Bu gün dünyanın xüsusi diqqət mərkəzində yer alan Belarusda baş verənlər bu ölkədə yaxın tezlikdə sabitliyin mövcud olmayacağını deməyə əsas verir. Ölkə həm daxildə müxalifətin çoxminlik aksiyası ilə çalxalanır, həm də xaricdən Belarusa təzyiqlər artır. Hətta bu durumda Belarusun Rusiya və Qərb arasında döyüş poliqonu ola biləcəyinə dair iddialar da səslənir.
Hazırda müxalifətin etiraz aksiyaları Belarus prezidenti Aleksandr Lukaşenko üçün ciddi problemə çevrilib. Müxaliflər onu prezident postinda görmək istəmədiklərindən aksiyanı davam etdirir. Bu fonda Belarusun paytaxtı Minskin mərkəzinə hərbi texnika və güc strukturlarının bölmələri, o cümlədən OMON hissələri yeridilib. Amma bu da müxalifətin növbəti izdihamlı aksiyasının qarşısını ala bilməyib. Belarus müxalifəti Minskdə və digər iri şəhərlərdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq aksiyaları davam etdirir. Hətta çoxsaylı həbslər də buna mane olmur. Bu halda Aleksandr Lukaşenko daxili və xarici müdaxiləni daha çox Rusiyanın yardımı ilə aradan qaldırmağı düşünür. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də Belarusa yeritmək üçün ehtiyat ordu qüvvələri hazırladıqlarını bildirib. Onun sözlərinə görə, həmin qüvvələr “ekstremistlərin qırmızı xətti keçməsi halında” Belarusa yeridililəcək. Putinin bu bəyanatı ABŞ və Avropa liderlərinin ciddi narahatlığına səbəb olub. Fransa prezidenti Emmanuel Makron Putinə zəng vuraraq, onu Rusiyanın Belarusdakı vəziyyətə müdaxiləsinin mümkün olan ən pis ssenari olacağı haqda xəbərdar edib. Makronun sözlərinə görə, o, Putinlə telefon danışığı zamanı birbaşa onun diqqətinə çatdırıb ki, Belarusa hərbi və ya polis müdaxiləsi arzuolunan deyil. Makronun sözlərinə görə, nə o, nə də Almaniya kansleri Angela Merkel 2014-cü ildə Ukraynada baş verənlərin Belarusda təkrarlanmasını istəyir. Həmin vaxt isə küçə etirazlarından sonra prezident Viktor Yanukoviç ölkədən qaçdı və Rusiya "rusdilli əhalini qorumaq" bəhanəsi ilə Krımı ilhaq etdi, daha sonra Donbasdakı separatçılara yardım edərək hələ də davam edən silahlı qarşıdurmaya səbəb oldu. Amma indilikdə görünən budur ki, Rusiya eyni ssenarini Belarusda da tətbiq etməyə hazırdır. Qeyd edək ki, Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və xarici təhdidlər olduqda onların bir-birinə yardım etmək öhdəliyi var. Belarusdakı seçki saxtakarlığına qarşı etirazlar fonunda Lukaşenko Belarusun qərb qonşuları tərəfindən bu cür təhdidlərin olduğunu bəyan edir. Artıq o, ölkənin qərb sərhədində vəziyyət gərginləşəcəyi halda Rusiya silahlı qüvvələrinin ölkəyə daxil olmasına faktiki razılaşıb. Bundan başqa, Lukaşenko Belarusdakı vəziyyətin gərginləşdirilməsinə NATO-nun hərbi dəstək verdiyini iddia edib:“Hərbi dəstək göz qabağındadır, NATO qoşunları sərhədlərə doğru hərəkət edir. Hamısı guya yeni prezidenti bura gətirməyə çalışır. Svetlana Tixanovskaya Qərb dövlətlərinə, bu vəziyyətdə isə NATO-ya əhalini qorumaq üçün müraciət edir. Qoşun yeridirlər, bu isə Belarusun sonu ola bilər. Ölkənin qərb sərhədlərindəki hazırki vəziyyət SSRİ-nin Böyük Vətən müharibəsi illəri öncəsi durumunu xatırladır". Dövlət başçısı bildirib ki, o zaman Sovet qoşunları susduruldu və nəticədə təcavüzün qarşısını ala bilmədi:“Mən tarixi oxumuşam və bütün bunları bilirəm. Ona görə də nəticə çıxarıram. Mənim üçün bu, dərs idi. Buna görə də mən ordunun yarısını döyüşə tam hazır vəziyyətə gətirmək və Qrodnonu mühasirəyə alması qərarını verdim”.
Belarus Baş Qərargah rəisi Ruslan Kosıgin isə vurğulayır ki, Belarusla qonşu NATO ölkələri hərbi potensiallarını artırır və kəşfiyyatı gücləndirir. O bildirib ki, qonşu ölkələr hərbi potensialları ilə yanaşı, xarici əsgərləri qəbul etmə və yerləşdirmə imkanlarını da artırır:“Eyni zamanda, ölkəmizə qarşı kəşfiyyat fəaliyyəti də çox gücləndirilir”. Kosıgin əlavə edib ki, Belarus sərhədlərində 10 min canlı qüvvə, 40 min hərbi uçuş aparatı və 500-dən çox ağır hərbi texnika yerləşdirilib. Bundan öncə isə Belarusun müdafiə naziri Viktor Xrenin da olduqca maraqlı bir açıqlama vermişdu:“18 NATO F-16 qırıcısı Polşa aerodromlarından Belarus sərhədlərinə uçmağa hazırdır. Onların məqsədi Prezident Lukaşenkonu devirmək üçün hərbi əməliyyat keçirməkdir”. Viktor Xrenin bildirib ki, ölkənin qərb vilayətlərinin əhalisi "yaxın qonşulardan birinin etnik və mədəni mənsubiyyətindən" bəhs edən separatçı təbliğatına məruz qaldığından mürəkkəb vəziyyət yarana bilər. Onun sözlərinə görə, Qərb ölkələrinin xüsusi xidmət orqanlarının nəzarətində olan destruktiv qüvvələr qərb sərhədindən keçərək Belarusa daxil ola bilər. Eyni zamanda, Qərbin "öz xalqının soyqırımı" anlayışı ilə hərəkətə keçəcəyi və hərbi müdaxiləyə əl atacağı barədə məlumatlar var:“İlk növbədə, dövlət sərhədimizin bilavasitə yaxınlığında yerləşən yüksək hazırlıqlı hissələrin və bölmələrin tətbiqi ilə Belarusa hücum gözlənilir”. Xrenin qeyd edib ki, hava dəstəyi üçün təcavüzkarlar bu yaxınlarda Almaniyadan Polşadakı Lask aviabazasına köçürülmüş ABŞ Hərbi Hava Qüvvələrinin 18 F-16 qırıcısından istifadə edə bilər:“Həmin aviabazadan Belarus dövlət sərhədinə uçuş müddəti təxminən 22 dəqiqədir”. Nazirin sözlərinə görə, Belarus ordusu təcavüzkara qarşı dərhal reaksiya verəcək və operativ hərbi qüvvələrindən istifadə edəcək. İndilikdə isə məlumdur ki, Rusiya da Belarusla sərhədə əlavə hərbi qüvvələr yığıb. Bu isə o deməkdir ki, Belarus həqiqətən də Qərb və Rusiya arasında yeni hərbi poliqon ola bilər.
Nahid SALAYEV