Fransanın tanınmış “Liberation” qəzetində Qarabağdakı separatçı rejimin mövqeyinin təbliğ olunduğu fotoməqalə dərc edilib. Məqalədə beynəlxalq hüquqa zidd, separatizmə dəstək xarakterli fikirlər yer alıb. Bu azmış kimi, məşhur fransız nəşri bu haqda özünün 3 milyondan çox abunəçisi olan “Tvitter” səhifəsində də paylaşım edib.
Məqalədə Qarabağdakı ermənilər “öz muxtariyyətləri uğrunda mübarizə aparan” toplum kimi qələmə verilir, Şuşa “ermənilərin 1992-ci ilədək Azərbaycanın işğalında olan mədəniyyət mərkəzi” kimi təqdim olunur. Bununla yanaşı, terrorçu Monte Melkonyan azərbaycanlılar tərəfindən öldürülmüş “məşhur sərkərdə” kimi tanıdılır. Görünən odur ki, erməni lobbisi öz əlaqələrindən istifadə edərək, Fransanı təxribatçı hərəkətlərinə alət etmək istəyir. Nəzərə alsaq ki, Fransa məhkəmələri tərəfindən bu ölkənin şəhərlərinin Qarabağdakı şəhərlərlə olan “dostluq” müqavilələri ləğv edilib, rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmsədrlərdən biri bu ölkədir, o zaman sözügedən məqalə, birbaşa olaraq, beynəlxalq hüququn pozulmasını özündə ehtiva edir. Hər halda, Azərbaycan dərhal buna etiraz etməlidir və müvafiq addımlar atılmalıdır.
Maraqlıdır, bəs ekspertlər bu barədə nə düşünürlər?
“Azərbaycan diaspor səviyyəsində buna etiraz etməli və lazım gələrsə...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafovun fikrincə, Fransanın tanınmış bir nəşrinin bu cür yazını dərc etməsi həmin qəzetə hörmət gətirmir: “Əvvəla “Liberation” qəzeti Fransanın sanballı və böyük tirajla çap olunan mətbu orqanlarından biridir. Özü də bu qəzet tarixən sağ dairələrə yaxın olan mətbuat orqanı olub. Bu mənada, həmin qəzetdə Dağlıq Qarabağdakı separatçı rejimin əsl mahiyyətinə aydınlıq gətirilməyən və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri şübhə altına alan bu səpkili materialların dərci təəssüf doğurur. Digər tərəfdən, müəyyən araşdırmalar aparsaq, heç şübhəsiz ki, qəzetin ermənilərlə bağlılığı barədə müəyyən şeylər tapmaq olar. Ən əsası odur ki, Fransa tarixən ermənilərlə xüsusi yaxınlığa malik olub. Avropada ən güclü erməni diasporu məhz Fransada təşkil olunub. Zaman-zaman erməni diasporu Fransa hakimiyyətinə təsir edib. Hətta bir müddət Fransa qondarma “erməni soyqırımı”nı tanımayanları cinayət məsuliyyətinə cəlb etmək istədi. Bütün bunlarla yanaşı, Fransa ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətdir. Hər halda, indiyə qədər aparılan bütün danışıqlarda Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini birmənalı şəkildə qeyd edib. Bu mənada, “Liberation” qəzetinin mövqeyi heç də rəsmi Parisin mövqeyi deyil, amma nəzərə alsaq ki, bu mətbuat orqanı Fransada kifayət qədər tanınıb, o zaman belə materialların orada getməsi doğru deyil. Azərbaycan diaspor səviyyəsində buna etiraz etməli və lazım gələrsə, izahat tələb edilməlidir. Fransada bununla bağlı lobbi fəaliyyəti gücləndirilməlidir. Nəzərə almaq lazımdır ki, erməni tərəfi bundan təbliğat məqsədilə istifadə edir. Separatçı qurumun təbliğatını aparırlar. Ona görə də Fransada erməni diasporunun məlum imkanlarına baxmayaraq, biz öz səylərimizi artırmalıyıq”.
Politoloqun fikrincə, diplomatk müstəvidə nə mümkündürsə, biz onu etməliyik.
Vidadi ORDAHALLI