“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub”. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanmasıdır: “Bəzi xəbərlərə görə, artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var”.
Danılmaz faktdır ki, bu gün Ermənistan ordusu panika içindədir. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanda öz əsgərlərinə qarşı silah tətbiq etmək əmri verilib.
“Ermənistan əhalisi hazırda təşviş içində olmalıdır, onlar belə bir addımın atılacağını gözləmirdilər”
Hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, Ermənistan əhalisi panika içindədir: “Təbii ki, Ermənistan əhalisi hazırda təşviş içində olmalıdır, onlar belə bir addımın atılacağını gözləmirdilər. Bu günə kimi yalnız təxribat olub və Azərbaycan təxribatın qarşısı alınıb, bu kimi irimiqyaslı əks-hücum olmayıb. Ona görə də onlar bu fonda düşünürdülər ki, artıq Azərbaycanın irimiqyaslı əməliyyat keçirməyə gücü çatmır, yaxud istəyi yoxdur. Başqa tərəfdən də onlar öz havadarlarına arxayın idilər və bu arxayınçılıq ondan irəli gəlirdi. Ancaq bugünkü addım erməni cəmiyyəti və hərbçiləri üçün gözlənilməz oldu. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində, demək olar, bütün hədəflər məhv edilib. Biz bununla bağlı məlumat alırıq və əsas odur ki, Azərbaycan Ordusu irəliləyir və onlar hər irəlilədikcə Ermənistan əhalisində bu panika olacaq. Ermənistan ordusunda vəziyyət o həddə çatıb ki, fərarilik etmək istəyənlərə qarşı silah tətbiq etmək əmri verilib. Məlumdur ki, Ermənistan döyüşçüləri müxtəlif bəhanələrlə ordudan qaçırlar”.
Günel CƏLİLOVA