Məlum olduğu kimi, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyana beş maddə üzrə ittiham elan olunub.
Onun hərəkətlərində ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistana ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün barəsində Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Zərərsizləşdirilən erməni zabiti özü haqqında geniş məlumat verərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatdan danışıb.
Bu arada o da məlum olub ki, Q.Alaverdyanı ermənilər kiminləsə dəyişmək məsələsini qoyurlar. Azərbaycan buna getməlidirmi? Axı biz hamının hamıya dəyişdirilməsi prinsipini qoymuşuq və həmsədrlər də bunu qəbul ediblər. Ancaq ermənilər bunu pozublar. Digər tərəfdən, Alaverdyanın statusu nədir - girov, hərbi əsir, ya bizim dövlət sərhədini qanunsuz keçən cinayətkar təcavüzkar? Çünki erməni tərəfi onun hüquqlarından çox danışır. İddia edirlər ki, guya onun hüquqları pozulur və s. O baxımdan, ekspertlər buna necə yanaşırlar?
“Bütün bunlara hüquqi qiymət verilməlidir və ondan sonra Q.Alaverdyanın kiminləsə dəyişdirilməsi müzakirə oluna bilər”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Azad İsazadə bununla bağlı bir sıra məqamlara toxundu. Onun fikrincə, Q.Alaverdyanı belə tez dəyişmək hüquqi baxımdan doğru görünməz: “Burada bir neçə məsələ var. Onlara hüquqi qiymət verilməli və ondan sonra sözügedən məsələ ilə bağlı qərar verilməlidir. Digər tərəfdən, biz dəfələrlə hamını hamıya dəyişmək təklifi ilə çıxış etmişik, amma Ermənistan buna razı olmayıb. Başqa bir tərəfdən, Qırmızı Xaçın statusuna görə də Ermənistan bəzi şəxslərin təkbətək dəyişdirilməsinə razılıq vermir. Ona görə də bütün bunlara hüquqi qiymət verilməlidir və ondan sonra Q.Alaverdyanın kiminləsə dəyişdirilməsi müzakirə oluna bilər. Mənəvi baxımdan isə biz hansısa azərbaycanlını erməni girovluğundan xilas edə bilsək, o zaman buna getməyə dəyər. Ancaq hüquqi baxımdan bu, qiymətini almadan buna getmək doğru sayılmaz. Q.Alaverdyanın statusuna gəldikdə isə, o, girov götürülməyib. O, hərbi zabitdir və əməliyyat zamanı əsir düşüb. Ermənilərin nə deməsindən asılı olmayaraq, o, hərbi əsirdir və buna müvafiq olaraq addımlar atılmalıdır. Ermənilər çox şey deyə bilər. Bütün bunlarla yanaşı, məhkəmə qərar verməlidir. Yalnız ondan sonra bu məsələyə baxmaq olar”.
Hərbi ekspertin fikrincə, bu kimi məsələlərdə tələsik qərar vermək olmaz.
Vidadi ORDAHALLI