24/10/2020 18:19
728 x 90

Rusiya XİN-dən Qarabağa Livan ermənilərinin köçürülmə xəbərinə maraqlı reaksiya...

Məhəmməd Əsədullazadə: “Rusiya bu məsələdən yetərincə xəbərdardır və orada müəyyən dairələr...”

img

Məlum olduğu kimi, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistin “Ötən həftə sosial şəbəkələrdə Livandan olan erməni ailəsinin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb. Bu isə beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Rusiya XİN bu faktı necə şərh edir” sualına cavabında deyib ki, bu barədə məlumatlara malik deyillər, diqqəti danışıqların bərpasına yönəltmək lazımdır: “Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik. Hesab edirik ki, indi Dağlıq Qarabağ probleminin həllinə istiqamətlənən danışıqlar prosesinin bərpasına, o cümlədən, regiondakı qaçqın və məcburi köçkünlərin probleminə diqqəti yönəltmək lazımdır”.

Ermənistan Livan ermənilərinin köçürülməsini açıq şəkildə bəyan edir, o zaman necə olur ki, Rusiya bu barədə məlumata malik olmur? Qarabağa qanunsuz köçürülmənin getdiyi bir vaxtda hansı danışıqların bərpasından söhbət gedə bilər?

  • “Qanunsuz köçürülmə siyasəti aparıldığı dövrdə danışıqların bərpası mümkün görünmür”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Zaxarova məlum açıqlaması ilə açıq şəkildə siyasi yalan danışdı: “Livandan ermənilərin Qarabağa köçürülməsi iki məqsəd daşıyır. Birincisi, oradaki demoqrafik vəziyyəti süni şəkildə ermənilərin xeyrinə dəyişmək. İkincisi, işğalçı tərəf terrorçuları ora gətirməklə müdafiə qabiliyyətini artırmaq istəyir. Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə geniş açıqlamalar verir və həmsədr dövlətlər də məlumatlandırılıb. Rusiya XİN rəsmisi Maria Zaxarova deyir ki, bu barədə məlumata malik deyillər. Bu o deməkdir ki, Zaxarova açıq şəkildə siyasi baxımdan yalan danışır. Rusiya bu məsələdən yetərincə xəbərdardır və orada müəyyən dairələr sözügedən prosesə dəstək də verirlər. Vasitəçi dövlət olaraq Rusiya bu məsələdə qeyd etməli idi ki, sözügedən köçürmə münaqişənin həllinə zərər vurur. Əslində, tərəfsiz olan vasitəçi tərəf məhz bu mövqedən çıxış etməlidir. Ancaq Rusiya bunu etmədi. Digər tərəfdən, qanunsuz köçürülmə siyasəti aparıldığı dövrdə danışıqların bərpası mümkün görünmür. Ermənistan, ilk növbədə, bu qanunsuz məskunlaşma siyasətini dayandırmalıdır. Rusiya XİN rəsmisi bu təşəbbüslə çıxış etməklə, əslində, status-kvonun uzadılması məqsədini güdür. Bunun nəticəsidir ki, Paşinyan danışıqların pozulmasına yönəlik 7 şərtlə çıxış edir. Rusiya həmsədr dövlət olaraq münaqişənin həllində maraqlı olsaydı, o zaman Ermənistan bu cür pozucu hərəkətlərə yol verməyə cürət etməzdi”.

Politoloqun fikrincə, hazırkı məqamda danışıqların bərpası Rusiyanın geosiyasi maraqlarına cavab verir.

Vidadi ORDAHALLI

Son xəbərlər