26 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən baki-xeber.com-a verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər. Hər iki ölkənin rəhbərləri arasında mövcud olan sıx təmasların və həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi qeyd olunub.
Ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafına dair həyata keçirilən qarşılıqlı fəaliyyət üzrə yol xəritələrinin əhəmiyyəti qeyd olunub, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin noyabr ayında Rusiya Federasiyasına həyata keçirdiyi rəsmi səfər çərçivəsində irəli sürülmüş innovasiya sahəsində yeni yol xəritəsinin tezliklə təsdiqlənəcəyinə dair ümid ifadə olunub.
Ticarət-iqtisadi münasibətlərin inkişafı və regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olan Şimal-Cənub nəqliyyat dəhlizinin tam istifadəyə verilməsinə dəstək ifadə edilib. Həmçinin, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlararası təmaslara yeni təkan verəcəyi qeyd olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq ifadə ediblər. Baş Assambleyanın COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının çağırılması təşəbbüsünün Rusiya tərəfindən dəstəklənməsi məmnunluqla qeyd olunub.
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən son hərbi təxribata toxunaraq, bu insidentin, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanatlarının münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törətdiyini qeyd edib. Münaqişənin həlli üzrə BMT TŞ qətnamələrinin tələblərinə uyğun olaraq, mahiyyət üzrə danışıqların aparılmasının vacibliyi vurğulanıb. Öz növbəsində, Rusiya Xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Hazırki qlobal vəziyyətə toxunan nazirlər pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığın önəmini ifadə ediblər. Nazir Ceyhun Bayramov Rusiya mütəxəssislərinin ölkəmizə göndərilməsi də daxil olmaqla, Rusiya tərəfindən Azərbaycana göstərilən yardımı məmnunluqla qeyd edib.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyir. “Trend”in məlumatına görə, bunu Xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
O bildirib ki, Rusiya ATƏT Minsk Qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Cənubi Qafqaz regionu ilə sıx əlaqələri olan iri dövlətdir:“Bununla əlaqədar biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyirik. Təəssüflə qeyd etmək istərdim ki, münaqişənin tənzimlənməsində irəliləyiş müşahidə olunmur. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir”.
Nazir əlavə edib ki, Ermənistan ATƏT-in himayəsində olan sülh prosesini pozmaqda davam edir: “Ermənistanın destruktiv mövqeyi iyulun 12-16-da eskalasiyaya gətirib çıxardı. Münaqişənin tənzimlənməsində Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykənir”.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyini vurğulamaq istərdim. 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə rəğmən Azərbaycan danışıqlar prosesində iştirak etməkdə davam edir”. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında belə deyib.
Nazir bildirib ki, Azərbaycan münaqişənin siyasi yolla həlinin tərəfdarıdır: “Münaqişənin həlli ilə bağlı kifayət qədər hüquqi baza mövcuddur. Danışıqlar beynəlxalıq təşkilatlar tərəfindən qəbul olunan sənədlərə, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və digər beynəlxalq təşiklatlar tərəfindən son illərdə qəbul edilən bir sıra sənədlərə uyğun olaraq aparılmalıdır.
Bu nöqteyi-nəzərdən biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq, lakin danışıqlar konkret məsələlər ətrafında aparılmalıdır, danışıqlar prosesi substantiv olmalıdır, danışıqlar prosesinin imitasiyası olmamalıdır. Danışıqlar prosesinə zərər gətirən bütün hərəkətlər və bəyanatlar beynəlxalq ictimaiyyət, ilk növbədə Minsk Qrupunun həmsədləri tərəfindən pislənməlidir”.
Ceyhun Bayramov daha sonra iki ölkənin iqtisadi əlaqələrinə toxunub. Nazir deyib ki, Rusiya bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yerləşdirib.
O bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2018-illə müqayisədə 18 faiz artaraq 3 milyard dolları keçib:“Bu il artım tempi bir qədər azalsa da, müsbət dinamika qorunub saxlanıb. Rusiya bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yerləşdirib. Qeyd etmək lazımdır ki, uğurli iqtisadi əməkdaşlıq ikitərəfli formatla məhdudlaşmır”.
Nazir əlavə edib ki, Rusiya və Azərbaycan “Şimal-Cənub”, “Şimal-Qərb” kimi beynəlxalq tranzit dəhlizlərinin təşəbbüsçüləri və fəal iştirakçılarıdır.
“Moskva hesab edir ki, iyulda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi bir daha təkrarlanmayacaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz çox ümid edirik ki, iyulda baş verənlər bir daha təkrarlanmayacaq və digər maraqlı tərəflərlə, Azərbaycanın və Ermənistanın dostları ilə birlikdə buna kömək edəcəyik", - deyə o, Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, hazırda ATƏT-in Minsk qrupu çərçivəsində "kifayət qədər ciddi" danışıqlar bazası yaradılıb. "Bu bazanı itirmək yaxşı olmazdı. Təəssüf ki, biz danışıqların iştirakçılarının tərkibini dəyişmək cəhdləri də daxil olmaqla, bu cür cəhdləri görmüşük", - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda baş vermiş gərginlikdən sonra "daha intensiv danışıqlar, əlbəttə, pis olmazdı".
XİN başçısı qeyd edib ki, bundan əvvəl Minsk Qrupunun həmsədrləri regiona səfər etməyi, eləcə də Ermənistan və Azərbaycan XİN başçıları arasında təmas yaratmağı planlaşdırırdılar. "Bütün bu planların baş tutması üçün, əlbəttə, vəziyyət normallaşdırılmalı, o cümlədən artıq Qarabağda və həmsərhəd rayonlarda deyil, bilavasitə Azərbaycan-Ermənistan sərhədində insidentlərə son qoyulmalıdır", - deyə Lavrov vurğulayıb.
“Moskva Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) yanında müşahidəçi statusu almasını dəstəkləyəcək”. Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Bu gün biz, həmçinin, beynəlxalq və regional gündəliyə daxil olan məsələləri müzakirə etdik. Beynəlxalq əməkdaşlıq və beynəlxalq fəaliyyətlə bağlı əsas məsələlərin bir çoxu üzrə mövqelərimiz üst-üstə düşür, yaxud da yaxındır. Biz BMT, MDB, ATƏT, Avropa Şurası, QDİƏT və Azərbaycanın dialoq üzrə tərəfdaş olduğu və müşahidəçi statusuna qədər yüksəlmək istədiyi ŞƏT də daxil olmaqla, çoxtərəfli meydançalarda koordinasiyamızın və qarşılıqlı fəaliyyətimizin daha da möhkəmləndirilməsinin konkret yollarını müzakirə etdik. Biz bu müraciəti dəstəkləyəcəyik", - deyə Lavrov həmkarı Ceyhun Bayramovla danışıqların yekunları üzrə bildirib. Onun sözlərinə görə, nazirlər Xəzər trekində əməkdaşlığın dinamik inkişafını məmnunluqla qeyd ediblər. "V Xəzər sammitinin qərarlarının icrası məqsədilə hazırda həyata keçirilən bütün tədbirlərdə azərbaycanlı tərəfdaşlarımızın konstruktiv iştirakını qiymətləndiririk. Gələn il Rusiya Federasiyasında keçirilməli olan Xəzər dövlətlərinin II İqtisadi Forumuna hazırlıq məsələsini müzakirə etdik", - deyə o əlavə edib.
Lavrov Bayramovla ilk danışıqlardan çox məmnun olduğunu da bildirib. "Ümid edirəm ki, biz bu ünsiyyəti davam etdirəcəyik və o, müntəzəm olacaq", - deyə Rusiya XİN başçısı əlavə edib.
Azərbaycan 2018-ci ildə ŞƏT-də müşahidəçi statusu almaq üçün müraciət edib.
Hazırladı: Tahir TAĞIYEV