Avropa İttifaqının (Aİ) Ticarət Komissarı istefa verib. Xarici medianın verdiyi xəbərə görə, Komissar Fil Hoqan İrlandiyaya səfəri zamanı COVID-19-la bağlı tətbiq edilən qadağalara əməl etmədiyi üçün istefa ərizəsini yazıb.
O bunları bildirib:"Çox təəssüf edirəm ki, İrlandiyaya (bir dövlət qulluqçusu kimi təmsil olunmaqdan qürur duyduğum ölkəm) səfərim bu narahatlığa, məyusluğa səbəb oldu. Mən həmişə İrlandiyada tətbiq olunan bütün müvafiq COVID-19 qaydalarına riayət etməyə çalışmışam və xüsusən mənfi COVID-19 testinin təsdiqlənməsindən sonra bütün müvafiq qaydaları yerinə yetirmişəm. Səfər zamanı buraxdığım səhvlərə görə İrlandiya xalqından ürəkdən üzr istəyirəm".
Qeyd edək ki, o, 2014-cü ildə Kənd Təsərrüfatı üzrə Aİ Komissarı, 2019-cu ilin dekabrında isə Ursula von der Leyenin rəhbərliyi altında formalaşan yeni Aİ Komissiyasında Ticarət Komissarı seçilib. Komissarın atdığı bu addım Azərbaycandakı bəzi məmurlar üçün əsl örnək olmalıdır. Son günlər Azərbaycanda məmurların öz doğmalarına qaydaları pozaraq toy məclisləri təşkil etdiklərinə dair məlumatlar və bu mövzudakı müzakirələr gündəmdən düşmür. Ortaya məmurların məclislərdə iştirak etdiyinə dair videosubutlar qoyulur. Ancaq biz onlardan tamamilə fərqli reaksiyaları görürük. Bəziləri sanki burada bir qəbahətin olmadığına dair mövqe ortaya qoyur, digərləri isə nəinki istefa vermək barədə düşünmür, əksinə, yazdıqları məqalələrlə ictimai qınağa müqavimət göstərirlər. Bu iki hadisə arasında paralelin aparılması bizə nəyi söyləməyə əsas verir?
Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada əsas məsələni ictimai nəzarət və ondan doğan qınaq oynayır:“Biz bir neçə gündür ki, mediada, sosial şəbəkələrdə biabırçı mənzərəni izləyirik. Kifayət qədər dövlətçilik və məmur təcrübəsi olan şəxslər ölkədəki qaydalara tabe olmayıb, yaxınların toy məclisləri təşkil ediblər. Necə olubsa, bu mövzu ictimailəşib. Onların reaksiyaları doğrudan da adamda təəccüb doğurur. Lap götürək ki, bu məsələ heç ictimailəşməyəydi. Onda nə olacaqdı? Bəs bunlardakı dövlət tərbiyəsi harda qaldı? Ölkə başçısı dəfələrlə çıxışlarında ictimai nəzarətin güclü olmasının vacibliyindən danışıb. Bunu nəyə görə deyir? Cəmiyyətdəki münasibətlər sistemində şəffaflığın təmin olunması üçün. İndi baxın, hansısa formada bu ictimai nəzarət təmin olunub. Qanunu pozan məmurlar isə ictimai nəzarəti susdurmaq yolunu tutublar. Onların haqsız olduqları məsələ ilə bağlı müqavimətləri nəzərə çarpır. Əksər hallrda bunu açıq formada edirlər. Öz imzaları ilə bu mövzuda yazılar yazıb, onları tənqid edənləri hədələyirlər. Bu yolverilməzdir. Avropadakı nümunə məmur etikasından, ictimai rəylə hesablaşmadan doğan məsələdir. İstefa verməyin özü də bir mədəniyyətdir. Burdada hansısa alçalma yoxdur. Səhvsiz insan olmur. Gərək ki, onu buraxanda tez başa düşüb, uyğun addımlar atmağı bacarasan. Bunu etməyəndə vəziyyət gərginləşir, mövzu ətrafındakı müzakirələr uzanır, haqsız müqavimət göstərən məmur isə daha da nüfuzdan düşür. Bununla həm də pis presedentin əsası qoyulur. Başqa məmur da fikirləşir ki, qanunu pozub özünü “haqlı çıxarmaq” da olar. Bu istiqamətdə aparılan paralellər bizə onu deməyə əsas verir ki, bizim qayda pozan məmurlar Avropa komissarına baxıb, ondan nümunə götürsünlər”.
Doğrudan da, bizim məmurların uyğun xəta ilə bağlı davranışları heç bir əndazəyə sığmır. Qanunu pozmaq hara, özünü haqlı saymaq hara?
Məhəmmədəli QƏRİBLİ