Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün etdiyi müraciəti dəstəkləyir. Bunu avqustun Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla baş tutan danışıqlardan sonra keçrilən mətbuat konfransında deyib.
Lavrov azərbaycanlı həmkarı ilə çoxşaxəli strukturlarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında koordinasiyanın gücləndirilməsini müzakirə etdiyini bildirib. Rusiyalı nazir qeyd edib ki, rəsmi Bakı bu təşkilatda dialoq tərəfdaşı statusuna malikdir və onu müşahidəçi səviyyəsinə qaldırmaqda maraqlıdır: “Biz belə bir müraciəti dəstəkləyəcəyik”. Burada xatırladaq ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Təşkilatın işində dörd müşahidəçi ölkə (Əfqanıstan, Belarus, İran və Monqolustan) və altı dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka) iştirak edir. Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. Indi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir. Azərbaycanın bu qurumda yer almasını Çin də ən çox istəyən tərəflərdən biridir. Bəzi erkspertlərin fikrincə, Çin ŞƏT-də Azərbaycanın maraqlarına fəal lobbiçilik edir.
Hesab edilir ki, ŞƏT-də müşahidəçi statusu Bakıya fəaliyyətdə olan qarşılıqlı təsir mexanizmləri vasitəsilə təşkilatın çoxplanlı və çöxyönlü fəaliyyətinə fəal şəkildə qoşulmaq, işə salınmış energetika, nəqliyyat və başqa layihələrin əlaqələndirdiyi avropalı tərəfdaşları itirmədən Avrasiya iqtisadi sxemlərinə uyğun formatda inteqrasiya olunmaq imkanı verəcək. Başqa bir məsələ odur ki, ŞƏT Qarabağ məsələsinə Azərbaycanın burada statusunun yüksəlməsi ilə daha çox diqqət ayıracaq. Amma təbii ki, qurumda status yüksəlişi Azərbaycana iqtisadi müstəvidə mühüm üstünlüklər vəd edir. Bu, Azərbaycan məhsullarının yeni bazarlara çıxışı üçün də əlverişli şərait yaradır. Asiyanın tutumlu bazarlarına çıxmaqla Azərbaycan mühüm iqtisadi dividendlər qazanır. Burada Azərbaycan üçün mühüm bir üstünlük Çinin hələ 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası ilə bağlıdır. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur:“İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Çin də qəbul edir ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimalla Cənubun, Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Rəsmi Pekin nəzərə alır ki, Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Ölkənin dəmir yolu sistemlərinin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması məqsədilə Bakı-Tiflis-Qars dəmir yolunun inşası Çinin də diqqətindən yayınmır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. İndi Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Çin görür ki, Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna və Azərbaycanın tranzit imkanlarına marağı yüksəkdir. Elektron xidmətlərdən istifadə olunması, prosedurların sadələşdirilməsi də Azərbaycanı beynəlxalq yükdaşımaları baxımından cəlbedici edir. Məhz Azərbaycan kimi mühüm ölkəni ŞƏT-də də görmək bu mənada Çin üçün vacib əhəmiyyət kəsb edir. Azərbaycan isə bununla Çin kimi böyük bir ölkəni əsas tərəfdaşlarından birinə çevirir. Üstəlik, ŞƏT-ə qoşulmaq Azərbaycanın özü üçün qeyri-neft sektorunun inkişafı, fərqli bazarlara çıxış və valyuta daxilolmasının artırılması baxımından çox vacibdir. Yəni ŞƏT bazarına çıxış Azərbaycanın dövlət gəlirlərinin artması ilə yanaşı, ölkəyə daxil olan valyuta həcminin artmasına da müsbət təsirini göstərəcək. Ölkə ixrac üçün yeni böyük bazarlar və mühüm tərəfdaşlar qazanacaq.
Nahid SALAYEV