ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Azərbaycan-Ermənistan cəbhəsində gərginliyin artması ilə bağlı bəyanat yayıb.
ABŞ Dövlət Departamentinin saytında dərc olunan bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca, mülki şəxslər də daxil olmaqla, çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir: “Ölən və yaralananların ailələrinə başsağlığı veririk. ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır. ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq, hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırdı. ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür. Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır".
Dövlət Departamentinin bəyanatında xüsusilə diqqəti çəkən bir məqam var. Bildirilir ki, “ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür”. ABŞ faktiki olaraq bununla demək istəyir ki, tərəfləri hansısa kənar qüvvələr qızışdırır. Vaşinqton kənar qüvvələr deyəndə kimləri nəzərdə tuta bilər?
Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, ABŞ-ın bu tip açıqlaması təəssüf doğurur: “Minsk Qrupunda ən loyal olan və problemi dərindən bilən ölkə kimi nədən belə qeyri-adi bəyanatla çıxış edir? Azərbaycan 32 ildir bu günü gözləyir. İstəyib ki, torpaqlarını işğaldan azad eləsin. ABŞ bəyəm bilmir ki, Dağlıq Qarabağdan kənarda 7 rayonumuz da işğal altındadır? Bir milyondan çox insan yurdundan-yuvasından didərgin salınıb. Bizim kənar qüvvənin təsirinə qəti ehtiycımız yoxdur. Ordumuz, əsgərlərimiz, xalqımız 32 ildir gözləyir ki, torpaqlarını azad etmək üçün səfərbər olsun və müsəlləh əsgər kimi erməni faşizmindən ərazilərimizi azad etsin. Bu dünyanın gözləri o qədər kordur ki, baş verənləri hələ də görmür? İndiyə qədər Ermənistana işğalçı kimi yanaşılmır. Bir milyondan çox insanın didərgin salındığı torpaqlarda ermənilərin nə iş gördüyünu bilmirlər? Niyə həmin ölkəyə qarşı indiyə kimi sanksiyaların tətbiqinə çağırış edilməyib? Mən çox təəccüb edirəm ki, ABŞ kimi bir ölkə xalqın ədalətli müharibəsinə belə münasibət bildirir və məsuliyyəti bərbabərləşdirir. Hətta burada kənar qüvvə barmağı axtarır. Xalqın öz ərazilərini azad etmək istiqamətində atdığı addımlara belə qiymət vermək ABŞ-ın demokratik ölkə mahiyyətinə uyğun deyil. Ermənistanı, bəli, kənardan ruslar qızışdırır. Tovuz hadisələri buna sübutdur. Biz gördük ki, onlar həmin bölgədəki iri iqtisadi layihələri Rusiyanın marağına uyğun şəkildə məhv etmək və ələ keçirmək istəyirdilər. Bir aydır ki, Ermənistanın bütün siyasi rəhbərliyinin dilindən yeni torpaqlar, yeni qələbə termini düşmürdü. Məgər ABŞ bunu görmürdü? Rusiyadan xüsusi reyslə silahların daşınmasına ABŞ niyə reaksaiya vermirdi? Yaxşı olardı ki, ABŞ ermənilərin bölgəyə topladığı terrorçularla bağlı narahatlığını ifadə edəydi. Həmin ərazilər terrorun hazırlandığı bir əraziyə çevrilib. Azərbaycan isə ABŞ-la birlikdə anti-terror əməliyyatlarında iştirak edir. Yaxşı olardı ki, ABŞ bu məsələləri dərindən nəzərdən keçirərdi. Azərbaycan hələ Dağlıq Qarabağın daxilinə girməyib. Onun ətrafındakı işğal altındakı rayonları azad edir. Buna başqa ad vermək siyasi tərəfkeşlikdən başqa nəsə deyil”.
Azərbaycan şanlı Vətən Müharibəsi aparır və buna tam haqqı çatır. Bu yolda bizim qarşımızı kimsə ala bilməz.
Məhəmmədəli QƏRİBLİ