Məlum olduğu kimi, Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş olub. Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Daha sonra nazirlər mətbuat konfransı keçiriblər.
Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi ortaq mətbuat konfransında dedi ki, həmsədrlərlə bağlı danışıqların tərkibinin dəyişdirilməsini qəbuledilməz sayır və bunu açıq bəyan edir. O cümlədən, belə cümlə işlətdi: “Təəssüf ki, biz danışıqların formatını dəyişdirmək istəyən cəhdlər görürük, bu qəbuledilməzdir”.
Maraqlıdır, Lavrov bunu deyərkən nəyi nəzərdə tutdu? Ermənistanın format dəyişmək cəhdlərini? Yəni separtçı qurumun danışıqlara daxil edilməsi məsələsi. Yoxsa, Azərbaycanın Türkiyəni danışıqlara cəlb etmək istədiyini? Hər halda, bunun aydınlaşmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, hələ Azərbaycan Türkiyənin Minsk Qrupuna daxil edilməsi barədə rəsmi bir şey deməyib. Bununla bağlı hansısa müraciət etməyib. Yalnız mediada ekspertlər səviyyəsində belə təkliflər var. Digər tərəfdən, Lavrov “Azərbaycanın və Ermənistanın dostları ilə birgə” ifadəsi işlətdi. Bu, əslində, danışıqlar formatında yeni nüansdır. İndiyə qədər belə bir məqama toxunulmayıb. Maraqlıdır, dostlar deyəndə kimlər nəzərdə tutulur? Ermənilər Lavrovun bu fikrindən yapışıb saxta spekulyasiya ilə məşğuldurlar. Yazırlar ki, Lavrov bununla bizim dostlarımız olan ABŞ, Fransa, İran və Çini nəzərdə tutdu. O baxımdan, bütün bunları ekspertlər necə şərh edirlər?
“...məhz Türkiyənin danışıqlar formatında yer almasına qarşı olduğunu bildirdi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Danışıqlardan sonra mətbuat konfransında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun verdiyi mesajlar bir daha Kremlin münaqişənin həllində əsas tormozlayıcı faktor olduğunu göstərdi. İlk növbədə, Lavrov Minsk Qrupunun formatının dəyişdirilməsinin əleyhinə çıxdı. O verdiyi açıqlamada məhz Türkiyənin danışıqlar formatında yer almasına qarşı olduğunu bildirdi. Çünki Azərbaycan tərəfi qeyri-rəsmi olaraq prosesdə Türkiyənin rolunu daim qeyd edib. Göründüyü kimi, Lavrov bu tərkibdə danışıqları qəbul etmədiyini vurğulmaqla, bir növ, danışıqların məzmunlu keçməsini tormozlamağa cəhd edir. Ümumiyyətlə, Moskvada keçirilən danışıqlar Azərbaycan tərəfinin prinsipiallığını, görüş xatirinə görüşə getməyəcəklərini vurğulamaqla yekunlaşdı. Məhz Ceyhun Bayramov Rusiya KİV-inə müsahibəsində Lavrovun xarici işlər nazirlərinin görüşünü keçirməklə bağlı mövqeyinə münasibət bildirdi. Müsahibədə hazırda buna ehtiyac olmadığını vurğuladı. Hesab edirəm ki, Azərbaycan Rusiyanın istəyi ilə danışıqlar formatının əvvəlki kimi aparılmasına getməməlidir. O baxımdan, hazırda tutulan mövqenin obyektiv olduğu qənaətindəyəm. Bundan əlavə, “Ermənistan və Azərbaycanın dostları” deməklə, Lavrov çox ciddi siyasi səhvə yol verdi. Azərbaycanla Ermənistanı bir tərəziyə qoymaq olmaz. Azərbaycanın dostları var, bu ölkələr Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir. Ermənistanın əsas dostu isə Rusiyadır. Ermənilər bir sıra saxta spekulyasiyalara getsələr də, reallıq başqadır. Hər halda, Lavrov təcrübəli diplomatdır. Gərək o, belə ifadə işlətməyəydi”.
Politoloqun fikrincə, Rusiya nə qədər çalışsa belə, danışıqlar naminə danışıqlara getmək olmaz.
Vidadi ORDAHALLI