Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüşüb. Görüşdə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, Dağlıq Qarabağ problemi də daxil olmaqla regional və beynəlxalq gündəliyin əsas aspektlərini müzakirə ediblər.
Azərbaycanın Xarici işlər naziri Lavrovla görüşü zamanı bildirib ki, ölkələrimiz arasında gündəmdə olan bütün məsələlərə dair maraqlı və faydalı müzakirələr aparılacağını gözləyir: “Hazırda iki ölkə arasında 200-dən çox saziş qüvvədədir və uğurla yerinə yetirilir, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir. Hazırlanan daha 50-dək saziş layihəsi bir sıra sahəni əhatə edir. Bununla bağlı əlaqələndirmə mərkəzləri olaraq xarici işlər nazirliklərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bugünkü müzakirələrin həmin dialoqa böyük töhfələr verəcəyinə şübhə etmirəm”.
Görüşdən sonra hər iki ölkənin XİN rəhbərləri birlikdə mətbuat konfransı keçirərək diqqətçəkən açıqlamalarla çıxış ediblər.
C.Bayramov konfrans zamanı bildirib: “Avqustun 23-də səhər sübhdən Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə hücum etməyə cəhd göstərib, onlar geri oturdulub, komandirləri isə saxlanılıb”.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tutduğu mövqeyin beynəlxalq hüquq norma və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə söykəndiyi də diqqətə çatdırılıb: “Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasına əsaslanmalıdır. Substantiv danışıqların davam etməsi üçün beynəlxalq birlik, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistana daha konstruktiv mövqe tutması istiqamətində təsir göstərməlidir”.
C.Bayramov Minsk Qrupunun həmsədrlərinə də səslənib: “Rusiya Azərbaycanın strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmaqda davam edir. Belə ki, 2020-ci ilin ilk aylarında, pandemiyaya baxmayaraq, ticarət dövriyyəmiz azalmadı, əksinə, bir qədər artdı”.
Öz növbəsində Sergey Lavrov da Azərbaycanla əməkdaşlıq istiqamətində əllərindən gələnləri etməyə hazır olduqlarını bəyan edib. Belə səmimi əməkdaşlıq və gələcəklə bağlı ümidlərin olduğu görüşlə bağlı erməni mediası qaralama kampaniyasına start verib. Onların iddialarına görə, güya Ceyhun Bayramovun görüşü uğursuz olub və o, Moskvada istənilən nəticəni əldə edə bilməyib. Ermənilərin bu narahatlığının kökündə hansı amillər dura bilər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni mediasının bu əndişəsi başadüşüləndir:“Onlar bizim düşmənimizdir. İstənilən uğurumuza qara yaxmalarına təbii yanaşmalıyıq. Ceyhun Bayramovun səfəri isə çox məhsuldar olub və o, prinsipial olaraq ölkəmizin maraqlarını, mövqeyini ifadə edib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müzakirə etməsi mütləq olmalıydı. Biz həm partnyor kimi, həm də Minsk Qrupunun həmsədri kimi Rusiyadan açıq, prinsipial mövqe gözləyirik. Əlbəttə ki, Rusiya ikili yanaşma nümayiş etdirməməlidir. Aydın məsələdir ki, Rusiya Ermənistanla müttəfiqlik səviyyəsindədir və bu, Kremlin öz problemidir. Amma bu heç də o demək deyil ki, Rusiya ilə Ermənistan arasındakı müttəfiqlik Azərbaycanın maraqları hesabına davam etdirilməlidir. Azərbaycan Rusiya ilə bərabərhüquqlu partnyordur, Dağlıq Qarabağla bağlı uzun illərdir müzakirələr davam edir. Biz bilirik ki, iki ölkə arasında münasibətlər 1990-cı illərdən bu yana enişli-yoxuşlu olub. Əgər ötən əsrin 90-cı illərində münasibətlərdə kifayət qədər gərginlik müşahidə olunurdusa və demək olar ki, Azərbaycan və Rusiyanın maraq dairələrində heç bir uzlaşma yox idisə, 2000-ci illərin əvvəllərindən başlayaraq hər iki ölkə arasında ciddi şəkildə yaxınlaşma baş verdi. Xüsusilə biz son dövrlərdə iki tərəf arasındakı münasibətlərdə artan dinamikanın şahidi olduq ki, bununla da iqtisadi, humanitar, siyasi və hərbi müstəvidə əməkdaşlıq gücləndi. Lakin etiraf etmək lazımdır ki, Rusiyada da ermənipərəst qüvvələr var ki, Bakı və Moskva arasında münasibətlərin inkişafında maraqlı deyillər və hər vəchlə bunu korlamaq istəyirlər. Ermənilərin narahatlığı da bununla bağlıdır ki, Rusiya-Azərbaycan təmasları nəticəsində həmin şəbəkə ifşa olar. Bu baxımdan Kreml, xüsusilə də Vladimir Putin özü də anlayır ki, Azərbaycan bölgənin güclü dövlətidir və onunla bu tərzdə davranmaq olmaz. Burada xarici amillər olmasa belə, Azərbaycan öz imkanları çərçivəsində həm torpaqlarını azad edə, həm də Ermənistana qarşı antiterror əməliyyatı keçirə bilər. Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrova bu proseslərin dərinliyini çatdırıb ki, Azərbaycan normal səmimi əməkdaşlıqda maraqlıdır. Ermənilərin əndişəsi də Rusiyanın mövqeyində yeni yanaşmanın ortaya çıxacağı ilə bağlıdır. Ən əsası da, Rusiyanın daxilindəki ermənipərəst şəbəkənin sıradan çıxarılacağından ehtiyat edirlər”.
Azəbaycanın Rusiyaya qarşı heç bir neqativ münasibəti olmayıb və hətta onun vasitəsilə Rusiyaya təziq göstərmək üçün çalışan 3-cü dövlətlərə məqsədlərinə nail olmağa imkan verməyib. Məhz bu çərçivədə Rusiya adekvat mövqe tutmalıdır.
Məhəmmədəli QƏRİBLİ