“Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir”. Bunu Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan Fransanın “France 24” telekanalına müsahibəsində deyib: “Bu genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir”. Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib: “Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk Qrupunun vasitəçiliyilə həllini istəyirik, buna sadiqik. Münaqişənin sülh yolu ilə həll edilməsi, kompromisə əsaslanan həll variantının tapılması maraqlarımıza uyğundur”.
Ekspertlər qeyd edir ki, əslində Azərbaycan ordusunun həmləsinə tab gətirə bilmədiyi üçün Ermənistan artıq komromisdən danışır. “Dağlıq Qarabağ Ermənistandır”, “yeni ərazilər üçün yeni müharibə” kimi cəfəng bəyanatlar verən Ermənistan indi güc yolu ilə başa salınır. Mövcud vəziyyət ondan xəbər verir ki, terrorçulardan təşkil edilmiş Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz vəziyyətdədir. Hərbi əməliyyatlar fonunda artıq Ermənistanın ciddi çətinliklər yaşadığı da məlumdur. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı da bu xüsusda artıq maraqlı məqamlar açıqlayıb: "Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik. Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır. Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsilə həyata keçirilir". Bunlar fonunda hərbçi ekspert Üzeyir Cəfərov da maraqlı açıqlamalarla çıxış edib: “Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir”. O, cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi və işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Basarkeçər-Ağdərə avtomobil yolunun nəzarətinə götürməsini şərh edərkən bildirib ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür: “Ermənistan ərazisindən Dağlıq Qarabağa iki əsas yol var. Bunlardan birincisi Laçın dəhlizidir. Düşmən Şuşa və Xankəndi ərazisinə silahları və hərbi yardımları bu yolla daşıyır. Amma ən əsas və ən qısa yol M-11 magistralıdır. M-11 yolu İrəvandan başlayaraq Basarkeçər ərazisinə qədər davam edir, ordan da Kəlbəcərə bağlanır. Kəlbəcər rayonunun Ermənistan və Dağlıq Qarabağla tək bağlantısı bu yoldan ibarətdir. Ordumuz bu yola nəzarəti ələ keçirməklə həm Kəlbəcəri blokadaya salmış, həm Xankəndiyə gedən yardımların önünü kəsmiş, həm də Ağdərə rayonuna gedən hərbi yardımların qarşısını qismən almış olur. M-11 yolunun və Murovdağ zirvəsinin işğaldan azad edilməsi, faktiki olaraq, ordumuzun Kəlbəcəri tamamilə, Ağdərəni isə qismən blokadaya alması deməkdir”.
Ekspertlər qeyd edir ki, ordumuz öz uğurlu əməliyyatları ilə bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imza atır, digər tərəfdən münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə uyğun hərəkət edir. Başqa sözlə, işğalçı erməni ordusundan fərqli olaraq, Azərbaycan ordusu, belə demək olarsa, ədalətin bərpası uğrunda döyüşür. Rusiyalı politoloq Aleksandr Perenciyev də məsələni bu prizmadan şərh edir: “Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təcavüzkarlığına cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir. Ermənistanın qeyd-şərtsiz qaytarmalı olduğu torpaqları Azərbaycan indi qaytarmağa çalışır. Mənəvi cəhətdən haqlı tərəf Azərbaycandır”. Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq “Azərbaycan öz ərazilərini hərb yolu ilə qaytarmaq qərarına gəlsə, hamı əziyyət çəkəcək” fikrini önə çəkərək beynəlxalq birliyə təzyiq göstərməyə çalışır ki, hamı hərbi əməliyyatlara qarşı çıxsın: “Danışıqları sonsuzluğadək uzatmaq Ermənistana sərf edir. Bu danışıqları onlar torpaqları qaytarmaqdan savayı hər şey barədə aparmağa hazırdır”. Təmas xəttində baş verən hadisələrə dair Rusiyanın mövqeyini şərh edən politoloq Moskvanın bütün hallarda hərbi əməliyyatlara dəstək verməyəcəyini, münaqişənin dinc yolla həllinə tərəfdar çıxacağını vurğulayıb: “Fikrimcə, yenə də Rusiya danışıqların zəruriliyi barədə danışmaqdan savayı, həm də bu danışıqları irəli aparmaq üçün müvafiq mexanizm yaratsaydı, daha yaxşı olardı. Yəni İlham Əliyev demişkən, danışıqlar xatirinə danışıqlar yox, nəticə xatirinə danışıqlar olsun. Təəssüf ki, hələlik Rusiya bu cür mexanizm ortaya qoymayıb”.
Samirə SƏFƏROVA