Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri görüşdə vurğulayıb ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişafını müəyyənləşdirir.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil, bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycanla MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi, Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır. Səmimi qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən Rusiyanın müdafiə naziri Ermənistanla sərhəddə baş vermiş son döyüş toqquşmaları zamanı şəhid olmuş Azərbaycan hərbi qulluqçularının ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Ordu generalı S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bugünədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.
Tərəflər, həmçinin, beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Göründüyü kimi, Şoyqu Tovuz hadisələri zamanı Rusiyadan Ermənistana silah deyil, başqa təyinatlı məhsulların daşındığını bildirib. Ancaq Azərbaycan tərəfinin əlində Rusiyadan Ermənistana yayındırıcı marşrut üzrə hərbi silah-sursat daşındığına dair məlumatlar olub. Bu məlumatların mötəbərliyi, hətta Prezident İlham Əliyevin telefon danışığı zamanı həmkarı Putinə bildirdiyi iradda belə öz əksini tapıb. Şoyqunun bu açıqlamasını nə dərəcə inandırıcı saymaq olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şoyqu öz bəyanatı ilə Azərbaycan tərəfinin narahatlığının əsaslı olduğunu təsdiqləmiş oldu:“Aydındır ki, tərəflər arasında bu məsələ ətrafında ciddi müzakirələr aparılıb. Faktiki olaraq, Şoyqu həmin istiqamətdə Rusiyanın hansısa yükü həyata keçirildiyini təsdiqləmiş olub. Yükün təyinatının hərbi olduğunu da ünvanı bildirməklə təsdiqləyib. Rusiyadan ötürülən bu yükün həm də reallaşdığı vaxt ciddi şübhələrin yaranmasına əsas vermiş oldu. Bu silah-sursat Ermənistana o vaxt gəlib çatıb ki, həmin vaxt Tovuz istiqamətində erməni ordusu təxribat törətməyə cəhd edirdi. Belə bir ərəfədə Ermənistan ərazisinə bunca silah-sursatın daxil olması, əlbəttə ki, Azərbaycanı haqlı olaraq narahat edirdi. Şoyqunun bu məsələ ilə bağlı hətta yayındırcı cavab verməsi belə, bizim uğrumuzdur. Bu onu deməyə əsas verir ki, Azərbaycanın sərt üzünü göstərməsi Rusiyanı ciddi narahat edib. Təsadüfi deyil ki, Rusiya kimi nəhəng ölkənin müdafiə naziri ciddi-cəhdlə özünü sudan quru çıxarmağa çalışır. Buna, hətta səhvini anlayıb, peşmançılıq keçirmək də demək olar. Şoyqunun Azərbaycana yönəlik fikirlərindən bu nəticəyə gəlmək olar ki, Rusiya bundan sonra ölkəmizlə bir qədər ehtiyatlı davranmaq fikirindədir. Şoyqunun açıqlaması həm də ona hesablanıb ki, Rusiyanın itirilən etibarını kompensasiya etsin. Çünki bu hadisədən sonra Rusiyanın həmsədr kimi vasitəçiliyində olan obyektivliyinə inam tamamilə itib. İstənilən halda, Şoyqunun açıqlamasını Azərbaycanın uğuru saymaq olar”.
Ümidvarıq ki, Rusiya dövləti öz gələcək siyasətində Şoyqunun elan etdiyi prinsipləri, ölkəmizlə səmimi münasibətləri qoruyub saxlamaqda maraqlı olacaq.
Məhəmmədəli QƏRİBLİ