Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.
Görüşü giriş sözü ilə açan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına, QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.
Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H.Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb. Sonra görüşdə iştirak edən QHT sədrləri mövzu ilə bağlı fikirlərini bildiriblər. Görüşün sonunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lər tərəfindən səsləndirilən əsaslandırılmış fikir və təkliflərin diqqətlə araşdırılacağını və onların həlli istiqamətində müvafiq addımların atılacagını bildirib.
Göründüyü kimi, hakimiyyətin ən yüksək çinli məmurunun QHT-lərlə sıx təmas yaratması bu sektorda islahatların olacağından da xəbər verir. Bu istiqamətdə hansı islahatların aparılmasına zərurət var?
Həmin görüşdə iştirak edən Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, Hikmət Hacıyevlə QHT rəhbərləri arasında keçirilən görüşü çox yüksək qiymətləndirir: “Görüş çox effektiv və səmimi şəraitdə, yaxşı atmosferdə keçirildi. Bütün QHT rəhbərlərinə söz verildi. Onlar da vətəndaş cəmiyyətinin mövcud problemlərini Hikmət müəllimin diqqətinə çatdırdılar və konseptual strateji təkliflərini verdilər. Bir çox QHT rəhbərlərinin dilindən sektorun inkişafı ilə bağlı fərqli fikirlər səsləndi. Hikmət müəllimin yanaşmasından gördük ki, onun özü də bu problemlərin həllində maraqlıdır. Prezidentin köməkçisi öz çıxışında qeyd etdi ki, ölkə başçısı QHT-lərin inkişafına böyük önəm verir. Həmçinin bildirildi ki, ölkə rəhbərliyi Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə QHT-lər tərəfindən müdaifə olunmasında da maraqlıdır. O cümlədən, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinin zəruriliyi ətrafında da fikir mübadiləsi aparıldı. Biz həmin görüşdə vətəndaş cəmiyyətinin inkişafına mane olan bütün problemləri detallı şəkildə Hikmət Hacıyevin diqqətinə çatdırdıq. Görüşün sonunda Hikmət müəllim hamının qaldırdığı məsələlərə öz qısa münasibətini bildirdi və dedi ki, belə görüşlər gələcəkdə də olacaq. Hesab edirəm ki, belə format vətəndaş cəmiyyətinin problemlərinin həlli istiqamətində önəmli addımların atılmasına səbəb olacaq. Biz öz adımızdan hakimiyyətə minnətdarlığımızı bildirdik. Vətəndaş cəmiyyətini narahat edən problemlər şəxslərlə bağlı deyil. Artıq əminik ki, bizi narahat edən bütün problemlər aradan qaldırılacaq. Mən həmin problemləri detallı xatırlatmaq istəmirəm. Görüşdə bunlar barədə danışılıb. Hakimiyyətlə QHT-lər arasındakı bu körpünü etibarlı və səmərəli əməkdaşlıq formatı hesab edirəm. Biz də söz veririk ki, daha səmərəli fəaliyyətimizlə bizə göstərilən etimadı doğruldacağıq”.
Ümidvarıq ki, QHT-lərin fəallığı cəmiyyətdəki ictimai nəzarətin güclənməsində müham amilə çevriləcək.
Məhəmmədəli QƏRİBLİ