Erməni terroruna, təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum nəticəsində Ermənistan ordusunun ciddi itki verdiyi məlumdur. Ermənistan tərəfi 27 sentyabr hadisələrindən sonra rəsmən cəbhədə verdikləri itkiləri etiraf etsələr də, rəqəmləri dəqiq vermirlər, bununla da erməni ictimaiyyətini aldadırlar.
Faktiki olaraq cəbhədə uğursuzluğa düçar olan Ermənistan ordusunun əlindəki silahları ataraq geriyə qaçması barədə saysız dəqiq məlumat olsa da, erməni mediasının əksəriyyəti erməni qoşunlarının “böyük uğurlar” qazandığını yazır. Halbuki, onlar, həmişə olduğu kimi, yenə də yalan yazırlar. Biz də, dünya da onların yalan uydurduğunu yaxşı bilir.
Bu faktlar onu göstərmirmi ki, Ermənistanda media azadlığı yoxdur, mətbuatın mütləq əksəriyyəti Paşinyanın əmrilə belə yazır?
“…Paşinyandan daha çox xaricdəki erməni diasporunun təsiri, qorxusu altındadır”
Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda, ümumiyyətlə, heç vaxt media azad olmayıb, bu gün də azad deyil. “Ermənistanda azad mediadan söhbət gedə bilməz. Hər kəsə bəllidir ki, Ermənistan mediası Paşinyandan daha çox xaricdəki erməni diasporunun təsiri, qorxusu altındadır. Ümumiyyətlə, bu ölkədə azad media yoxdur. Bilirik ki, Ermənistan mediası yalnız erməni diasporundan və erməni mərkəzlərindən aldığı sifarişlər, məlumatlar əsasında işləyir. Təbii ki, bu gün Paşinyan onların təmsilçisidir. Bu baxımdan, erməni mediası azad deyil, Paşinyanın və xəstə təxayüllü, bədnam beynəlxalq erməni şəbəkəsinin təlimatları əsasında fəaliyyət göstərir. Beynəlxalq erməni şəbəkəsinə erməni diasporu, lobbisi, erməni fondları və sair daxildir. Bu gün Ermənistan mediası beynəlxalq erməni şəbəkəsinin qorxusu, təpkisi altındadır və onlar adicə bir cümləni də, məqaləni də bu şəbəkə ilə razılaşdırmadan verə bilməzlər. Bu faktdır”.
Bir neçə gündür ki, erməni mediasını çox yaxından izlədiyini deyən M.Ələsgərlinin sözlərinə görə, erməni mediasının bu cür yalan yazılar yazmasının bir neçə səbəbi var. “Birincisi, onların çox ciddi şəkildə panikada olduğu hiss olunur. Uzun illərdir ermənilərdə yalançı bir eyforiya yaranıb ki, guya bunlar “qələbə çalıblar”. Amma bütün dünya da, biz də yaxşı bilirik ki, torpaqlarımızın işğal edilməsi ermənilərin öz gücünə olan məsələ deyil, bu, məlum qüvvələrin ermənilərə dəstəyi nəticəsində baş verib. Hazırda Azərbaycan o səviyyədədir ki, öz torpaqlarını işğaldan azad etməyə başlayıb. Bu məqamda ermənilər havadarlarının onlara dəstək göstərməyəcəyini heç gözləmirdilər. Ancaq Ermənistan nəzərə almır ki, Azərbaycan dövlətinin uzun müddətdir apardığı diplomatik səylər nəticəsində beynəlxalq gücləri zərərsizləşdirməyə nail olub. Bu gün Ermənistanda çox ciddi çaşqınlıq var. Hətta açıq şəkildə incikliklərini büruzə verirlər ki, niyə Rusiya lazımi bəyanatı vermir, nə üçün Avropa təşkilatları lazımi dəstəyi vermirlər? Mən erməni mediasında belə bir cümlə oxudum: “Deyəsən bizim bizdən başqa heç kəsimiz yoxdur”. Ermənilər üçün bu döyüş çox ağır olub, itkiləri həddən artıq çoxdur. Adətən, onlar deyirdilər ki, guya Azərbaycan tərəfin verdiyi informasiyalar yalandır, itkilərimiz azdır. Amma bu dəfə onlar itkilərini etiraf etdilər. Paşinyanın bir açıqlamasını oxudum. Paşinyan erməni auditoriyasına deyib ki, bu müharibədir, bizim itkilərimiz olmalıdır, əndişə keçirməyə dəyməz və sair. Bütün bunlar göstərdi ki, itkiləri o qədər çoxdur, hətta onlar söz tapıb buna bəraət də qazandıra bilmirlər. Belə çaşqınlıqlar həddən artıq çoxdur” - deyə M.Ələsgərli vurğuladı.
İradə SARIYEVA