24/10/2020 18:14
728 x 90

“Tofiq Yaqublu barədə hökmün dəyişdirilməsi bəzi hadisələri yersiz siyasiləşdirən qüvvələrin iflası oldu” - Aydın Quliyev

img

Tofiq Yaqublunun barəsində məhkəmə hökmünün dəyişdirilməsi əvvəldən gözlənilən hadisə idi və Azərbaycanın hüquq sisteminin təkmil və humanizm prinsipləri ilə dərindən çulğalaşmış halda olduğunun nəticəsi kimi meydana çıxdı. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Tofiq Yaqublunun qanuni məhkəmə hökmü ilə həbsdə olduğu müddətdə onun hüquqlarının təmin edilməsi üçün lazım olan bütün qanuni şəraitlərin yaradıldığı fakt idi və Ombudsman Aparatı ilə beynəlxalq təşkilatların hər cür monitotinq və yoxlamalar aparmasına tam şərait yaradılmışdı: "Tofiq bəyin hətta mülki xəstəxanaya çıxarılmasının təmin olunması ona münasibətin hüquqi çərçivələrə uyğun qurulduğunu və hər cür qanunsuz rəftarlardan sığorta olunduğunu göstərirdi. Tofiq bəyin barəsində həbs hökmünün çıxarılmasından sonrakı günlərdə onunla bağlı iki bir-birinə tam əks prosesin getdiyini aydın görmək mümkün idi. Bəzi qüvvələr Tofiq bəyin barəsində məhkəmə hökmünü siyasiləşdirərək beynəlxalq təşkilatların gündəminə çıxarmaq və məsələ ətrafında daha çox hay-küy salmağa çalışdıqları halda, bunun əksinə olaraq onun barəsində hökmün dəyişdirilməsi və azadlığa çıxmasını ölkənin hüquq sistemi çərçivəsində və dövlət başçısının humanist yanaşmalar prinsipi daxilində mümkün olduğuna daha çox üstünlük verənlər var idi. Tofiq bəyin barəsində ilk məhkəmə hökmü ətrafında daha çox siyasi çağırışlar edənlər tək bu hadisəyə söykənərək guya bütün ölkə miqyasında insan haqlarının qanunsuz məhdudlaşdırıldığı kimi görüntü yaratmağa çalışırdılar. Çox təəssüflər olsun ki, ölkənin tanınmış simaları dövlət başçısına yaranmış duruma qanun və humanizm çərçivəsində müdaxilə edilməsini səylə istədikləri və Tofiq bəydən aclığı dayandırmağı xahiş etdikləri halda Tofiq bəyə məişət və siyasi müstəvidə yaxın və doğma sayılan bəziləri vəziyyətin daha da gərginləşdirilməsi yolunu tutaraq onu intihara aparan yolda həvəsləndirməyə çalışırdılar. Sonda gözlənilən məhkəmə qərarı verilərək Tofiq Yaqublu ev dustaqlığına buraxıldı".

Baş redaktor bildirib ki, T.Yaqublu barədə yeni məhkəmə qərarı bir daha sübut etdi ki, ölkədə istənilən hüquqi məsələnin həlli onun siyasiləşdirilməsi yox, hüquq sisteminin öz imkanları və dövlət başçısının xüsusilə hüquq müstəvisində özünü fasiləsiz göstərən humanist yanaşmalar prinsipi ilə bağlıdır: "Bəzi qüvvələrin Yaqublunun ev dustaqlığına buraxılmasını etdikləri siyasi təzyiqlərin nəticəsi kimi göstərmək səylərinin heç bir əsası və perspektivi yoxdur. Tofiq Yaqublunun azadlığa çıxması hüquq sisteminin tamlığı və dövlət başçısının humanist jestlərinin sayəsində mümkün oldu. Tofiq Yaqublu barədə yeni məhkəmə qərarı ölkənin hüquq sisteminin ictimai rəy, ziyalı fikirləri və humanist çağırışlarla üzvi bağlı olduğunu da sübut etdi. Tofiq bəy barədə verilən hökmün dəyişdirilməsi ölkədə hüquq çərçivəsindəki bəzi hadisələri yersiz siyasiləşdirməyə cəhd edən qüvvələrin iflasına gətirib çıxardı. Sübut olundu ki, hüquqi proseslərə zorakı və siyasi müdaxilə cəhdləri bütün hallarda gözlənilən nəticəni verə bilməz".

Son xəbərlər