqiqətdir ki, bir çox iqtisadi, enerji, nəqliyyat və digər məsələlərdə Azərbaycan artıq Avropanın etibarlı tərəfdaşı kimi özünü təsdiqləyib. Xüsusilə də Azərbaycan Avropanın enerji təminatında mövqeyini gücləndirməkdədir.
O da faktdır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin inşasının istismara verilməsindən sonra Azərbaycanla Avropa arasında strateji siyasi-iqtisadi əlaqələr daha da güclənir. İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari də vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan “Cənub Qaz Dəhlizi” və onun xüsusi elementi olan “Transadriatik” qaz boru kəməri (TAP) layihəsi Bakının Qərb üçün əhəmiyyətini artırır: “Bu layihə təkcə İtaliya deyil, bütün Avropa üçün qaz tədarükü və enerji mənbələrinin şaxələndirilməsi baxımından böyük nailiyyətdir”.
Avropa bazarı uğrunda Rusiya ilə mübarizə aparan ABŞ da Azərbaycanın mövqeyini dəstəkləyir. ABŞ dövlət katibi Mayk Pompeo Yunanistanın xarici işlər naziri Nikos Dendias ilə görüşündə bu xüsusda maraqlı fikirlər səsləndirib: “ABŞ və Yunanıstan TAP-ın yunan hissəsinin tamamlanmasını alqışlayır”. Onun sözlərinə görə, iki ölkə qarşıda keçirilməsi gözlənilən Strateji Dialoqda Yunanıstan-Bolqarıstan əlaqələri, Alexandroupolis limanında sıxılmış maye qazın təbii qaza keçirilməsi ilə bağlı inşa edilən anbar layihəsinin müzakirə ediləcəyinə ümid edir. Həmçinin, Pompeo ikitərəfli münasibətlərin və bir sıra sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək üçün qarşılıqlı istəklərin olduğunu qeyd edib. O bildirib ki, ABŞ Yunanıstanın Balkan yarımadasında enerji mərkəzi olmağı və Avropanın enerji mənbələrinin şaxələndirməsini təmin etməyi hədəfləyən Yunanıstanla enerji əlaqələrini gücləndirməyə ümid edir: “Rəsmi Afina ABŞ-dan artıq böyük həcmlərdə mayeləşdirilmiş təbii qaz idxal edir. Alexandroupolis limanında 2023-cü ilin əvvəlinə qədər “Yunanıstan-Bolqarıstan İnterconnector” boru kəməri ilə Bolqarıstana, oradan isə Mərkəzi Avropaya nəql edilməsi üçün nəzərdə tutulan maye qazı yenidən təbii qaza çevirən saxlama anbarının və üzən qurğunun yaradılması üzrə işlər davam etdirilir”.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterconnector”u Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. Yunanıstan-Bolqarıstan İnterconnector”un tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında TANAP-a qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanır. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Asiya üzrə köməkçisinin müavini Havier Pedra bildirir ki, “Cənub Qaz Dəhlizi” böyük nailiyyətdir: “Orta Asiya qazı da Azərbaycan vasitəsilə alına bilər. Bunun üçün “Transxəzər” interkonnektorunun mühüm əhəmiyyəti var. Bu, bölgənin enerji təhlükəsizliyini artırmağa, müstəqilliyi və suverenliyi möhkəmləndirməyə, enerji bazarlarında daha bərabər mövqedə olmağa, Qafqaz və Orta Asiyanın qovşağına çevrilməyə və bölgələrarası əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək. Xəzərin statusu haqqında Konvensiyanın imzalanması ilə “Cənub Qaz Dəhlizi”, demək olar ki, tamamilə fəaliyyətə başlayıb və Xəzərin karbohidrogen ehtiyatlarının Avropa İttifaqı ölkələrinə daşınmasına heç bir əngəl yoxdur". Bununla “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın dünyanın geosiyasi aktoru kimi əhəmiyyətini bir daha sübut edir. Bu fonda TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar açır.
Ramil QULİYEV